Qadınların razılığı olmadan yayılan fotolar qəzəb doğurdu
Bu gün, 12:48

İtaliyada sosial şəbəkədə qadınların xəbərləri olmadan çəkilmiş intim fotoların paylaşılması geniş rezonans doğurub. Məlum olub ki, “Facebook”da fəaliyyət göstərən “Mia Moglie” (“My Wife” – “Arvadım”) adlı qrupda kişilər qadınların şəxsi və intim görüntülərini minlərlə istifadəçi ilə bölüşüblər.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,qrup bağlanmazdan əvvəl təxminən 32 min üzvü var idi. İctimai qəzəbdən sonra Meta şirkəti səhifəni “Yetkinlərin Cinsi İstismar siyasətini pozduğu üçün” sildiyini açıqlayıb.
Sosial şəbəkədə yayılan görüntülərdə qadınların soyunma anlarında, bəzən isə yuxuda və ya intim münasibətlər zamanı çəkilmiş fotoları paylaşılıb. Yazıların altında isə cinsi xarakterli, təhqiramiz və zorakılığı təşviq edən şərhlər yer alıb.
Məsələni ictimailəşdirən yazıçı Karolina Kapria gördüklərindən “ürəyinin bulandığını” və “qorxu hissi keçirdiyini” deyib:
“Zorakılığın seksuallıqla əlaqələndirilməsi o qədər mədəniyyətimizə hopub ki, kişilər ictimai qrupda öz adlarını və simalarını gizlətmədən belə yazırlar”.
Avropa Yaşıllar Partiyasının nümayəndəsi Fiorella Zabatta isə bunu “sadəcə zərərsiz əyləncə deyil, virtual zorakılıq” adlandıraraq sosial platformalara qarşı daha sərt tədbirlər görülməsini tələb edib.
Xatırladaq ki, “intiqam pornosu” – yəni şəxsi və gizli saxlanılması nəzərdə tutulan intim məzmunun razılıqsız yayılması – 2019-cu ildən İtaliyada qanunla qadağandır. Yerli media xəbər verir ki, artıq minlərlə insan məsələ ilə bağlı kibercinayətkarlıqla mübarizə idarəsinə müraciət edib.
Meta isə əlavə edib:
“Platformalarımızda cinsi zorakılığı, təcavüzü və ya istismarı təşviq edən məzmunlara icazə verilmir”.
Hadisə Fransada səs-küylü Pelicot işi ilə də müqayisə olunub. Həmin işdə Dominik Pelicot 20 il həbs cəzası almışdı.
Mütəxəssislər hesab edirlər ki, bu hallar təsadüfi deyil, cəmiyyətin bəzi hissələrində köklənmiş zərərli kişi davranışlarının nəticəsidir.