Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərini “Dəmir günbəz”lə qoruyur - “REZONANSİ”DƏN SENSASİYA

21-09-2017, 14:11           
Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərini “Dəmir günbəz”lə qoruyur - “REZONANSİ”DƏN SENSASİYA
Azərbaycan İsrail istehsalı olan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinin mühafizəsinə cəlb etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti yazıb. Qəzet yazır ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə əlaqəlidir.

“Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan “Dəmir günbəz” yerləşdiriləcək”-qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır.

Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılmışdı. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar. “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu. Lakin daha sonra bu sistemləri istehsal edən “Rafael Advansed Systems” şirkəti Pentaqonun sifarişi ilə “Dəmir günbəz”lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub. Azərbaycan İsraildən “Dəmir günbəz”lərin məhz bu versiyasını sifariş edib.

“Ruslar Qori-Tbilisi avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil”-ekspert deyib.

Qəzet yazır ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. “Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, eləcə də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik”-Vaxtanq Maisaya gileylənib.

Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. “Məlum olduğu kimi 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbətdə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm”-general deyib.

Salukvadze qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.