Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
Bu gün, 08:58

Özünü həkim kimi reklam edən, “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsində cərrahi əməliyyatlar həyata keçirən Gülsüm Əliyevanın diplomun olmadığı öz təsdiqini tapıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan həkim Qənirə Ataşova məlumat paylaşıb. Qənirə Ataşova Gülsüm Əliyevanın diplomunu nümayiş etdirdiyi Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetinin diplomunun saxta olduğunu aşkar edib. Verilən sorğuya cavab olaraq Dicle Universiteti belə bir məzunlarının olmadığını təsdiqləyiblər.
Qənirə Ataşovanın sosial şəbəkə hesabından yazdığı statusu təqdim edirik.
“Deyirəm ki, bu videonu hamınız görməlisiniz! Həkim olmayan, amma özünü cərrah kimi təqdim edən Gülsüm Əliyeva, bu dəfə özü etiraf edir ki, peşəkar olmaq üçün diplom vacibdir. Yaxşı, bəs haradadır o diplom?
Göstərə bilmədiyi, hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetindən məzun olub. Mən də nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur: “Bizdə bu adda tələbə olmayıb!”
İndi deyirəm, bu məsələyə daha da ciddi yanaşım və buna görə YÖK-ə – Türkiyənin Yüksək Öyrətim Qurumu’na da rəsmi müraciət etmişəm. Oradan gələn cavabı da səbirsizliklə gözləyirəm və sizinlə paylaşacağam. Rabitə kollecindən də gərək soruşum. Axırda isə bir şeyi deməsəm, ürəyim partlayar. Dinsiz dindən danışar, imansız imandan, elmsiz də elmindən!”

Qeyd edək ki, dünən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) “VMR Esthetic Clinic” adlı özəl tibb müəssisəsinin işçisinin canlı yayımda buxaq liposaksiyası icra etməsinə münasibət bildirib.
Açıqlamada ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə lisenziyanı İqtisadiyyat Nazirliyinin verdiyi qeyd olunub:
“Ancaq “VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur. Analitik Ekspertiza Mərkəzinin əməkdaşları artıq iki dəfə (Gəncə və Bakı filialları) bu gözəllik mərkəzində şikayətlər əsasında plandankənar yoxlama aparıb və aşkar edilən inzibati xəta ilə əlaqədar barələrində inzibati tənbeh tədbiri seçilib. Tərtib edilən inzibati xəta haqqında protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib”, – məlumatda qeyd olunub.
Eyni zamanda bildirilib ki, mövcud qanunvericiliyə əsasən səlahiyyətlər çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) inzibati tədbirlər həyata keçirilir. Bundan başqa, tibb təhsili olmadan praktik tibb fəaliyyətinin göstərilməsi cinayət əməlidir və hüquq-mühafizə orqanlarının nəzarət predmetidir.