NİZAMİDƏ SEÇKİ MƏZHƏKƏSİ - 24 saylı dairədə baş verən saxtakarlıqlar…
10-09-2024, 00:03
Sentyabr 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bir gün sonra - sentyabrın 2-də ilkin nəticələr açıqlandı. Bu siyahıdan məlum oldu ki, Milli Məclisin tərkibində ciddi dəyişikliklər həyata keçirilməyib. Necə deyərlər, 30 ildir təyinatla parlamentdə yer zəbt edənlər, ənənəvi qaydada yenə mandat sahibi oldular.
Məlumat üçün bildirək ki, 1 sentyabr seçkilərini bu dəfə də çox sayda xarici müşahidəçilər, o cümlədən ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edirdi. Onların seçki ilə bağlı ilkin təəssüratı da bizimkindən fərqlənmədi.
Etiraf edək ki, ilk baxışdan biz də seçkilərin nisbətən şəffaf, demokratik keçəyinə inanırdıq. Hətta bu sətirlərin müəllifi vəkili olduğu namizədin keçirdiyi görüşlər zamanı da sadə insanları buna inandırmağa çalışırdı. Düzdür, vətəndaşların çoxu görüşlər zamanı bildirirdi ki, “xanım, seçilən artıq seçilib, sizin dəstək olduğunuz namizəd boşuna əziyyət çəkir”. Təbii ki, biz bu fikri insanların düşüncəsindən silməyə çalışırdıq. Onlara ümid verir, “xeyr, bu il tamamilə fərqli olacaq”, - deyirdik. Amma sonda yenə seçicilər haqlı çıxdı. Aydın oldu ki, biz təşviqat kampaniyası dönəmində özümüzü də, vətəndaşları da aldatmış, yaxud aldatmağa cəhd etmişik.
Söhbət ondan gedir ki, seçicilər indiyədək təyinatla parlamentdə əyləşən deputatların onları təmsil etmədiyini, yalnız öz ətrafı üçün çalışdığını yaxşı bilirlər. Odur ki, yeni deputatın da əvvəlkilərdən fərqli olmayacağını düşünür, bu səbəbdən də səsvermədə iştirak etməyi əlavə vaxt itkisi hesab edirdilər.
Seçicilərdən bəziləri əlacsız qalıb keçmiş deputatın qəbuluna getdiklərini, lakin kor-peşman şəkildə geri qaytarıldıqlarını da vurğuladılar. Hansı ki, bütün bunlarla bağlı əlimizdə video materiallar da var. Hətta görüşdə iştirak edən şəhid anası da eyni aibətlə üzləşdiyini təsdiqləmişdi.
Keçək əsas məsələyə, seçki günü məntəqələrdə baş verən biabırçılıqlara. İlk olaraq 24 saylı Nizami birinci seçki dairəsinin 12-ci seçki məntəqəsindəki saxtakarlığı diqqətinizə çatdırmaq istəyirəm. Saat 18:45 radələrində xanım nümayəmdəmiz vəkil olaraq şəxsən mənə zəng vurub bildirdi ki, sədrin əyləşdiyi masanın qabağı kəsilib, imza verənləri və komissiya üzvlərinin masaya yığdıqları sənədləri görə bilmir. Mən sözgüdən məntəqəyə yollandım. Həqiqətən də müşahidəçilərin seçki prosesini izləməsinə imkan verilmirdi. Komissiya üzləri isə öz işlərində, yəni qutuya saxta bülletenlər doldurmaqda idilər. Seçkinin bitməsinə 15 dəqiqə qalmış saxtakarlıq işləri daha da gücləndi. Yenə də müşahidəçilərin masaya yaxınlaşmasına imkan verilmədi. Üstəlik, iri görkəmli iki xanım arxasını müşahidəçilərə çevirib, sədrlə yanaşı, əllərində olan sənədləri ora-bura paylaşdırırdılar. Məntəqə sədrinə irad bildirib, digər müşahidəçilər kimi biz də 1-2 addım qabağa keçdik. Lakin bizim masaya yaxınlaşmamıza imkan verilmədi.
Əvvəlki yazımda da qeyd etmişdim ki, “seçki şəffaf keçiriləcək” deyilsə də, bu dəfə ən bərbad seçki prosesini müşahidə etdik. Məntəqə sədrləri seçiləcək olan namizədlərin hazır bulletenlərini dizlərində və sinələrinə sıxıb saxlayırdılar. Telefonları əllərindən düşmürdü, sayımı gecikdirirdilər. Sanki telefonun arxasında duran “böyük qüvvə” onlara hansı namizədə neçə səs yazılması haqda göstəriş verirdi. Bir sözlə, açıq-aşkar saxtakarlıq, təyin olunmuşu seçib xalqa göstərmək uğrunda “müharibə” gedirdi.
Əlbəttə, seçkilrin saxtalaşdırılmasında iştirak edən DSK rəjbərliyi, məntəqə sədrləri və komissiya üzləri mütləq şəkildə cəzalandırılmalıdır. Artıq bir çox saytlarda və Youtube kanallarında insanların ifşa olunduğu materialla işıqlandırılıb. Lakin çox təəssüf ki, aşağıdan yuxarı hər kəs saxtakar olduğu üçün kimsə cəza almır.
Seçki gün 12 -ci məntəqənin sədri Nağı Lalə Azad qızına və digər komissiya üzlərinə müşahidəçi və vəkillər tərəfindən etiraz edildikdə isə bir söz deyirdilər: “Az danışın, sakit oturub baxın, bizə nə tapşırıq verilib onu da edirik, elə etməyin polis çağırıb akt tərtib edək”. Özləri də bilmədən “yuxarıları” ələ verirdilər. Kim tapşırıq verib?..
Səslər sayıldıqdan sonra elan olunan rəqəmləri öz kitabcamıza qeyd etmişdik. Lakin sədrə gələn vacib zəngdən sonra rəqəmlər dəyişdi. Görünür, çoxsaylı karusel əməliyyatlarına baxmayaraq saxtakarlar öz öhdəliklərini yerinə yetirə bilməmişdilər. Bu səbəbdən də seçki gününün sonunda səslər sayılıb rəqəmlər elan olunsa da, müşahidəçilərimizə verilən protokollarda növbəti saxtakarlıq əks olunurdu. Belə ki, səslərin real sayı ən azı 4-5 dəfə şişirdilmişdi.
Bəli, budur Azərbaycan reallığı! Budur Azərbaycan hakimiyyətinin xalqa münasibəti!
Bundan sonra hansı demokratiyadan danışmaq olar?!
Hurriyyet.az