Valideynlərin BSQ üsyanı: Nazirlik özü qoyduğu qaydaları niyə pozub? - VİDEO

Bu gün, 08:14           
Valideynlərin BSQ üsyanı:
Bəzi valideynlər dərslərin tam bitməməsi və yarımilliyin başa çatmaması səbəbindən orta məktəblərdə Böyük Summativ Qiymətləndirmənin (BSQ) keçirilməsindən narazıdır. Onlar təhsil prosesində qanunvericiliyin tələblərinə riayət olunmadığından şikayətlənirlər.
Bakupost.az xəbər verir ki, bununla bağlı narazılıq edən valideynlərdən biri Nərimanov rayonu 45 saylı orta məktəbin "4c" sinfində şagirdlərin hüquqlarının pozulduğu bildirib.
Onun sözlərinə görə, hələ 1-ci yarımillik başa çatmadan "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" fənləri üzrə BSQ keçirilib. Halbuki, təhsil qanunvericiliyinə əsasən, summativ qiymətləndirmələr tamamlayıcı dərslərdən sonra, yarımilliyin sonuncu həftəsində keçirilməlidir:
“1-ci yarımillik hələ bitməyib. Tətil yanvarın 27-si başladığı üçün bu tarixdə bitmiş olacaq. Mən təhsil qanunlarını oxudum və dəqiqləşdirdim ki, orada BSQ tamamlayıcı dərsdən sonra və həmin yarımilliyin son həftəsində - sonuncu dərs günü olur. Amma Nərimanov rayonu 45 saylı orta məktəbin “4c” sinifində hələ keçən həftədən "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" summativlərini yazıb bitiriblər”.
Valideyn qeyd edib ki, "Azərbaycan dili" fənnindən 14, "Riyaziyyat"dan isə 16 dərs keçirilməli olduğu halda, summativ qiymətləndirmə artıq keçən həftədən aparılıb:
“Mən indi cədvələ baxıram ki, "Azərbaycan dili" fənnindən hələ 14 dərs keçməlidirlər, bu fənn bitməyib, amma keçən həftədən BSQ veriblər. "Riyaziyyat"dan BSQ-dən sonra hələ 16 dərs keçməlidirlər. Yəni 16 dərs keçmədən öncə müəllimin BSQ yazdırması nə dərəcədə doğrudur? Bu dərslərin keçirilmədən summativlərin yazdırılması təhsil qaydalarına nə dərəcədə uyğundur?"
Valideyn "Həyat bilgisi" fənnində də oxşar problemlər olduğunu qeyd edib:
“Bunların qanunsuzluqları bununla bitmir. "Həyat bilgisi"ndən hələ 4 dərs keçilməlidir, amma bunlar artıq həmin fənnin summativini yazıb bitiriblər. Üstəlik, "Həyat bilgisi" dərsi olmayan gün. Həftənin 1-ci günü üçün "Həyat bilgisi" dərsi yoxdur, bunlar gecə saat 11-də qəfil deyirlər ki, sabah filan fənnlərdən summativ olacaq. Mən müəllimə irad tutdum ki, ay müəllim, gecə saat 11-dir, mən hansı uşağı yuxudan oyadıb deyim ki, sabah sənin BSQ-n var, dur təkrarla? Deyir, 1 həftə öncədən bunu məlumatlandırmışdım. Mən də deyirəm, axı uşaq arxayındır ki, son dərs günü gələn həftənin 5-ci günüdür, yəni ən tezi həftənin 3-cü gününə summativ ola bilər. Bunlar hansı qanunla işləyirlər, mən başa düşə bilmirəm?!”
Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, BSQ 1-ci və 2-ci yarımilin sonunda keçirilməlidir:
“Əslində qaydalara görə, BSQ 1-ci yarımilin və 2-ci yarımilin sonunda, sonuncu dərsdən sonra keçirilməlidir. Amma dekabrın sonunda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Agentlik (MÜTDA) və ya təhsil yerli idarəetmə orqanları tərəfindən bütün məktəblərə təlimat göndəriblər ki, qiymətləndirmə yanvarın 16-sından başlayır".
Bakupost.az
Ekspertin sözlərinə görə, bu vəziyyət məktəblərin öz qərarlarının deyil, onlara verilən qanunsuz təlimatın nəticəsidir:
“Burada məsələ məktəblərdə deyil. Məktəblər tabe olduqları orqanların qanunsuz və özlərinin yazdıqları qaydaları pozan təlimat məktubuna əsasən, addım atırlar. Dediyim kimi, bütün məktəblərə yazılı təlimat gəlib ki, yanvarın 16-sından başlayaraq, qiymətləndirməni keçirdin. Məktəblər də həmin təlimata uyğun olaraq, yanvarın 16-sından başlayaraq BSQ keçirirlər”.
Elşən Qafarov əlavə edib ki, BSQ keçirildikdən sonra kiçik summativ qiymətləndirmə (KSQ) keçirilməsi qadağandır:
"Hazırda məktəblər qiymətləri qeyd etmədən BSQ keçirirlər, lakin qiymətlər yalnız yanvarın 26-sında yazılacaq.
Son 10 gündə tədris proqramlarında KSQ var. Orada göstərilib ki, BSQ keçirildikdən sonra KSQ keçirmək olmaz. İndi məktəblər qiymət yazmırlar. Qiyməti ayın 26-sı, sonuncu dərs üçün yazacaqlar.”
Ekspert bu qiymətləndirmə metodunun şagird nailiyyətlərini düzgün şəkildə əks etdirmədiyini və müəllimlərin, məktəbin nüfuzunu zədələdiyini bildirib:
“Biz illərdir təklif edirik ki, bu qiymətləndirmə metodu ləğv edilsin, əvvəlki kimi rəqəmlərlə olan qiymətləndirmə tətbiq edilsin. Ümumiyyətlə, bu qiymətləndirmə müəllimin, məktəbin nüfuzunu aşağı salan və şagird nailiyyətlərini doğru-düzgün ortaya qoymayan bir qiymətləndirmədir”.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığınız sorğuya cavab olaraq bildirildi ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir: "20 yanvar tarixi Ümumxalq hüzn günü, 25-26 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün böyük summativ qiymətləndirmənin 16 yanvar tarixindən başlanması məqsədəuyğundur".
Lalə Novruz, BakuPost












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.