Qarasu Əməliyyat Şirkətindən kütləvi narazılıq: PREZİDENTƏ MÜRACİƏT EDİLDİ

Dünən, 07:04           
Qarasu Əməliyyat Şirkətindən kütləvi narazılıq: PREZİDENTƏ MÜRACİƏT EDİLDİ
Qarasu Əməliyyat Şirkətinin onlarla əməkdaşı Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, 2009-cu ildən bu günə qədər kəsilmiş əmək haqları və sosial təminatlarla bağlı şikayətlərini çatdırıblar. İşçilərin bildirdiyinə görə, illərlə susdurulan haqsızlıqlara qarşı artıq səslərini ucaltmaq qərarına gəliblər.

Lakin verilən məlumata əsasən, onların müraciətləri araşdırılmaq üçün yerinə komissiya göndərilmək əvəzinə, birbaşa Qarasu Əməliyyat Şirkətinin rəhbərliyinə yönləndirilib. Bu isə işçilərin vəziyyətini daha da ağırlaşdırıb.

"Şikayətlərimiz bizi təzyiq altında qoyur”

İşçilər iddia edirlər ki, rəhbərlik onların şikayət etmələrinə görə ayrı-ayrılıqda çağıraraq təzyiqlər göstərir, hədə-qorxu gəlir, işdən çıxarılmaqla hədələyirlər. "Biz sadəcə illərlə aldığımız maaşların kəsilən hissəsinin bərpasını istəyirik. Bu bizim hüququmuzdur. Amma indi hüququnu tələb edən işçi təhdid altına düşür”, – deyə müraciətçilər bildirirlər.

Əməkdaşların sözlərinə görə, dövlət qurumlarının məsələni yerində araşdırmaq əvəzinə şikayət məktublarını şirkətə yönəltməsi, onları rəhbərliyin hədəfinə çevirib. İşçilər hesab edirlər ki, bu cür yanaşma həm hüquqi, həm də etik baxımdan yolverilməzdir.

Kollektiv ictimai dəstək istəyir

Redaksiyamıza ünvanlanan kollektiv müraciətdə bildirilir ki, Qarasu Əməliyyat Şirkətində baş verən bu hallar təkcə bu müəssisə ilə məhdudlaşmır, ümumilikdə işçi hüquqlarının necə qorunduğunu bir daha gündəmə gətirir. Onlar ictimaiyyəti bu məsələyə biganə qalmamağa, müvafiq qurumları isə hadisəni obyektiv və şəffaf şəkildə araşdırmağa çağırırlar.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.