“Ya pulumun qaytarılmasına göstəriş verin, ya da Siz ödəyin” – NAXÇIVAN SAKİNİNDƏN ƏDLİYYƏ NAZİRİNƏ MÜRACİƏT
10-10-2024, 09:28
Yataq xəstəsi olan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu Ədliyyə naziri Fərid Əhmədovdan öz alacağını istəyir; “İcraçı mənim işimi icra etmir, xahiş edirəm pulumu Siz qaytarın”
Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:
“Cənab nazir!
Bildirim ki, Naxçıvanda Kərimli Murad adlı bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu mənimsəmişdir.
Mən, Şahbazov Akif Cümşüd oğlu, artıq gözləməkdən bezmişəm. “Ümid sonda ölər”, - deyib Sizə yenə müraciət edirəm. Xahiş edirəm ki, icraçının bəzi səbəblərə görə qarşı tərəfdən ala bilmədiyi 432 manat pulumun mənə ödənilməsinə göstəriş verəsiniz.
Əvvəla olaraq deyim ki, ərizə ilə məhkəməyə müraciət etdim. Qarşı tərəf Bərdə Məhkəməsində boynuna aldı ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib, məni aldadaraq 802 manat pulumu mənimsəmişdir.
Diqqətinizə çatdırım ki, hazırda Kərimli Murad mənə xəbər göndərir ki, “mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də”.
İcraçı isə bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır”.
Hörmətli redaksiya!
İlk dəfə sizin saytda şikayət gedəndən sonra icraçı Sadiqlə danışdım. O, mənə təklif etdi ki, barışın, bu məsələ həll olunsun. Sual verdim ki, bəs pulum nə vaxt ödəniləcək? Cavab verdi ki, tezliklə ödəyəcək. İcraçı o qədər səmimi danışdı ki, onun sözlərinə inanmışdım. Mənə dedi ki, biz kişiyik, barışıq ərizəsi yaz, göndər məsələni həll edək.
Öz başıma qərar vermədim. Zəng vurub “Hürriyyət”in Baş redaktoru Vüqar Tofiqoğlu ilə məsləhətləşdim. O da dedi ki, əgər icraçı “biz kişiyik” deyirsə, barışıq ərizəsini yaz göndər, qoy pulu alıb sənə versin. Onun dediyi kimi etdim. Elə həmin gündən də icraçı zəngləri qəbul etmədi. Yəni mənim kimi yataq xəstəsini bu dəfə də dövlət məmuru aldatdı.
Yenidən məhkəməyə müraciət etdim. Bu dəfə iş Məhəmmədəli adlı icraçıya tapşırıldı. Məhəmmədəli ilə də dəfələrlə danışmışam, mənə deyir ki, səbr et, gözlə. Nə qədər səbr edim, əslində, 432 manat böyük pul deyil, amma mənim o pula yaşamaq üçün ehtiyacım var. Təəssüf ki, bunu başa düşən yoxdur. Məhəmmədəli əvvəl 10 gün gözlə dedi, indi də deyir ki, 20 gün gözlə. İllərdir gözləyirəm, amma məhkəmənin qərarı icra olunmur.
Cənab nazir!
Bu səbəbdən də Sizdən xahiş edirəm ki, ya mənim pulumun tezliklə ödənilməsi haqda göstəriş verin, ya da siz özünüz ödəyin. Çünki illərdir gözləməyimə baxmayaraq, icra məmuru öz işini icra etmir. Özüm dəfələrlə icraçı ilə danışmışam, redaksiya əməkdaşları da danışır, lakin heç bir tədbir görülmür. Məndə olan məlumata görə, hətta bundan əvvəlki icraçı Sadiq qarşı tərəfdən 200 manat pul alıb deyə işi icra etmirmiş.
Xəstə adamın 10 qəpiyə belə ehtiyacı olur. Çünki iynə-dərman olmasa xəstəlik ağırlaşır və ölüm daha da yaxın olur. Bu səbəbdən də mənə aid olan pulu Sizdən istəməyəm məcburam. Ən azı ona görə ki, Sizin başında durduğunuz qurum bu məsələyə soyuqqanlılıqla yanaşır”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.