Anar Rzayevin "aynası qırıldı" - qurum rəhbəri qəzəbə tuş gəlib... - Nardaran işi...
24-03-2025, 10:31

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nə qədər absurd bir fəaliyyət göstərdiyini sonuncu səhvini düzəltməklə sübut etmiş oldu. Söhbət Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək “Sea Breeze” yazılmasından gedir. Təbii ki, həm nardaranlılar, həm ümumən bakılılar və bütövlükdə cəmiyyət bu yersiz addıma etirazını bildirəcəkdi. Amma cəmiyyətin aynası olmayan AYNA səbatsız, bəsit və kəmağıl adamların verdiyi "ideya" əsasında bu qərarı vermişdi. Üstəlik, bunu “həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır” kimi qələmə vermişdi. Nə vaxtdan dövlət qurumu istirahət mərkəzini reklam edən olub? Bəlkə AYNA "Sea Breeze" qarşısında öhdəlik götürmüşdü? Özü də nə vaxtdan "aydın istiqamət"in bu istirahət mərkəzi olduğu dəqiqləşdirilib? Hansı nəticə əsasında belə bir fikir müəyyənləşib? Ona görə də bu mənasız, uğursuz addım geri atıldı, Nardaran adı lövhələrə qaytarıldı. Görünür ki, dövlət rəhbərliyinin də bu məsələyə müdaxiləsi olub. Çünki Bakı, onun kəndləri siyasi rəhbərlik üçün olduqca xüsusi yerə malikdir, önəmli bir həssaslıq nümayiş etdirilir. Dövlət başçısı, birinci xanım hər zaman Bakı kəndlərinə ayrıca diqqət göstəriblər. Belə bir reallıq olduğu halda, AYNA rəhbəri Anar Rzayev Nardaran kəndinin adını "Sea Breeze" ilə əvəzləmişdi. Anaxeber.info-ya verilən belə məlumatlar da var ki, AYNA sədri ciddi qəzəbə tuş gəlib və bu adımı ölkə rəhbərliyi tərəfindən bəyənilməyib. Həmçinin hakimiyyətdə vəzifə tutan bakılılar da ciddi reaksiya veriblər. Bu da nəticədə qərarın dəyişməsinə səbəb olub. İstisna edilmir ki, Anar Rzayev artıq "qara siyahı"ya düşüb. Halbuki özü də Bakıda anadan olub, amma Nardarana göstərdiyi bu münasibət heç cür anlaşılan deyil. Bakının digər kəndlərini saxlayıb, Nardaran kimi yerin adını lövhələrdən silmək və kəndi ancaq " Sea Breeze"lə xarakterizə etmək yerli camaata böyük hörmətsizlik idi. Belə çıxır ki, elə Lənkəran, Quba, Lerik, Qəbələ və s. turizm bölgələri istiqamətində hansı məşhur istirahət mərkəzi varsa, onların adı rayonların yerinə lövhəyə vurulmalıdır. Hərçənd, bölgələrə gedərkən ən tanınmış obyektlərin yolun kənarlarında reklam lövhələrini görmək olar ki, bu da normaldır. Ancaq AYNA belə başıboş addımı ilə özünü biabırçı vəziyyətə saldı. Əslində, təəccüblü də deyil. Çünki AYNA yarandığı gündən heç nə ilə yadda qalmayıb. Qurumun bir dəstə əməkdaşı var ki, şəhərin canına düşüb cərimə yazırlar. Başqa heç bir müsbət addımı ilə diqqəti cəlb etməyiblər. Ona görə Nardaranla "gündəm" ola biliblər. Gözləyək, daha hansı "orijinal" nəqliyyat layihəsi irəli sürəcəklər...
Azər Talıbov
Anaxeber.info