Mc Donalds Azərbaycan Konstitusiyasını kobudcasına pozdu - FOTO
11-10-2016, 09:13
1940-cı ildə əsası qoyulmuş Fast Food şəbəkəsi olan Mc Donalds Azərbaycan dilinə qarşı böyük sayğısızlıq edib. Şirkətin azyaşlılar üçün nəzərdə tutduğu yemək paketində hədiyyə olaraq uşaqlara verilən oyuncaqla bağlı qəbuledilməz nöqsanı aşkarlanıb. Belə ki, oyuncağın istifadə qaydaları haqqında təlimatda Azərbaycan dili "azəricə” kimi təqdim edilib. Azərbaycan Respublikası Konstitusiyasının 21 – ci maddəsinin birinci bəndinə əsasən ölkənin dövlət dili Azərbaycan dilidir. Şirkətin şəbəkəsi vasitəsilə dünyaya yayılan təlimatda dövlət dilimizin "azəricə” deyə təqdim edilməsi Konstitusiyanın pozulması deməkdir. teref.az gundelik baki-ya istinadən yazır ki, Azərbaycan Dilçilik İnstitunun əməkdaşı, Dilçilik Komissiyasının üzvü, elmlər doktoru, professor İsmayıl Məmmədli açıqlamasında bu nöqsanın aradan qaldırılması üçün lazımi addımlar atılacağını bildirib: "Azərbaycan dilinin "azəricə” adı altında təqdim edilməsi heç bir halda doğru deyil. Azəri vaxtilə fars dili olub. Ya Azərbaycanca yazılmalıdır, ya da Azərbaycan dili yazılmalıdır. "Azəricə” yazmaq düz deyil. Həmin şirkət birmənalı olaraq kobud surətdə Konstitusiyanın müddəalarını tapdalayır. Bura özfəaliyyət deyil ki, kim necə istəyir, elə də təqdim etsin? Azərbaycan müstəqil dövlətdir, onun Konstitusiyası var və Konstitusiyada da dilimiz Azərbaycan dili kimi göstərilir. Çox təəssüflər olsun ki, bizim indi bununla bağlı konkret tədbirlər görməyə zamanımız yoxdur, çünki biz Türkoloji Qurultaya hazırlaşırıq, ona görə bu gün bəyanat verməyə və addımlar atmağa zamanımız yoxdur. Amma qısa zaman kəsiyində biz bununla bağlı ciddi hərəkətə keçəcəyik. Biz hələ həmin materialla tanış olmalıyıq, araşdırılmalıdır və dərhal da reaksiya verəcəyik. Əvvəllər Konstitusiyanın bəndlərinin pozulmasına görə cərimələr tətbiq edilirdi, hətta bu gün Baltikyanı ölkələrdə də cərimələr tətbiq edilir, indi isə cərimələr yoxdur. Amma biz cəhd edəcəyik ki, bu hal aradan qaldırılsın”. Məsələ ilə bağlı şirkətlə əlaqə saxlasaq da, şirkətin PR meneceri bizimlə əlaqə saxlayacağına söz verib və daha sonra zənglərə cavab verməyib.