ŞAMAXIDA İNSANLAR KİMƏ MÜRACİƏT EDƏCƏKLƏRİNİ BİLMİRLƏR
18-08-2017, 10:32

Fəhlələri artıq rayon İcra Hakimiyyətində də qəbul etmirlər.
Ötən gün Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilirdi ki, çoxlu sayda işçi artıq üçüncü aydır işlədikləri müqabilində alacaqları əmək haqqlarını kimdən istəyəcəklərini bilmirlər. Məlumatda o da qeyd edilir ki, layıhə çərçivəsində rayonun Dəmirçi kəndində artıq bir müddətdir ki, evlərin dam örtüklərinin dəyişdirilməsi də daxil olmaqla, yenidənqurma və abadlıq işləri aparılır. Prosesə cəlb edilən işçilər ilk aylarda əmək haqlarını müəyyən edilmiş zamanda alsalar da, yuxarıda qeyd edildiyi kimi artıq üç aydır ki, nəinki öz vəsaitlərini ala bilmirlər, hətta artıq bu barədə kimə müraciət edəcəkləri belə bilmirlər. Belə ki, öncə müəyyən problemləri olduğu halda rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edən fəhlələri artıq orada da qəbul etmirlər.

Mənbənin verdiyi məlumatda bildirilir ki, Şamaxı rayon İcra Hakimiyyəti əvvəllər yaranan problemləri bilavasitə özü həll etsə də, layihə çərçivəsində görülən iş bitdikdən sonra artıq fəhlələr əmək haqlarının verilməsi ilə bağlı yaranmış problemlə əlaqədar icraçı şirkətə müraciət etməyə istiqamətləndirir. Şirkətdə isə üç aydır əmək haqqı ala bilməyən çarəsiz insanlara öz problemlərini Şamaxı rayon İcra Hakimiyyətinn rəhbərliyi ilə birlikdə çözməyi məsləhət görürlər. Nəticədə isə onlarla işçi aylardır ki, çarəsiz durumdadırlar.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq və münasibətlərini dərc etməyə hazırıq.