Abşeronun başçısı məmur qohumu ilə 600 minlik işə girişib
6-09-2024, 00:06
Abşeron İcra Hakimiyyəti başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyi sözügedən şəhərdə mənzil fondunun təmiri işlərinin satın alınması üzrə tender keçirib. Tribunainfo.az xəbər verir ki, 627.583 manatlıq satınalma müqaviləsi adı bir çox qalmaqallarda hallanan “PROQRESS İNŞAAT EN” MMC ilə bağlanılıb.
Qeyd edək ki, bu şirkət 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu, ev 24/6 ünvanında yerləşir. Qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğludur.
Lakin internet resursları üzərindən aparılan araşdırma zamanı məlum olub ki, şirkətin yaradıcısı Şirinov Eldar Bəhlul oğludur. Bu şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir.
Qeyd edək ki, Eldar Şirinov təkcə “Proqress-EN” MMC-nin rəhbəri deyil. O, qaynatası sayəsində “ENS İnşaat” MMC və “ENS İnşaat-E”MMC-nin də direktorudur. Açıq mənbələrdən məlum olur ki, həmin şirkətlər tez-tez Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi olublar.
Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun təsisçisi olduğu “ENS İnşaat-E” MMC onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: “N Qardaşları” MMC (24.09.2004) və Müstəqil “Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. “Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.
Tribunainfo.az bildirir ki, Rəfail Mehralıyev öz yeznəsinin “ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. “Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqaviləyə da sahiblənib.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Xatırladaq ki, “Proqres İnşaat EN” avqustun 31-də daha bir tenderin qalibi olub. Belə ki, şirkət Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün, eyni zamanda yaşayış binalarının fasad və girişlərinin əsaslı təmirini reallaşdıracaq. Tribunainfo.az xəbər verir ki, İcra Hakimiyyəti küçə, prospekt və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün təmirinə görə şirkətə 1 149 564,97 manat, yaşayış binalarının fasad və girişlərinin əsaslı təmirinə görə isə 718 547,03 manat ödəyəcək.