Füzulidə “Qaçqınkom” korrupsiyası və 400 minlik əməliyyat
31-07-2015, 15:37
Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin sensasion korrupsiya hallarına yol verməsi haqda məlumatlar var.
TİA.AZ-ın əldə etdiyi məlumatda deyilir ki, Alı Alıyev “Qaçqınkom”un Füzuli rayon ərazi üzrə nümayəndəliyi ilə əlbir olub.
Alı Alıyev Ramil Hüseynovu nümayəndəliyə müdir təyin edərkən “Qaçqınkomun”un sədri Əli Həsənovu aldadıb. İcra başçısı Əli Həsənova bildirib ki, R. Hüseynov Cəbrayıl rayonundandır, beləliklə də Ə. Həsənov R.Hüseynovu tərəddüdsüz nümayəndə təyin edir. Burda isə qazanan heç də Ə.Həsənov olmur. Daha çox qazanan Alı Alıyev olur. Ramil Hüseynovun idarə müdiri işləməsi 25 min manata başa gəlir.
İcra başçısı rüşvət müqabilində onu vəzifəyə təyin edib. O da var ki, icra başçısı R. Hüseynovu rayonun Qaz İstismar sahəsinə rəis təyin etmək istəyib, lakin “Azərqaz” istehsalat birliyi tərəfindən bu şəxsin yarasız olduğu bildirilərək başçının təqdimatı geri çevrilir. İcra başçısı da öz növbəsində aldığı 25 min manatı geri qaytarmasın deyə, R. Hüseynovu “Qaçqınkom”un Füzuli rayon nümayəndəliyinə təyin etdirir.
Digər xəbərdə isə bildirilir ki, Füzulinin icra başçısı 400 min manat borca düşüb. Borcun yaranmasına səbəb devalivasiyadan sonra iki böyük şirkətinin zərərə düşməsi olub.
İddia edilir ki, Alı Alıyev artıq 400 minlik borucunu məhz sahibkarların hesabına bağlamağı qətiləşdirib. Sahibkarlıqla məşğul olan Bəxtiyar Babayev onun fermer təsərrüfatına müdaxilə edildiyini bildirib. Sahibkarın sözlərinə görə, qanunları pozan icra başçısı Alı Alıyev onun sahəsini başqasına satmağa qalxıb.
Fermer vurğulayıb ki, vaxtıyla bütün qanunlara müvafiq olaraq Füzuli rayonunda sahibkarlıq baxımından 50 hektar torpaq sahəsi alıb. Ancaq bir müddət keçdikdən sonra ayrılan torpaq sahəsinə görə icra başçısı Alı Alıyevlə problemlər yaşanmağa başlayıb. Problemin əsası sahibkar Bəxtiyar Əliyevə ayrılan torpaq sahəsini Alı Alıyev başqasına satmaq fikri olub.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Füzuli rayon şöbəsinin 03 fevral 2012-ci il tarixli 08/Rİ №-li rəyi və yerqurluşu planı nəzərə alınmaqla Füzuli rayon İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli 167 saylı sərəncamına əsasən vətəndaşa 15 illik müqavilə əsasında ayrılmış 50 hektarlıq torpaq sahəsi Alı Alıyev tərəfindən qanunsuz olaraq sahibkardan alınmaq istənilir. Onun dediyinə görə, buna nail olmaq istəyən icra başçısı Füzuli rayonunun polisindən, bələdiyyəsindən və rayon prokurorluğundan istifadə edərək hədə-qorxular gəlməkdən belə daşınmır.