902 “qaynar xətti” zəngləri götürmədən haqq tutur

Bu gün, 15:59           
902 “qaynar xətti” zəngləri götürmədən haqq tutur
Çağrı mərkəzləri pullu xidmət göstərir?

Yol polisinin yanlış cərimə tətbiq etməsindən 902 çağrı mərkəzinə zəngə cavab olaraq “xəttin məşğul olduğu” bildirilib və sonda hər operatorun özünün bəlirlədiyi xidmət haqqı tutulub. Heç demə, NK-nın 25.02.2015 tarixli, 50 saylı “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”nı sayan yoxdur.

Nə əlaqəni təmin etməyə borclu olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), nə yanındakı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ( İKTA) çağrı mərkəzlərinin ödənişsiz xidmət göstərməli olduğunu bilir. Bəlkə özlərini bilməzliyə qoyublar, di gəl axı, zəng heç götürülmür, danışıq, əlaqə baş tutmur, necə baş tutmayan danışığa, zəngə görə astronomik sayıla bilən danışıq haqqı tutula bilər? “Qaynar xətt” bağlantı xidmətinə baxın, vətəndaş yarım saat qoşulmağa növbə gözləyir, qoşulmur, amma yarım saata görə 3-5 manat arası “danışıq haqqı” ödəyir. Belə xidmət, belə haqq, belə hüquq hansı kitabda yazılıb?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarə heyətinin sədri Nail Mərdanov 05.03.2025-ci il tarixli məktubla bildirib ki, “Telekommunikasiya haqqında” qanunun 10.2 maddəsinə görə ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) çağırılması üçün istənilən telekommunikasiya şəbəkəsindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə təminat verilir. Bəs niyə mobil operatordan 902-yə zəngə görə , özü də baş tutmayan zəngə görə müştərinin balansından anında vəsait tutulub? Bəyəm 902 polisə aid deyil? İKTA sədri 902-ni “digər çağrı mərkəzi” sayaraq “zəng zamanı və gözləmə müddətində balansdan vəsait çıxılması ilə bağlı məsələlərin xidməti təşkil edən şəxslə aidiyyəti operator arasında bağlanmış müqavilə əsasında tənzimləndiyini” vurğulayıb, bu müqavilə, xidmət tariflərinə İKTA-nın qarışmaq səlahiyyətinin olmadığını da diqqətə çatdırıb.

İKTA-nın diqqətinə digər qanunvericilik aktlarından NK-nın “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”nın 2.1-ci bəndini çatdırırıq: “Çağrı Mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ÖDƏNİŞSİZ həyata keçirir”. Qaydaların 2.11-ci bəndində təsbit olunub ki, Azərbaycan Respublikasının ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən Çağrı Mərkəzinə birbaşa yığımlar təmin olunur.”

İstənilən halda dövlət orqanının çağrı mərkəzinə zəngin ödənişsiz olması qanunla tənzimlənir. Yol polisinin, adından bəlli etdiyi kimi, dövlət orqanı, polis orqanl olması nə mobil operatora, nə də İKTA-ya gizlin olmaz. Belədə niyə qəbul edilməyən zəngə görə vətəndaşın balansından vəsait tutulsun ki ?!

Onu da vurğulayaq ki, ən yüksək xidmət göstərən DİN-in 102 çağrı mərkəzi anında şikayəti qəbul edib və ertəsi gün Baş DYP İdarəsinin rəis müavini Pərvin Səfərəliyev Xətai RPİ-nin rəisi Vaqif Müslümova müraciətin araşdırılıb tədbir görülməsinə məktub ünvanlayıb. Yəqin qanunsuz yazılan cərimə silinər…

Məğrur BƏDƏLSOY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.