AKADEMİK ŞAHBAZ MURADOV VƏLİ HÜSEYNOVDAN BAŞ PROKURORLUĞA ŞİKAYƏT VERİR
28-09-2017, 09:51

Şahbaz Muradov: «Vəli Hüseynov mənə zəng etdirir, təzyiq göstərir ki, baş verənlər haqda susum, mətbuata çıxarmayım, Prezidentimiz elmimizi uçuruma aparanların əməllərindən xəbər tutmasın...»
Bu gün redaksiyamıza zəng edən akademik Şahbaz Muradov böyük rezonans doğuran bu müraciəti ictimailəşdirdiyimizə və qəzetdə dərc etdiyimizə görə «Təzadlar»ın rəhbərliyinə, redaksiya kollektivinə dərin minnətdarlığını bildirdi… Hörmətli alimin söhbətindən belə başa düşdük ki, onun məlum «Açıq məktub»u bir müddət əvvəl cənab Prezident İlham Əliyevə göndərilibmiş və Prezident Administrasiyası tədbir görülməsi üçün həmin müraciəti AAK-a istiqamətləndirib, lakin AAK-ın sədri vəzifəsini bir ildir müvəqqəti icra edən Vəli Hüseynov akademikə cavab verməyə təsəlməmişdir. Əksinə, o, Ş.Muradovun yaxın qohumlarına və dostlarına, həmkarlarına zəng etdirərək onu bu şikayətlərdən əl çəkməyə məcbur etmək istəyindədir və s.
Bunları nəzərə alaraq akademikə bir neçə sualla müraciət etdik:
-Şahbaz müəllim, bildiyimizə görə, Sizin AAK sədrini müvəqqəti əvəz edən Vəli Hüseynova ünvanlı məlum «Açıq Məktub»unuzu bir müddət əvvəl fərqli, bir az da sərt formada Prezident İlham Əliyevə göndərmisiniz. Nəticəsi necə oldu, tədbir görüldümü?
-Təşəkkür edirəm… Etiraf edim ki, həmin «Açıq məktub»u yazmaq istəmirdim. Amma dözə bilmədim... Bildiyiniz kimi, Azərbaycan Nazirlər Kabineti tərəfindən 2009-2010-cu illərdə aspiranturaya, doktoranturaya və dissertanturaya qəbulun dayandırılmasına və ölkəmizin bütün elmi tədqiqat və ali təhsil müəssisələrində, o cümlədən də AMEA-nın bütün İnstitutlarında Nazirlər Kabinetinin bu qərarına əməl edildiyi halda, nədəndirsə təkcə AMEA İqtisadiyyat İnstitutunun keçmiş direktoru prof. İsa Alıyev AMEA-nın Rəyasət Heyətində və Ali Attestasiya Komissiyasında onunla həmfikir olan yüksək vəzifəli məmurların onun saxtakarlıqlarını ört-basdır edəcəyinə arxayın olub respublika hökumətinin qərarını qulaq ardına vurmuşlar. Onlar 2009-2010-cu illərdə 28 nəfər İran İslam Respublikası və Azərbaycan Respublikası vətəndaşlarını İnstitutun mövcud olmayan dissertanturası və doktoranturasına “qəbul etdirmişlər. Bunların sırasında AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları i.e.n Tahir Sərdarov (“2” dekabr 2009-cu ildə); i.e.n. Aqil Əsədov (“29” may 2009-cu ildə); kənar təşkilatlardan Elsebər Kərimov (“28” sentyabr 2009-cu il) və sair başqalarının adları vardır. Bu deyilənlərin isə, əlbəttə ki, saxtakarlıqdan başqa adı yoxdur.Prezident İlham Əliyev cənablarının “5” iyun 2008-ci ildə AAK-sı haqqında imzaladığı fərmanın 54-cü bəndində deyilirdi ki,“...attestasiya işindəki sənədlərin saxtalaşdırılması aşkar olunduqda alimlik dərəcəsi və elmi ad verilmiş şəxslər alimlik dərəcəsindən və (və ya) elmi adından məhrum edilə bilər”. Bəli, mən cinayət xarakterli bu məsələləri əvvəlcə Prezident Administrasiyasındakı şəxslərin diqqətinə çatdırdım. Lakin nəticə olmadı. O mənada ki, PA həmin şikayəti AAK-a göndərdi, tədbir görülməsi üçün... Vəli Hüseynov da cavab yaza bilmədi, Rəyasət Heyətinin üzvlərindən gizlətmişdir... Sonra məcbur olub AAK-ın sədri vəzifəsini 1 ildir müvəqqəti icra edən Vəli Hüseynovun diqqətinə çatdırdım ki, bunlardan nəticə çıxarsın, saxtakarlığını davam etdirməsin. Mənim də uzun illər direktoru olduğum AMEA-nın İqtisadiyyat İnstitutunda qeyri-qanuni əməllərə direktor İsa Alıyev rəvac vermişdir. Vəli Hüseynov isə hələ Naxçıvandan İsa Alıyevlə yaxın münasibətdə