Azərbaycanda ən sərfəli yatırım: qızıl, əmlak, yoxsa bank?

Bu gün, 16:24           
Azərbaycanda ən sərfəli yatırım: qızıl, əmlak, yoxsa bank?
Azərbaycanda bir çox insan yığdığı pulu necə dəyərləndirməli olduğunu düşünür. Bəziləri pullarını evdə - seyflərdə və ya “yastıq altında” saxlayır. Bir qisim isə qızıl və ya daşınmaz əmlaka yatırım edir, bəziləri də daha risksiz yolu seçərək bank depozitlərinə üstünlük verir. Amma əslində hansına yatırım etmək daha sərfəlidir?

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, pul evdə qaldığı zaman dəyərini itirir: “Müasir dünyada nəinki ayrı-ayrı milli valyutaların, həmçinin manatın və hətta dolların da müəyyən qədər inflyasiya göstəricisi vardır. Dollar belə evdə qaldıqda zamanla dəyərini itirir. Məsələn, 5 il əvvəlki dolların alıcılıq qabiliyyəti ilə bu günkü dolların alıcılıq qabiliyyəti eyni deyil. Bu fərq onun inflyasiyasıdır. Eyni qayda digər valyutalar üçün də keçərlidir. Təkcə investisiya fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri deyil, ayrı-ayrı şəxslər də ev təsərrüfatlarında sahib olduqları pulun dəyər itirməməsi və hətta bir qədər də əlavə qazanc əldə etmək üçün müxtəlif investisiya fəaliyyətləri həyata keçirirlər. Bunu bəzən bilərəkdən, bəzən isə bilməyərək etsələr də, bunun adı investisiya fəaliyyətidir”.

E.Əmirov qızıl zinət əşyalarına yatırım edilməsini təsdiqləmir: “Ev təsərrüfatlarında əsasən Azərbaycanda ən böyük səhv qızıl və zinət əşyalarına xərclənən pullardır. Burada söhbət sikkələrdən və ya böyük kütlə halında alınan qızıllardan getmir. Həmçinin, investisiya fondları daxilində onlayn alış-veriş zamanı portfel investisiyası şəklində əldə olunan qızıl kütləsindən də söhbət getmir. Məsələ insanların qızıl mağazalarından aldıqları üzük, sırğa və digər zinət əşyalarına xərclədikləri vəsaitlə bağlıdır. “Mən gələcəyə investisiya edirəm, pulum batmasın” deyə zinət əşyalarına xərclənən vəsait tamamilə yanlış istiqamətdir. Çünki 5 il sonra belə həmin qızıl satılsa, qiymət onun kütləsinə görə müəyyən ediləcək və alınan qiymətdən kifayət qədər aşağı olacaq. Buna görə də, əgər qızıla investisiya etmək istəyiriksə, bunu mənalı şəkildə müxtəlif birjalar üzərindən və ya onlayn formatda etmək daha məqsədəuyğundur. Həmçinin, qızılı evdə saxlamadan müxtəlif investisiya fondlarının tərkibində də əldə etmək mümkündür. Yəni müasir tətbiqlər və bazar qaydalarına uyğun olaraq, qızıla investisiya etmək mümkündür və bu zaman dəyər itkisi baş vermir”.

Bəs əmlak və ya banklarda vəziyyət necədir?

“Daşınmaz əmlak bazarında regionlardan-regionlara kəskin fərq müşahidə olunur. Məsələn, paytaxtda qiymətlər fantastik səviyyədə qalxdığı halda, digər bölgələrdə bu artım müşahidə edilmir. Bu gün Bakı şəhərində mənzilin qiyməti dünyanın ən bahalı şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb. Bir gün mənzillərin qiyməti daha da qalxa bilər, lakin qeyri-real qiymətlər formalaşdığından bir müddət sonra ciddi enişlər də baş verə bilər. Çünki bu gün əmlakın qiyməti sözün əsil mənasında yalnız maya dəyəri üzərində deyil, digər faktorlardan qaynaqlanan şişmiş qiymət formalaşmışdır. Ona görə müəyyən qədər risk faktorları mövcuddur.

Banklara yatırımlara gəldikdə isə, Azərbaycanda bank sektorunda inkişaf dinamikası müşahidə olunur və kifayət qədər etibarlı banklarımız var. Amma bankların təklif etdiyi depozit faizləri o qədər də sərfəli və likvid sayılmır. Mən düşünürəm ki, əmlaka edilən investisiya həm qızıldan, həm də bank depozitlərindən daha faydalıdır”.

İqtisadçı əlavə etdi: “Vəsaitlərinizi müxtəlif istiqamətlərə parçalanmış şəkildə yönəltməyiniz baş verə biləcək riskləri azaldır. Məsələn, əlinizdə 300.000 manat varsa, onu bərabər şəkildə banka, qızıla və əmlaka yatırmağınız tövsiyə olunur. Bundan əlavə, əvvəlcə bazarı da yaxşı araşdırmaq çox önəmlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru