Naxçıvan Təhsil Nazirliyində Vasif Talıbov ənənələri: Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı

Bu gün, 08:54           
Naxçıvan Təhsil Nazirliyində Vasif Talıbov ənənələri: Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Ötən dərs ilinin sonlarında Naxçıvanda bir sıra müəllimlərin etiraz aksiyası keçirilmişdi. Onlar bölünən dərslərin birləşdirilməsi nəticəsində azalan dərs saatlarına etiraz edirdilər. Etirazçılar içərisində ən çox seçilən biri vardı – 1 saylı məktəbin bədən tərbiyəsi müəllimi Səriyyə Qənbərova. Yalnız özünün deyil, bütün etirazçı müəllimlərin dərdini açıq şəkildə dilə gətirən Səriyyə müəllimə cəsurluğu ilə diqqəti cəlb edirdi.

Gözləmək olardı ki, “canişin” rejimi müəllimlərin bu haqlı iradını nəzərə alıb onların kəsilmiş dərs saatlarını bərpa edəcək. Yeni dərs ili ərəfəsində isə məlum oldu ki, Naxçıvan MR Təhsil Nazirliyi “Nuh deyib, peyğəmbər demək” istəmir. Nazirlik öz qanunsuz qərarlarına etiraz səsini nəinki dinləmədi, səsini çıxaranları cəzalandırmaqdan belə çəkinmədi. İlk qurbanı isə haqqı tapdalanan müəllimlərin etiraz səsinə çevrilən Səriyyə müəllimə oldu. Səriyyə müəllimənin 30 saatlıq dərsi kəsilib 6 saata endirildi.

6 dərs saatlıq dərslə razılaşmayan Səriyyə müəllimə hüquqları bərpa olunmayanadək məktəbə getməməyə qərar verib.

Dünən isə Naxçıvan Təhsil Nazirliyi məlumat yayaraq, müəlliməyə guya, 26 saat dərs verildiyini, müəllimənin isə əmək intizamını pozaraq işə çıxmadığını, dərs ili başlayandan üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etmədiyini bildirib:

“Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar nazirlik tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. S.Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmamış, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib”, - Naxçıvan MR Təhsil Nazirliyinin “Report”a açıqlamasında deyilir.

Məsələ ilə əlaqədar Səriyyə müəllimə ilə əlaqə saxladıq. Səriyyə müəllimənin dediyinə görə, ona 26 saat iş verilməsi barədə məlumat dünən ünvanına göndərildiyi məktub vasitəsi ilə çatdırılıb. Elə həmin məktubdaca onun işdən çıxarıldığı elan olunub. Yəni, Səriyyə müəlliməyə işdən çıxarıldıqdan sonra tələm-tələsik 26 saatlıq iş yazılıb və ardınca da bu barədə ona məktub göndərilib.

Səriyyə müəllimənin bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, ona 26 saatlıq dərs verilməsi barədə məlumat həqiqət də 3 oktyabr tarixində göndərilib. Məktubda həm də müəllimənin işdən çıxarıldığı vurğulanır. Ertəsi gün isə ona teleqram vuraraq, məktəbə gəlib əmək kitabçasını götürməsi məsləhət görülüb.

Bizə təqdim olunan digər sənəd isə Səriyyə müəllimənin 16 sentyabr 2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyinə yazdığı ərizədir. Ərizədə 6 saatlıq işlə özünü və ailəsini dolandıra bilməyəcəyini vurğulayan müəllimə işdən azad olunmasını xahiş edib. Nazirlik isə, belə görünür ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə uyğun olaraq işdən çıxarmaq üçün 1 ay gözləyib. Sonrası isə artıq sizə məlumdur.

Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci Maddəsinin Ç bəndi vaxtilə Vasif Talıbovun da ən çox sevdiyi maddə idi. Həmin maddə ilə işdən çıxarılan məmurlar bir daha dövlət orqanlarında işləyə bilməzdilər. Vasif Talıbov da bunu əsas götürüb bütün asiləri həmin maddə ilə işdən çıxartdırır və onları ömürlərinin axırına qədər aclıqla sınağa çəkirdi. Görünür, Naxçıvanın “canişin” rejimi də Vasif Talıbovun əzazilliyini əxz etməyi özünün ən böyük məziyyəti sayır.
Ovqat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.