Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
Bu gün, 18:28

Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda abadlıq və mənzil fondunun əsaslı təmir işləri üzrə 27.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Keçirilmiş 102201 nömrəli müsabiqənin qalibi “AVTOYOLTIKINTISERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.254.237,76 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.02.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, bu Neftçala rayon İcra Hakimiyyətinin adıçəkilən şirkətlə ilk müqaviləsi deyil. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında buna qədər bir neçə satınalma müqaviləsi bağlanılıb.
Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başlanılmış 99904 nömrəli müsabiqədə də qalib “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və tərəflər arasında 1.254.237,76 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 29.12.2024-cü ildə dərc edilib. Müsabiqədə ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilib.
Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başladığı, ehtimal qiyməti 978.519,00 manat olan, 99904 nömrəli müsabiqənin də qalibi “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və 963.234,32 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 12.12.2024-cü ildə dərc edilib.
Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə də qalib “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və tərəflər arasında 405.395,25 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 14.03.2024-cü ildə dərc edilib. Satınalmaların portalında müsabiqənin başlanma tarixi 29.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü ilə müəyyən edildiyi göstərilir.
Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Neftçala rayon İcra Hakimiyyəti eyni gündə başlamış 99904 nömrəli müsabiqə üzrə “AVTOYOLTIKINTISERVIS” MMC ilə iki satınalma müqaviləsi bağlayıb. Satınalmalar haqında qanuna görə eyni predmet üzrə təşkil olunan satınalma iki yerə bölünə bilməz. Onda sual yaranır. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilmiş tenderi “AVTOYOLTIKINTISERVIS” MMC 1.254.237,76 manata necə uda bilər.
Satınalmaların portalına 12-29 dekabr 2024-cü ildə yerləşdirilmiş məlumatda Neftçala rayon İcra Hakimiyyətinin “AVTOYOLTIKINTISERVIS” MMC ilə ümumi dəyəri 2 217 471 manat məbləğində iki satınalma müqaviləsinin bağlanıldığı göstərilir. 21.02.2025-ci ildə yekunlaşdırılmış tenderi də bunun üzərinə gəlsək, bu son üç ayda Neftçala rayonunda avtomobil yolların əsaslı təmirinə 3 milyon yarım manata qədər dövlət vəsaitinin ayrılması deməkdir. Bu rəqəmlərin nə qədər şişirdildiyini aidiyyəti qurumlar araşdırsa ortaya çıxara bilər.
Maraqlı burasıdır ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə təmir işlərinin hansı yollarda aparılacağı açıqlanıb. Burada təmir işlərinin Asif Səlimov-Vüqar Soltanov küçəsində, Babək küçəsində, Rövşən Əliyev küçəsində, Məmməd Əmin Rəsulzadə küçəsində aparılacağ açıq göstərilir. Amma İcra Hakimiyyətini 99904 nömrəli müsabiqə üzrə bağladığı müqavilələrdə bu açıq göstərilmir.
Neftçala rayon İcra Hakimiyyətinin işbirliyində olduğu şirkətə gəlincə.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTOYOLTIKINTISERVIS” (VÖEN: 1904350701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.03.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 195, m. 6, qanuni təmsilçisi kimi isə Məmmədov Ramin Adil oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC -nin təsisçisi və ilk qanuni təmsilçisi İsgəndərov Etibar Eyvaz oğlu olub. MMC ilk dəfə BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 13, mənzil 39 ünvanında dövlət qeydiyyatına alınıb. MMC-nin hazırki günə 154839.17 manat vergi borcu var.
“Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasələn yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub.
MMC-nin “Facebook” sosial şəbəkəsindəki səhifəsi var ki, ilk və son paylaşımlar 2020-ci ilin aprelində olub. Paylaşımda MMC-nin magistral yolların yenidən qurulması və asfaltlanması, qeyri-yaşayış obyektlərinin və inzibati binaların ərazisində yolların yenidən qurulması və asfaltlanması işlərinin gördüyü göstərilir. Lakin son illər aldığı dövlət sifarışləri ilə bir dənə də olsun paylaşım olmayıb. Bu da MMC-nin fəaliyyəti barədə şübhələr doğurur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı 1989-cu il təvəllüdlü Mirhəsən Seyidovdu. O, Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Prezident tərəfindən verilmiş sərəncamdan da göründüyü kimi yaxın günlərdə Mirhəsən Seyidovun Neftçalada rəhbərliyə başlamasının beş ili tamam olacaq. Neftçalanın gənc icra başçısının bu beş il ərzində nə kimi işlər görməsi barədə məlumat almaq üçün internet axtarış sistemləri üzərindən Mirhəsən Seyidov yazmaq kifayət edər.
Aktualinfo.org