idi. Akademiyanın rəyasət Heyətində hörmətli akademiklərdən birinin sayəsində, lazım gələndə adını da qeyd edəcəyəm, bu İsa Alıyevi gətirib İqtisadiyyat İnstitutuna direktor qoydular. «Açıq məktub»da yazmışdım, bu adam elmlə məşğul olmaq əvəzinə işini-gücünü aspirantura və doktoranturaya qəbul məsələlərinə yönəltdi… Mən AMEA-nın iqtisadiyyat üzrə problem şurasının sədri olmuşam (2004-2014)… Ümumiyyətlə, həmişə belə olub ki, AMEA-nın institutlarının direktorları bir qayda olaraq həmin şuraların sədri olurlar. Mən də iqtisadiyyat üzrə problem şurasının sədri idim, dəfələrlə məndən saxta sənədləri keçirmək istəyirdilər, demişəm ki, ay balam, Nazirlər Kabineti tərəfindən 2009-2010-cu illərdə aspiranturaya, doktoranturaya və dissertanturaya qəbul dayandırılıb, yığışdırın bu saxtakarlıqları. «Təzadlar»da mənim həmin «Açıq məktub»um dərc olunandan sonra onlarla görkəmli şəxslər mənə zəng edərək elmimizi ayaq altına atan bu şəxslərin əməllərini açıqladığıma görə mənə minnətdarlıq etdilər, bu zənglər hələ də davam edir, sayı-hesabı yoxdur. Eyni zamanda, adını demək istəmədiyim, mənim yaxın dostum olan akademikə Vəli Hüseynov xahiş edib, yalvarıb ki, mənə təsir etsinlər ki, Şahbaz Muradov o şikayətlərini geri götürsün, dayandırsın, qəzetə çıxmasın... Təsəvvür edirsiniz, bu adam mənimlə alver eliyir…
-Bəs sizin cavabınız və ya mövqeyinizi necə oldu?
-Mən həmin akademikə dedim ki, mən sona kimi gedəcəyəm, bu mənim Azərbaycan elmi qarşısında olan mənəvi, vicdan borcumdur. Bu Vəli Hüseynov Azərbaycan elminin məhvə aparılması yolunda min oyundan çıxır. Mən sonda lazım gəlsə onun barəsində olan bütün sənədləri Baş Prokurorluğa göndərəcəyəm. Mən bu işlərin axırına çıxmalıyam. Mənim davam bisavad elmlər doktorları ilə deyil, onların sayı Azərbaycanda çoxdur. Mənim davam onlara bu saxta sənədləri verənlərlədir.
"Mənə təzyiq edirlər, xahiş edirlər ki, bu problemləri qaldırmayım, Vəli Hüseynovun qanunsuz hərəkətlərindən yazmayım"
-Bir sözlə, deyirəm, mən bir alim kimi sizin qəzetdə obyektiv mövqeyimi ortaya qomuşam, bu biabırçılıqlar, Vəli Hüseynovun hoqqaları barədə cənab Prezidentə yazmışam… Mən nə istəyirəm, deyirəm ki, bu saxtakarlıqlara son verin, elmimiz yazıqdır... Sonra da deyirlər ki, elmimiz niyə bu gündədir??? Azərbaycan elmi uçuruma gedir. Daha doğrusu, uçuruma gedib. İnd onu xilas etmək lazımdır. Baş verənləri də 22 səhifədən ibarət geniş formada Prezidentə göndərmişəm. Mən gecələr oturub elmi kitablar yazmaq əvəzinə elmimizi uçuruma aparan səbəblərdən yazıram. Mən neyləməliyəm? Təkrar edirəm, mənə təzyiq edirlər, xahiş edirlər ki, bu problemləri qaldırmayım, Vəli Hüseynovun qanunsuz hərəkətlərindən yazmayım. Amma mənim vicdanım bunu qəbul edə bilməz. Mən həmin «Açıq məktub»un bir surətini akademik Abel Məhərrəmova, AMEA-nın Prezidenti Akif Əlizadəyə göndərmişəm ki, görün elmimizin başına nə oyun açırlar. Birini də Ziyad Səmədzadəyə göndərmişəm… Xahiş etmişəm ki, tədbir görün. Mən bu gün özümü çox pis hiss edirəm. Çünki Vəli Hüseynov əl çəkmir, əl çəkmək istəmir… Ya onlar həmin soveti ləğv edib qaytarmalıdırlar İqtisadiyyat İnstitutuna, ya da… Əvvəla, bizim institutda elmlər doktorluğu üzrə dissertasiya şurası var, son 5 ildə yalnız bir nəfər elmlər doktorluğu dissertasiyasını müdafiə edib. Şura burada olduğu halda, 5 nəfəri kənara göndəriblər, onlardan 2 nəfəri İqtisad Universitetində müdafiə ediblər və AAK-da müsbət rəy alıb keçiblər. Ancaq Vəli Hüseynov sədr əvəzi vəzifəsinə keçən kimi onları əsassız surətdə təkrar rəyə göndərib. Məqsəd nədir?
