“Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI... SƏRHƏD TANIMIR! - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:52

“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.
E.Hüseynov Pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.
Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də “prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, “mövqe davası”na çıxırlar.
Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur, "Böyük qayıdış" həyata keçirir, insanları evlə, mənzillə, iş yeri ilə təmin edir. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. “Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?
Yəqin ki, baş verənlərdən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək.