Yeni Bakı yaşayış kompleksinin İŞIQ problemi bitib qurtarmır - Şirkət dövlətə çatacaq pulları mənimsəyir
31-03-2017, 13:04

teref.az-nun elektron poçtuna gələn bu şikayəti sizə təqdim edirik:
Yeni Bakı yaşayış kompleksinin İŞIQ problemi bitib qurtarmır.
Hörmətli, media nümayəndələri və yeni tikili binalarda mənzil sahibləri! Artıq bəhs elədiyimiz məsələ bizi cana yığıb. Biz 3000 mənzili olan və "İlin Dörd Fəsli" MMMC tərəfindən inşa olunan və təhvil-təslim müddəti Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcovun imzaladığı müvafiq sərəncama uyğun olaraq tikintisi 2015-ci ilə başa çatmalı olan, lakin hələ də bu və ya digər səbəblərdən başa çatdırılmayan Yeni Bakı şəhərciyinin sakinləri olaraq yenidən sosial şəbəkə vasitəsilə müvafiq dövlət qurumlarına səslənirik. Belə ki, adı keçən mtk şəhərciyi hələ də müvafiq dövlət qurumlarına - Azərişıq ASC və Azərsu ASC-yə təhvil vermir və Şəhərcik sakinlərinin problemləri isə gündən-günə artmaqdadır. Yəni müvafiq dövlət qurumları şəhərcik sakinlərini fərdi abonent kimi tanımır, nəticədə həmin qurumların balansına köçürülməli olan külli miqdarda vəsait İDF MMC tərəfindən mənimsənilir və borc öhdəlikləri yaranır ki, hazırda bu məbləğ Azərişıq ASC-yə 202 min manat civarındadır. Şirkət tərəfindən müvafiq qurumlara ödənilməyən məbləğə Azərişıq ASC dəfələrlə şəhərciyin işıqlarını söndürərək qışın qış günlərində saatlarla şəhərciyi işıqsız qoyur. Artıq bu hal getdikcə adiləşir və yeganə istilik vasitəsi elektrik olan qazsız bina sakinləri min bir əziyyətlərə qatlaşırlar. Sonuncu belə hal isə 28 mart 2017-ci ildə yenidən təkrarlandı və Şəhərcik 8 saat enerjisiz qaldı. Sakinlərin məsələyə ciddi şəkildə yanaşması ilə yaxasını kənara çəkən İDF MMC-nin direktoru Elnur Hüseynov və Şəhərcikdə qanunsuz idarəetmə həyata keçirən komendantlıq adlanan saxta qurumun nümayəndəsi Ehtiram Yusifov isə gizlənməklə sakinləri yenidən çətin vəziyyətdə qoydular. Yalnız Abşeron rayon icra hakimiyyətinin işə müdaxiləsindən sonra Şəhərcikdə elektrik bərpa edildi və müvəqqəti olaraq sakinlərə rahatlıq yaradıldı. Dünəndən başlayaraq isə şəhərciyi qanunsuz idarə edən komendantlıq və onu nümayəndələri qapı-qapı düşərək elektrik pullarını ödəməyi tələb edir və yaxud ağına-bozuna baxmadan mənzillərimizin kabellərini doğrayırlar. Dünən isə növbəti belə təkrar olundu, bir çox mənzillərin kabelləri doğrandı. Sakinlər isə cavab tədbiri kimi komendant Ehtiram Yusifovun mənzilinin kabelini kəsmək istəsə də, şitə müdaxilə edə bilmədilər. Çünki elektrik şiti bir neçə yerdən zəncirlənmiş və onun köməkçiləri tərəfindən mühafizə olunurdu.
Hörmətli, media!
Sakinlər Şirkətin əvvəlki aylarda yığaraq dövlət büdcəsinə ödənilməyən borc öhdəliyindən qorxaraq ödəniş etməyi dayandırmaq məcburiyyətində qalıb. Hamı 1 nəfər kimi qorxur ki, şirkət pulları mənimsəyir və borcu ödəməyərək nəticədə sakinləri çətin vəziyyətdə qoyurlar. Biz buradan yenidən Azərişıq ASC-yə üzümüzü tutaraq səslənirik. Nəyə görə, şəhərcik sakinlərini fərdi abonent kimi tanımaqdan hələ də imtina edirsiniz? Nəyə görə dövlətin çətin iqtisadi vəziyyətində büdcəyə köçürülməli olan vəsaitlərin ayrı-ayrı dələduzlar tərəfindən mənimsənilməsinə göz yumursunuz? Və ən nəhayət, nəyə görə sakinlərə bu zülmləri yaradırsınız?
teref.az olaraq qarşı tərəfin fikirlərii dinləməyə hazırıq!
teref.az

