“QƏRB ERMƏNİSTANDA BU ÜÇ FİQURA İZAH ETDİ Kİ...” - Ermənilər getdi, Kreml regiondakı “dayaq nöqtəsi”ni itirdi
Bu gün, 15:14

Azərbaycan və Ermənistan başçılarının Vaşinqtonda Donald Trampla birgə görüşü və imzaladıqları sənədlər Ermənistanda heç də hamı tərəfindən birmənalı qarşılanmır. Bunu hakimiyyətin ciddi uğuru və əksinə, Ermənistanın böyük uğursuzluğu kimi qələmə verənlər kifayət qədər çoxdur.
“Vaşinqton sammiti Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyətidir. İran üçün problemlər yaratdı və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün növbəti addım oldu”.
Bunu Ermənistanda tanınan politoloqlordan olan Argişti Kiviryan yerli mətbuata açıqlamasında deyib.
Onun fikrincə, Paşinyan Vaşinqtonda imzalanan sənədlərdən qarşıdan gələn seçkilərdə istifadə etmək fikrindədir: "Paşinyan tez-tez Ermənistanın məğlubiyyətindən öz məqsədləri üçün istifadə etməyi bacarır. İndi də eyni şeyi edəcək".
O qeyd edib ki, Azərbaycan ABŞ-dən hərbi yardıma qoyulan məhdudiyyətlərin götürülməsinə və ATƏT-in Minsk qrupunun buraxılmasına nail olub.
Millətçi baxışları ilə tanınan erməni politoloqun fikrincə, Zəngəzur dəhlizilə bağlı imzalanan sənəd 2020-ci ilin noyabrında Rusiya ilə imzalanan üçtərəfli bəyannamədən az fərqlənir: "Ermənistandan keçən yolla bağlı ABŞ-də imzalanan sənəd məzmunca, maneəsiz keçid baxımından 2020-ci il noyabrın 9-da imzalanmış bəyanata bənzəyir. Yeganə fərq odur ki, əvvəlcə Rusiya nəzarəti həyata keçirməli idi, indiki halda isə bunu ABŞ edəcək. Eyni zamanda 9 noyabr bəyanatı həyata keçirilsəydi, “artsax” erməni (ərazisi) olaraq qalacaqdı… Ermənilər “artsax”dan gedən kimi Azərbaycan dərhal yol məsələsinə qayıtdı. Strateji məqsəd bu yolun rusların nəzarətində olmaması idi. Bunun üçün Paşinyan “artsax”ı qurban verməyə hazır olduğunu bildirdi”.
Onun sözlərinə görə, Ermənistan tərəfi üçün mənfi olan məqamlara baxmayaraq, 9 noyabr bəyanatı ermənilərdən ötrü müəyyən pariteti təmin edirdi. Çünki Rusiya regional kommunikasiyaların işə salınması ilə “Qarabağ məsələsini” dondurmağı təklif etmişdi.
Maraqlıdır ki, politoloq təkcə Paşinyanın deyil, Serj Sarqsyan və Levon Ter-Petrosyanın da ermənilərin Qarabağa qayıtmasını istəmədiyini deyib: "Paşinyan Serj Sarqsyan və Levon Ter-Petrosyanla birlikdə hesab edir ki, ermənilər heç bir formada geri qayıtmamalıdırlar. Hamısı ondan çıxış edirlər ki, bu məsələ Rusiya üçün dayaq nöqtəsi olub, ona görə də ermənilər “artsax”a qayıtsa, Rusiya Federasiyası regiona təsir alətləri alacaq. Onu bu alətdən məhrum etmək üçün “artsax”ı boşaltdılar və indi də ermənilərin ora qayıtmasını istisna edirlər. Qərb bu üç fiqura izah etdi ki, Rusiyanı bölgədə dayaq nöqtəsindən məhrum etmək üçün ermənilərin “artsax”a qayıtmasını istisna etmək lazımdır”.
Həmçinin erməni politoloqun fikrincə, 2020-ci il noyabr bəyanatı hələ də qüvvədədir, Ermənistan və Azərbaycan ondan imtina etsələr belə, Rusiyanın da bunu edib-etməyəcəyi sual altındadır: “Moskva artıq bəyan edib ki, məsələlər bu bəyanat çərçivəsində həll edilməlidir və bununla da onun nə vaxtsa yenidən canlana biləcəyini istisna etmir”.
Göründüyü kimi, Ermənistanda qatı millətçi, rusiyapərəst qüvvələr hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayır və qəbul etmək istəmir ki, Rusiyanın Cənubi Qafqazdakı qatarı artıq getmək üzrədir…