İnsani qayğıdan uzaq Ceyranbatan
19-06-2015, 10:58
Qafqaz Xəbər Agentliyi bildirir ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi Quşçuluq fermasının yanındakı ərazidə yaşayan sakinlər həyat üçün zəruri olan kommunukasiya xidmətlərinin olmamasından şikayətçidirlər. Sakinlər- Kazımov Valid, Məmmədov Kərkəz, Nəzərov İnqlab, Qəhramanov Cümşüd, Şirəliyev Elbrus, Aşıralıyev Bəhlul, Nəzərov Yaşar iddia edirlər ki ,2012- ci ildə bələdiyyədən pay torpağı kimi aldıqları torpaq sahəsində fərdi evlərini tikməyə başlayanda bələdiyyə sədri Cavanşir Zeynalov işıq ,qaz,su,yol,kanalizasiya probleminin olmayacağını söz verib. Ərazidə 70-dən artıq ev tikilib yaşayış üçün hazırdır. Ailələrin çox qismi kirayə mənzillərdə yaşadıqları üçün məcburiyyət qarşısında bu şəraitsiz evlərə köçüblər.Lakin evləri hazır olan bəzi sakinlər isə, işıq, qaz, su probleminin aradan qaldırılacağı günü gözləyir.” Söz yox bizdə anlayırıq ki, ərazidə kommunal problemləri bələdiyyə həll etmir, amma ən azı yaşayışa yararlı deyib satdığı pay torpaqlarının baş planını əlaqədər qurumlara təqdim etməlidir ki, onlar da zəruri tədbirləri görsünlər”,- sakinlər Qafqaz Xəbər Agentliyinə bildirdilər.Onu da nəzərinizə çatdıraq ki bütün kommunal xidmətlər yaxınlıqdakı ərazidən keçir.Araşdırmamız zamanı Ceyranbatan bələdiyyəsində də olduq.
Lakin bələdiyyə sədri Cavanşir Zeynalov iş saatında iş yerində yox idi.Çətinliklə də olsa bələdiyyə sədrinin telefon nömrəsini tapıb , onunla əlaqə saxladıq. Cavanşir müəllim xəbər agentliyindən olduğumuzu biləndə mən bu gün işdə olmayacağam deyə bildirdi. Biz də öz növbəmizdə Cavanşir müəllimdən zirək tərpənib, neynək suallarımızı telefonda da cavablandıra bilərsiniz söylədik. “Quşçuluq massivinin yanında yaşayan sakinlər nə vaxta qədər bu şəraitdə yaşayacaqlar.?” sualımıza Cavanşir Zeynalov belə cavab verdi: “Bilirsiz xanım, həmin ərazidə vətəndaşlar ev tiksələr də yaşamadıqları üçün plana salınmamışdı, lakin biz ərazinin baş planını hazırlayıb layihəni yenicə təqdim etmişik. Sakinlər orada yaşasınlar ki ,biz də onların sayına görə işimizi görək. Su anbarı tikək, işıq transformatoru və sairə quraşdıraq”.
Qafqaz Xəbər Agentliyinin müxbirinin “şəraitsiz evlərdə yaşamaq olmur axı, Cavanşir müəllim” fikrinə isə bələdiyyə sədri Cavanşir Zeynalov belə cavab verdi: “ Yaşamaq mümkün deyil, tikməsinlər”.
Bəs görəsən, kirayəşin qalmağa imkanları olmayan bu insanlar harada yaşasınlar? Min əziyyətlə tikdikləri evdə bəs nə vaxt yaşaya biləcəklər..?