Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır – İsayevlə yeganə müavini panikada…
24-09-2024, 15:38
Ölkənin yerli icraedici orqanlarında aparılan antikorrupsiya həbslərinin Bərdə şəhərinə də çatacağı haqda xəbərlər yayılıb.
Reportyor.info-nun məlumatına görə, ötən həftə Ağsu rayon İcra Hakimiyyətində korrupsiya faktı üzrə saxlanılan vəzifəli şəxslərin aqibəti Bərdə RİH-dəki məmurların canına vəlvələ salıb. Xüsusən də icra başçısı Vidadi İsayevlə müavini, daha doğrusu, onunla bütün çirkin maliyyə işlərini faizlə işləyən adamı İlham Məmmədovun “kürkünə birə salıb”. Çünki Bərdə İH hazırda iki nəfərin istilası altındadır. Biri Bərdə hakimi Vidadi İsayevdirsə, digəri dediyimiz kimi, onun olan-qalan müavini İlham Məmmədovdur. İH rəhbəri vaxtilə onunla işləyən, əslində, onlarla müqayisədə Bərdə camaatına ürək qızdıran digər müavinləri yola salıb, indi ikiadamlıq idarəetmə bazarı yaradıb. Ona görə də ətraflarına kimsəni yaxın buraxmayan Vidadi İsayev – İlham Məmmədov tandemi Bərdəni dükana çeviriblər. Bu ticarətdə isə İlham Məmmədovun öz gəlir faizi var, yerdə qalanı təbii ki, özünü padşah görən Vidadi İsayevə çatır. Eyni zamanda, İlham Məmmədov Vidadi İsayevin təkcə rüşvət, “qara dəftər” işlərinin başında getmir, həmçinin, bu illər ərzində başçının tapşırığı əsasında seçki saxtakarlıqlarında xüsusi imzası var. Vidadi İsayevin Bərdə rəhbəri olduğu dövrdə məhz İlham Məmmədov seçkilərin saxtalaşdırılmasını təşkil edib, icra nümayəndələri, seçki məntəqələrinin sədrləri, komissiya üzvləri başçı müavininə biət ediblər. İddialara görə, seçkilərdə onbaşılar, yüzbaşılar İlham Məmmədovun rəhbərliyi altında təşkil olunub. Yəni həm büdcə vəsaitlərinin mənimsənilməsində öz payı var, həm korrupsiya və rüşvət haqq-hesablarında canfəşanlıqla iştirak edib, həm seçki saxtakarlıqlarında müstəsna rolu olub. O baxımdan Ağsudan sonra Bərdədə antikorrupsiya əməliyyatı həyata keçirilərsə, Vidadi İsayev və “sağ əli” İlham Məmmədov məsuliyyətə cəlb oluna bilər.
Artıq bu yoxlamaların və həbslərin Bərdə İH-də təkrarlanacağı barədə sosial mediada iddialar səslənməkdədir. Məlumata görə, icra başçısı Vidadi İsayevin səkiləri, piyada yollarını satışa çıxarması, qanunsuz tikintilərə rüşvət müqabilində şərait yaratması ilə bağlı istintaq materialları, dəlil-sübutdan ibarət dosye hazırlanır. Bu qanunsuzluqlar üzrə toplanan sübutlar və materiallar əsasında Bərdə rayon İcra Hakimiyyətində antikorrupsiya həbsləri olacağı xəbər verilir. Eyni zamanda, yol verilən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı icra başçısı Vidadi İsayevin hazırda vəzifədə olan yeganə müavini İlham Məmmədovun da əməllərinin təftişi gözlənilir. V. İsayevin nə birinci müavini, nə ictimai – Siyasi sektor üzrə müavini postundadır. Onların Bərdədədəki özbaşınalıqlara etirazına görə işindən kənarlaşdırılmasından sonra yalnız sosial-iqtisadi şöbənin müdiri İlham Məmmədov qalıb. Məlumata görə, başçı müavini Vidadi İsayevlə məhz faiz əsasında işləyir və onlar şəhərdə qanunsuz tikintilərə, yaşıllıqların, səkilərin zəbt olunub yerində obyekt inşa olunması cinayətlərinə birgə yol verirlər. Yəni başçı və müavini bölgəni ələ keçirib, onlara Bərdədə mane olacaq qüvvə də hələ ki yoxdur. Ümumən, Vidadi İsayev Bərdə rayonunda abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. Onun 2011-ci ildən indiyədək Bərdəyə rəhbərlik etdiyi dövrdə satmadığı yer qalmayıb. Yerli mənbələr də qeyd edirlər ki, Ağsu rayonundan sonra növbə Bərdənin olmalıdır. Hətta bu əməliyyatın gecikdiyini vurğulayan müşahidəçilərin fikrincə, şəhər əldən gedir, İsayevlə Məmmədovu isə durduran yoxdur. Ona görə təxirəsalınmaz addımlar atılmasına zərurət var.
Ümumiyyətlə, Vidadi İsayevin Bərdədə apardığı talançılıq siyasətində onun sosial-iqtisadi məsələlər üzrə müavini olan İlham Məmmədov hər gün aktiv iştirak edir. İndinin özündə də hər gün otağına bir kitabça ilə daxil olduğu, gündəlik hesablama apardıqları, haradan nə qədər gəlir götürdükləri saf-çürük olunur. Rayonun sosial-iqtisadi sahəsinin inkişafı məqsədilə dövlətin ayırdığı milyonlarla vəsait də bu iki şəxs tərəfindən müxtəlif adlar altında mənimsənilib. Buna misal olaraq kənd təsərrüfatına ayrılan güzəştli kreditləri, subsidiyaları qeyd etmək olar. Əgər belə olmasaydı, İlham Məmmədov 150 minlik maşınları necə ala bilərdi? İlham Məmmədovun Vidadi İsayevə arxalanaraq son 5-6 ildə aqrar sektorun inkişafı üçün Bərdədə tikilən bütün heyvandarlıq komplekslərindən “pay” götürüb. Sahibkarlara verilən kreditlərdən icra hakimiyyəti “şapka” tutub.
Bundan başqa, İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat və Kənan Məmmədovla, onların avtomobil kolleksiyası həmişə gündəm olub.
Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobillər Məmmədovlara aiddir, amma hansı pulla? Hər halda, dövlət maaşına mümkün deyil…
Beləliklə, korrupsiya, seçki saxtakarlığı kimi dövlətə zərər vuran cinayətlərə bulaşmaqla bağlı ittihamlarla üzləşən Vidadi İsayev və İlham Məmmədov üçün sonun başlanğıcı görünməkdədir…