İnsan işəgötürənlər neyron şəbəkə ilə əvəzləndi - Nəticə gözlənilməz oldu
Bu gün, 11:34

Süni intellekt iş müsahibələrində namizədlərin seçilməsində peşəkar insan rekruiterlərindən daha səmərəli olduğunu göstərib. Lakin aparılan təcrübə müəyyən problemləri də üzə çıxarıb.
Bu barədə "Business Insider" yeni araşdırmaya istinadən məlumat yayıb.
Çikaqo və Erazm universitetlərinin iqtisadçı alimləri beynəlxalq “PSG Global Solutions” işəgötürmə şirkəti ilə birgə genişmiqyaslı eksperiment aparıblar. Təcrübə zamanı süni intellekt və insan rekruiterlərinin effektivliyi müqayisə edilib. Ümumilikdə, Filippində müştəri xidməti sahəsində ilkin səviyyəli vəzifələrə müraciət edən 70 mindən çox namizəd iştirak edib. İşəgötürənlər arasında bir sıra dünya miqyasında tanınmış şirkətlər də olub.
Namizədlər təsadüfi şəkildə üç qrupa bölünüb: müsahibəni insan rekruiteri ilə aparanlar, süni intellekt əsasında çalışan agentlə danışanlar və seçim imkanına malik olanlar. Hətta süni intellektlə aparılan müsahibələrdə belə, yekun qərarı insan verib.
Nəticələr göstərib ki, süni intellekt namizədləri daha tez-tez təsdiqləyib – 9,73 faiz hallarda, insan rekruiterlərdə isə bu göstərici 8,7 faiz olub. Ən önəmli məqam isə budur ki, süni intellekt tərəfindən təsdiqlənən namizədlər 18 faiz daha çox işə başlayıb və 17 faiz daha çoxu bir aydan sonra da işləməyə davam edib.
Analizlərə görə, süni intellektlə müsahibələr daha strukturlaşdırılmış olub, daha geniş mövzuları əhatə edib və namizədləri daha əhatəli cavablar verməyə təşviq edib. Alqoritm insan rekruiterlərinin dəyər verdiyi siqnalları – məsələn, söhbətin məzmunluğunu – daha yaxşı müəyyənləşdirib, eyni zamanda uğursuz ifadə olunan cavablara o qədər də diqqət yetirməyib.
Bununla belə, problemlər də müşahidə olunub: namizədlərin təxminən 5 faizi qarşısında bot olduğunu anlayan kimi müsahibəni dərhal dayandırıb, 7 faizində isə texniki nasazlıqlar baş verib. Ümumilikdə isə süni intellektlə söhbətlər canlı insanla dialoqa nisbətən daha “süni” qəbul olunub.