Köçkünlərə növbəti zərbə: Tikinti şirkətləri Prezidentə yalan danışır?
21-09-2024, 12:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə yuksək həssaslıqla yanaşıb. Azərbaycanın hər köşəsində tikilən Avropa standartlarına uyğun müvəqqəti məskunlaşma binaları və evləri dediklərimizə misaldır. 44 günlük müharibədən əvvəl bu qayğını hiss etməyən köçkün qalmamışdı. Amma çox şükür ki, artıq ölkəmizdə məcburi köçkün termini tarixə qovuşub . Azərbaycan ordususu rəşadəti və canı bahasına Qarabağı düşməndən azad etdikdən sonra köçkünlər doğma yurd yuvalarına dönəcəyi günü iplə çəkməyə başladı və nəhayət ilk köçlər başladı.
Amma Prezidentin bu həssas və qayğıkeş əməlindən istifadə edib yurduna geri dönən keçmiş köçkünlərin bir çoxu yurdunda başqa mənzərə görəndə ümidləri cilikləndi.
Bir necə gün əvvəl əslən Cəbrayıl rayonundan olan, şəhid oğlu, həmkarım Zaur Əhmədin bir paylaşımı diqqətimi cəlb etdi.
Həmkarım yazır:”Şəhid qanıyla müqəddəsləşən Qarabağda harama bulaşanlar…
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayan adamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb.
Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər.
Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.
Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…”
Zaur müəllimin bu statusundan sonra Mahruzlu kəndindəki evlərin inşasını həyata keçirən "Amal Group"dan Axar.az-a verdiyi açıqlamada tikintinin qanunvericiliyin tələbinə uyğun aparıldığı deyib: “Tikinti-quraşdırma işləri qanunvericiliyin tələblərinə uyğun, təsdiq edilmiş layihə sənədləri əsasında, ciddi dövlət nəzarəti tədbirlərinin müşayiəti ilə həyata keçirilir”
Hələlik indiyə qədər “Amal” Groupa “sel gələndə bu evlərin və burada yaşayacaq vətəndaşın halı necə olacaq deyə soruşan olmayıb. Məndən olsa həmin Amal Groupun başbilənlərini və bu layihəni onlara təsdiq edib verənləri ailəsi ilə birgə həmin evdə məcburi yaşamasını təmin etmək lazımdır. Mahruzlu evlərinin yerdən hündürlüyü ilə bizim pəyənin hündürlüyü eyni idi. Milyardlarla pul köçürülən Qarabağın BUM-unu bu günə qoymaqdansa o pulu ev sahiblərinə verəydiniz xalq öz bildiyi evini tikəydi. Bilirəm, oradan sizin qazancınız olmayacaqdı və sizə sərf etməz!
Medianews.az saytının bu ilin iyun ayındakı sayında “Laçında talanan DÖVLƏT BÜDCƏSİ: Keyfiyyətsiz təmir olunan evlər sakinlərin BAŞLARINA UÇUR” məqaləsində oxuyuruq:”Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may 2023-cü il tarixdə keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da qeyd olunub ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.
Lakin Laçına köçün birinci mərhələsindən sonra evlərin bəzisində problemlər ortaya çıxıb. Bu barədə sakinlər özləri videolar çəkərək sosial media vasitəsilə ictimailəşdiriblər. Düzgün planlamanın, layihələndirmənin olmaması, qapı və pəncərələrin tez bir vaxtda sıradan çıxması, yağan yağışın mənzilin içərisinə dolması, həmçinin digər çatışmazlıqlar işlərin heç də Prezidentə məruzə edildiyi kimi yüksək keyfiyyətdə görülmədiyini üzə çıxarıb. Gəlin bir anlıq təsəvvür edək ki, bütün bu çatışmazlıqlara görə birbaşa məsuliyyət “Laçın Abadlıq Xidməti” ASC-nindir. Elədirsə, bəs keyfiyyətsiz görülən işi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nə üçün təhvil-təslim alıb? Hansı maraq müqabilində onlar bu çatışmazlıqlara, faktiki olaraq dövlət büdcəsindən ayrılan pulların talanmasına göz yumub, Azərbaycan Prezidentinə yalan məlumat verib, nəticə etibarilə Böyük Qayıdış Proqramına xələl gətiriblər?”
Əslində köçkünlərə münasibət indi belə deyil. Hələ 2016-cı ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilən evlərlə bağlı narazılıq vardı. Təəssüf ki, layihədə məcburi köçkün ailələri üçün nəzərdə tutulan hamamlar tikilməmişdi. Ən pisi də o idi ki, hamam tikmək istəyənlərə layihədənkənar tikintini də aparmağa icazə vermirdilər .
Əntiqə Rəşid