Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?
17-09-2024, 17:46
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İcra Nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Göygöl Tikinti" MMC seçilib.
Məlum olur ki, Göygöl şəhərində yolların əsaslı təmirinə 849 958,84 xərclənəcək.
Göygöl Şəhər İcra Nümayəndəliyi ötən il yolların əsaslı təmiri ilə bağlı iki tender keçirib. Tenderlərdən birinin qalibi "Star Təmir Conscruction" MMC, digərinin qalibi isə "Ərdagı" MMC seçilib. Birinci tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 829 075,32 manat, ikinci tender üzrə isə 861 571,27 manat olub.
2024-cü ildə yolların əsaslı təmirinə hansı səbəbdən zərurətin yarandığı bəlli deyil.
Yeri gəlmişkən, ötən il keçirilən tenderlərin qalibi seçilən hər iki şirkət mediada "tender kralı" kimi təqdim edilir. Bu ilki tenderin qalibinə gəlincə, "Göygöl Tikinti" MMC 10 manatlıq nizamnamə kapitalı ilə təsis edilib. Şirkətin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Bununla belə, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilən məlumatlardan aydın olur ki, "Göygöl Tikinti" MMC tenderlərdə fəal iştirak edir və əsasən iri məbləğli müsabiqələrin qalibi seçilir.