Əhməd Əhmədzadə üçün SON ŞANS

17-12-2016, 22:14           
Əhməd Əhmədzadə üçün SON ŞANS
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə son şans verilib.

Bunu AFN-ə adının çəkilməsini istəməyən mənbə bildirib. Qeyd edilir ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində adıçəkilən ASC-nin üzərinə xeyli vəzifələr qoyulub. Belə ki, sənəd aqrar sahədə inkişafa nail olmaq üçün bir sıra tədbirləri özündə ehtiva edir ki, bunlardan biri də İstehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsidir. Mənbəmiz bildirir ki, bu sahəyə istər büdcədən, istərsə də xarici kreditlər vasitəsilə xeyli vəsait ayrılmasına baxmayaraq, istənilən nəticə ortada deyil. Bu barədə yol xəritəsində də qeyd edilir. Bildirilir ki, bu sahədə son illər reallaşdırılan tədbirlərə baxmayaraq, bir neçə istiqamətdə problemlər hələ də mövcuddur: “Ölkədə əkin sahələrinin böyük hissəsinin suvarılan sahələr olduğunu nəzərə aldıqda, kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyu ilə təminatının yaxşılaşdırılmasının bu sahədə istehsalın, eləcə də məhsuldarlığın artırılmasına gətirib çıxaracağını qeyd etmək olar.

Bu məqsədlə də suvarma suyuna olan tələbatın öyrənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə tapşırıq verilib. Bu iki qurum birlikdə kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyuna olan tələbatının ödənilmə səviyyəsini müəyyən edəcək və bununla bağlı ehtiyaclara dair qiymətləndirmə aparacaq.
Bundan əlavə, suvarma suyu ilə təminatın yaxşılaşdırılması Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə mövcud ehtiyacların və resursların
qiymətləndirilməsi əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən kiçik sututarların yaradılması, artezian quyularının qazılması və suvarma kanallarının genişləndirilməsi ilə bağlı fəaliyyət planı hazırlanmalıdır.
“Aqrolizinq” ASC xətti ilə lizinqə götürülən və lizinq yolu ilə satın alınan müasir suvarma sistemləri dəstinə və avadanlığına dövlət büdcəsinin vəsaiti hesabına güzəştin tətbiqi siyasəti davam etdirilməklə, istehsalçıların sudan qənaətlə istifadəyə imkan verən suvarma sistemlərini tətbiq etmələri stimullaşdırılmalı, həmçinin,
sudan qənaətlə istifadəyə imkan verən suvarma sistemlərinin tətbiqinin
stimullaşdırılmasının digər metodları ilə bağlı dünya təcrübəsi araşdırılaraq müvafiq təkliflər hazırlanmalıdır.
Sənəddə nəzərdə tutulan bəndlərdən biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən beynəlxalq təcrübə öyrənilməklə, sudan istifadəedənlər assosiasiyalarının fəaliyyətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlanmasıdır. Bu assosiasiyalar vasitəsilə sudan istifadənin effektiv monitorinqi mexanizminin
yaradılması dəyərləndiriləcək.
Bu tədbirlərin reallaşdırılması nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyu ilə təminatının 20 faiz artması, bundan əlavə, 2020-ci ildə real ÜDM-ə təsiri əldə etmək üçün dəstəkləyici rola malik olması gözlənilir.

Bütün bunlarla bərabər, yol xəritəsində qeyd edilir ki, bu prioritet üzrə əsas risk faktoru maliyyə çətinliklərinin yaranması ola bilər”.

AFN-i məlumatlandıran mənbə diqqəti məhz sonuncu cümləyə çəkir. Bildirir ki, Ə.Əhmədzadənin üzərinə yarana biləcək maliyyə çətinliklərini qarşılamaq kimi ciddi bir vəzifə qoyulub: “Qeyd edilən məsələlərin həlli yüz milyonlarla vəsait tələb edir. Əhməd Əhmədzadə üçün bu vəsait heç nədir, ona görə də ASC sədrinə tapşırılıb ki, lazım gəldikdə şəxsi hesabına da olsa bu tədbirlər reallaşdırılmalıdır. Əks halda vəzifəsini itirəcəyi bildirilib. Zatən onun rəhbərlik etdiyi qurumun ləğvi məsələsi tez-tez gündəmə gəlir, bildirilir ki, meliorasiya və su təsərrüfatı sahəsi kənd təsərrüfatına aid sahədir, bu üzdən də qurumun ləğv edilərək səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi aktualdır”.

AFN xatırladır ki, bir neçə gün əvvəl YAP-çı deputat Siyavuş Novruzov da parlamentdəki çıxışında bir sıra lazımsız qurumların ləğvi təklifi ilə çıxış etmişdi. Zaman-zaman mediada və ekspertlərin çıxışlarında bu qurumlar sırasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin adı tez-tez hallanıb. Bu üzdən də Ə.Əhmədzadənin, türklər demiş, əlini çavuk tutması lazımdır. Yoxsa vəzifəsini itirmək ehtimalı kifayət qədər böyükdür.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.