Onu da deyim ki, ötən müraciətimdə qeyd etmişdim, mən İqtisadiyyat üzrə Problem Şurasının sədri kimi AMEA prezidenti və RETƏŞ-nın sədri cənab ak. A.A.Əlizadəyə AMEA İqtisadiyyat İnstitutunun direktoru i.e.d. İsa Alıyevin 2008-2010-cu illərdə İnstitutun aspiranturası, doktoranturası və dissertanturasına qəbul vaxtı yol verdiyi ciddi nöqsanlar və törətdiyi saxtakarlıqlar barəsində təqdim etdiyim “31” may 2013-cü il tarixli təhriri məruzəmin və bu təhriri məruzəmə 1 il 1 ay keçdikdən sonra AMEA-nın vitse-prezidenti ak. İsa Həbibbəylinin “20” iyun 2014-cü ildə mənə göndərdiyi cavab məktubunun, həmçinin “05” may 2015-ci və “17” sentyabr 2015-ci il tarixlərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsini icra etmiş prof. N.Müzəffərliyə (İmanova) 2009-cu ildə İqtisadiyyat İnstitutunun əməkdaşları Tahir Sərdarov və Aqil Əsədovun, 2008-ci ildə isə Kooperasiya Universitetinin dosenti Elsevər Kərimovun saxta yollarla İnstitutun dissertanturasına “qəbul edilmələri” haqqında təqdim etdiyim və bu günədək cavabsız qalmış təhriri məruzələrimin surətlərini də əlavə etmişdim ki, Vəli Hüseynov həmin işlərdən xəbərdar olsun, səhvə yol verməsin. Axı necə ola bilər ki, AAK-da iqtisad elmləri namizədləri Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimovun şəxsi işləri ilə tanış olduqdan sonra yuxarıda qeyd edilən saxtakarlıqların heç birini görməmişlər?! Məgər həmin şəxslərin AAK-na təqdim edilmiş sənədlərindəki bu qədər təkzib olunmaz və sübuta da ehtiyacı olmayan saxtakarlıqları görməsinlər?! Amma onlar bildiklərini etməkdə israrlı idilər. Amma sonradan nə baş verdi: mənim məktubumu alandan sonra AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Elsevər Kərimovun sənədləri saxta olduğu üçün müdafiədən imtina edib, AAK-a geri qaytarıb... O, əsil alimlik və vətəndaşlıq borcunu yerinə yetirmişdir...
-Şahbaz müəllim, doğrudan da, AMEA-nın İqtisadiyyat İnstitutunda müdafiə şurası dura-dura, niyə onlar işi başqa yerə göndərirlər?
-Ona görə ki, işləri saxtadır, bilirlər ki, bizdə keçə bilməz... Amma kənarda istədiklərini edə bilirlər.
-Sonuncu sual: əgər AAK-da baş verənlərlə bağlı qaldırdığınız məsələlər ədalətli, elmimizin gələcəyi naminə həllini tapmasa, daha hansı addımlar atmaq fikrindəsiniz?
-Mən bütün sənədləri, onlar yaxşı bilir, Baş Prokurorluğa göndərəcəyəm və yenidən cənab Prezidentimiz İlham Əliyevə göndərmək məcburiyyətində qalacağam. Əminəm ki, ədalət gec də olsa zəfər çalacaq... Qoy məsələyə bu dəfə həm də hüquqi müstəvidə cavab versinlər... Təsəvvür edin, bir sürücü avtoqəza törədir, hansısa vətəndaşı bilmədən, texniki qəza səbəbindən şikəst edir, onu həbs edirlər, barəsində cinayət işi qaldırırlar. Vəli Hüseynov və digərləri elmimizi uçuruma aparır, şikəst edirlər, onlara qarşı tədbir görülmür. Bu necə ola bilər? Demişəm, bütün həyatımı bu yolda qoyacağam, amma AAK-da qayda-qanun yaradılmalıdır. Bütün neqativ söz-söhbətlərə son qoyulmalıdır... Görürsünüzmü, hamı AAK barədə mənfi fikirdədir, inam və etibar itib. Təsəvvür edirsinizmi, iş geri qayıdırsa, gərək elmi şurada müzakirə edilsin, nöqsanlar araşdırılsın, səbəbi bilinsin ki, niyə geri qayıdıb. Bunlar isə həmin işi gizlədirlər və sonradan məlum olur ki, həmin adam ildırım sürəti ilə müdafiə edib. Belə də elm olar??? Amma bütün protokolların surətləri məndədir. Bu dəfə Baş Prokurorluğa təqdim edəcəyəm...
-Ciddi və maraqlı açıqlamaya görə minnətdarıq.