Məhkəmə qərarı olmadan heç kəsin pensiyası kəsilə bilməz 51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur

Bu gün, 12:20           
Məhkəmə qərarı olmadan heç kəsin pensiyası kəsilə bilməz
Bu günlərdə bir sıra media qurumlarında 51 il iş stajı olan müəllimin
pensiyasının azaldılmasından informasiya yayılıb. Bu informasiyaya
ƏƏSMN-in cavabı bir daha ölkədə qanunun , Konstitusiyanın yox, məmur
özbaşınalığının ən yüksək qüvvədə olmasını ortaya qoyur. Fikir verin,
vətəndaşın pensiyasının “şəffaflıq monitorinqi ilə” (?) azaldıldığı bildirilir.
Bəyəm sosial müdafiə, pensiya təminatı məmurlarının “monitorinq” qərarı
qanundan üstündür? Əlbəttə, ritorik sualdır, Azərbaycanda ən yüksək
hüquqi qüvvəyə malik olan qanun Konstitusiyadır və Konstitusiyanın 149-
cu maddəsinə görə, qanunların tətbiqi və icrası vətəndaşlar,
qanunvericilik , icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir. Bəs pensiya təminatı sahəsində
münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” qanun nə deyir?
“Əmək pensiyaları haqqında” 07.02.2006-cı il tarixli , 54-IIIQ saylı
Qanunun 39.1 maddəsini “monitorinq” məmurlarının diqqətinə çatdırırıq:
“... Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin
məbləği ƏMƏK PENSİYAÇISININ RAZILIĞI İLƏ əmək pensiyasını
təyin edən orqanın QƏRARI əsasında, RAZILIĞI OLMADIQDA
MƏHKƏMƏ QAYDASINDA tutulur”. Bəs niyə 51 il stajı olan müəllimin
RAZILIĞI OLMADIĞI HALDA, pensiyası MƏHKƏMƏ QƏRARI OLMADAN
azaldılıb? Bəyəm monitorinq qərarı məhkəmə qərarından
üstündür? Vurğuladığımız kimi , yox! Bəs qanunun (düzgün) tətbiqinə,
icrasına kim nəzarət edir? Ana Qanunun 133-cü maddəsinə görə, nəzarət
funksiyası prokurorluq orqanlarının “monopoliyasındadır”. Bəs niyə
prokurorluq Konstitusiya ilə üzərinə qoyulan funksiyanı , görəvi icra etmir?
Niyə ƏƏSMN-i “Əmək pensiyaları haqqında” qanunu düzgün tətbiq etməyə
məcbur etmir?
Suallar çox, cavablar qanunsuz. Ya deyəcəklər mülki mübahisədir,
məhkəməyə müraciət edilməlidir, ya da prokurorluğa aid deyil(?). Hər iki
cavabın qanunsuzluğunu Konstitusiya doğrulayır. Birincisi, məhkəməyə
pensiyaçı yox, pensiyanı özbaşına kəsən qurum müraciət etməlidir;
ikincisi, prokurorluq mülki, inzibati, cinayət xarakterli olmasından asılı
olmayaraq qanunun icrasını və tətbiqini təmin etməlidir.
Hesablama Palatasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti
Xidmətinin, Ombudsmanın, məhkəmənin və s. və i.a ...da özbaşınalıqda
özəl payı az deyil. Hamı pensiyaçıların pensiyasından “qızıl” payını
götürüb, susur. Susmaqsa qızıldır. Konstitusiyada yazılmasa da, “korrupsiya
qaydası”nda qüvvədədir.
Məğrur Bədəlsoy
TEREFD












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.