“DEDİ Kİ, 8 MİN MANAT VER, HƏLL EDİM…” - Səməd Seyidovun qohumu dələduzluqda ittiham olunur
6-09-2024, 11:14
Bakı şəhər sakini Tərlan Məmmədov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tanışı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək, 8 min manat pulunu mənimsəyib
“Hörmətli redaksiya!
Yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Deməli, MİQ imtahanları başlayan vaxt, qohumluğumda olan şəxs məndən Təhsil Nazirliyində tanışımın olub-olmadığını soruşdu. Qohumum istəyirdi ki, istədiyi yerə düşsün, bu səbəbdən də nazirlikdə ona kömək edəcək şəxs axtarırdı. Bu vaxt mən adını İlqar bildiyim tanışımla əlaqə saxladım. O, mənə özünü Səməd Seyidovun qaynı kimi təqdim edərək, bildirdi ki, narahat olma, həll olunası məsələdir. Bu işin icrası üçün bizdən 8 min manat tələb etdi. Biz də həmin məbləği ona verib, problemin həll olunmasını gözlədik.
Lakin cavablar çıxdı, qohumum imtahandan keçərək, başqa bir yerə düşdü. Qohumum bu işin baş tutmadığı üçün verdiyi pulu tələb etdi. Mən də İlqar adlı şəxsə zəng vurub pulu geri istədim. “Mənə bildirdi ki, mən Səməd Seyidovun (Xarici Dillər Universitetinin keçmiş rektoru – müəl.) qohumuyam, get əlindən gələni et”. Həmin vaxtdan etibarən biz ondan pulu ala bilmirik”.
Məsələ ilə bağlı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənglərimiz cavabsız qaldı, daha sonra isə telefonuna zəng çatmadı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.