Vasif Talıbovun “qudurğanlığa” qarşı mübarizəsi: Sədr, deputatın həyat yoldaşını niyə qovdu?
14-07-2017, 13:02

Cəzasızlıq mühitinin baş alıb getdiyi cəmiyyətlərdə, Prezident İlham Əliyevin təbirincə desək, “qudurğanlıq” qaçınılmaz olur. Özlərini toxunulmaz sayan məmurlar və onların ərköyün balaları istər-istəməz fironluq eşqinə düşür, qanun-qayda tanımadan həyatlarını davam etdirirlər. Bu mənada “qudurğanlığın” yayılmasında “qudurdanların” da böyük günahı var. Necə ki, şair Heydər Oğuz qəzəllərinin birində bu məqama diqqət çəkərək, deyir:
“Niyə, bilməm, aranır təkcə qudurğanda günah?
Quduran suçlusa, yoxdurmu qudurdanda günah?”
Görünür, komandasının uzun illər hakimiyyətdə olmağının gətirdiyi “qudurğanlıq sindromu”nun ağır nəticələrini aradan qaldırmaq istəyən ölkə rəhbərliyi sərt addımlar atmağın vacibliyini anlayıb. Son zamanlar Azərbaycan hakimiyyətində bir çox məmurun, generalın məhz bu sindroma qurban getdiyi də heç kimə sirr deyil.

Şəkildə: Soldan birinci Tural Səfərov
Maraqlıdır ki, “qudurğanlıq sındromu” ilə mübarizədə Naxçıvan Muxtar Respublikası rəhbərliyi də xüsusilə fərqlənir. Tez-tez ölkə mətbuatında dərc olunan yazılarda Muxtar Respublikanın müxtəlif məmurlarının işdən çıxarıldığı xəbərləri yayılsa da, bir-iki cümləlik həmin məlumatlarda cəzalandırmaların əsl səbəbi üzə çıxmır. Ovqat.com-un əldə etdiyi bəzi məlumatlar isə işdən atılan həmin adamların səbəbsiz yerə öz postlarından didərgin salınmadığından xəbər verir. İstərsəniz, gəlin, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun “qudurğanlıq sindromu”yla mübarizəsinin bəzi detallarıyla tanış olaq.
Bir müddət əvvəl Naxçıvanın rəsmi mətbu orqanı olan “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərovun işdən uzaqlaşdırılıb yerinə Mehriban Paşa qızı Sultanovanın gətirildiyi məlumatları yayılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 15 aprel tarixli Sərəncamı ilə həyata keçirilən bu kadr dəyişikliyinin əsl səbəbləri barədə isə heç bir məlumat verilmirdi. Əldə etdiyimiz məlumatlar bu müəmmaya müəyyən aydınlıqlar gətirir.


Bildirilir ki, Ali Məclisin Sədri bəlkə də bu qədər kiçik məsələyə göz yuma bilərdi. Fəqət Tural Səfərovun öz işçilərinə münasibətdə yol verdiyi bəzi bağışlanmaz günahların ortaya çıxması Muxtar Respublika rəhbərliyində onun əsl yerinin öz evinə bağlanması olduğu qənaətini formalaşdırıb. Bizə Tural Səfərovun əsl qüsuru barədə təfsilatlı məlumatlar ötürülsə də, bəzi etik səbəbləri nəzərə bunu yayınlamadıq. Sadəcə onu vurğulamaq istəyirik ki, baş redaktorun öz postuyla vidalaşması səbəbsiz olmayıb.

Şəkildə: Nurlan Əliyev
“Qudurğançılıq sindromu” kifayət qədər sərt qaydalarla idarə olunan Naxçıvanda da bəzi gözlənilməz hərəkətlərin ortaya çıxmasıyla müşahidə olunurmuş. Məsələn, özünü toxunulmaz hesab edən bəzi məmurlar dövlət orqanlarının binalarında bir-birini əməlli-başlı “qapırmışlar”. Bildirildiyinə görə, belə hadisələrdən biri ötən ay baş verib.
Yəqin, bir çoxlarınız mətbu orqanlarda Muxtar Respublikanın vergilər nazirinin müavini Nurlan Əliyevin, daha sonra isə nazir Əli Muxtər oğlu Mahmudovun işdən atıldığını oxuyubsunuz. Amma bəlkə ağlınızın ucundan da keçməyib ki, həmin şəxslər dövlət idarəsini əməlli-başlı qaydasız döyüş meydançasına çeviribmişlər. Bəli, bizə ötürülən məlumatlara görə, Nurlan Əliyevlə Əli Mahmudov Naxçıvan MR Vergilər Nazirliyinin binasını bir-birinin qanına bələyib. Səbəb isə qanunsuz yolla əldə olunan vəsaitlərin bölüşdürülə bilməməsi imiş.
Bildirilir ki, nazir müavini Nurlan Əliyevi öz nazirini döyəcək qədər güclü edən amil təkcə döyüşün öz meydanında baş verməsi deyilmiş. Həm də onun yoldaşının Azərbaycan Milli Məclisinin deputatı olmasıymış. Azərbaycan ictimaiyyətinin rəssam-deputat kimi tanıdığı Ülviyyə Həmzəyevanın yoldaşı olan Nurlan Əliyev sahib olduğu bu üstünlüyündən yetərincə yararlanırmış. Onun nazirlə qaydasız döyüşdə tamamilə haqsız olduğu da bizə ötürülən informasiyalar arasındadır. Təsadüfi deyil ki, Naxçıvan rəhbərliyi ilk əvvəl onu işdən atıb (21 İyun 2017), üzərindən bir gün keçəndən sonra isə naziri də onun dalınca istefaya göndərib.

Şəkildə: Rəssamı deputat edən sənəd əsəri
Qeyd edək ki, Nurlan Həsənovun yoldaşı Ülviyyə xanım öz yaradıcı bacarığı ilə deputat mandatı qazanıb. Onun ən məşhur əsəri isə Vasif Talıbovun portretidir. Milli ornamentlərlə bəzənən bu portret 33 yaşlı Ülviyyə xanıma 2015-ci ildə Culfa-Babək seçki dairəsində yaşayan naxçıvanlıların Azərbaycan parlamentində təmsilçilik hüququ qazandırıb. Görünür, bir rəsmin dəyərinin bu deputatlıqdan daha baha olduğuna inanan Əliyev-Həmzəyeva ailəsi Muxtar Respublikanın vergilər sisteminə nəzarəti də öz təbii haqları hesab edirmişlər. Əlbəttə ki, Ali Məclisin Sədri Vasif Talıbov hər əsərin dəyərinin nə qədər olduğunu onlara başa salmalı idi.
Maraqlıdır ki, analoji hadisə 2011-ci ildə də baş verib. Bildirildiyinə görə, o zaman Naxçıvanın İdman və Gənclər naziri ilə yeni təyin olmuş nazir müavini arasında kabinetdə əlbəyaxa döyüşü yaşanmışdı. Yenə də dava səlahiyyət bölgüsü üstündə çıxıbmış. Ali Məclisin Sədri hər iki davakara kabinetin kabinet olduğunu, döyüşlərin ancaq küncdə-bucaqda aparıldığını başa salmaq üçün ikisini də küçəyə atıb.
ovqat.com