Azər Abbasov İsmayıllının turizm və mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur

31-07-2015, 18:19           
Azər Abbasov İsmayıllının turizm və mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur
Bu gün İsmayıllı ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də rayonun turizm və mədəniyyət sahələrinin inkişafı yolunda yerli bürokratların törətdikləri əngəllərlə bağlıdır. Qeyd etmək lazımdır ki, ötən saylarımızda dərc olunmuş materiallarda biz bu mövzuya artıq bir neçə dəfə toxunmuş, yerli mənbələrdən aldığımız məlumatlar əsasında rayonun Mədəniyyət və Turizm şöbəsinin qeyri-qənaətbəxş fəaliyyətindən, o cümlədən şöbəyə rəhbərlik edən Azər Abbasovun yol verdiyi bir çox qanunsuz əməllərdən bəhs etmişdik. Lakin redaksiyamıza daxil olmaqda davam edən məktublarda bildirilir ki, bütün bu yazılan tənqidlər sözügedən şöbənin işində hər hansı dönüş yaradılmasına gətirib çıxarmır. Mənbələr iddia edirlər ki, əgər Azər Abbasovun İsmayıllıda mədəniyyət və xüsusilə də turizm sahələrinin tam tənəzzülünə səbəb ola biləcək dağıdıcı fəaliyyətinin qarşısı təcili olaraq alınmazsa, ən qısa zamanda rayon iqtisadiyyatında müxtəlif fəsadlar müşahidə olunacaq. Məlum olduğu kimi İsmayıllı rayonu respublikamızın ən qədim mədəniyyət və turizm mərkəzlərindən biridir. Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adına qala, həmçinin Qız, Qasımxan, Niyal, Mustafaxan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir. Bu gün İsmayıllıda 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal tarixi mədəniyyət qoruqları, rayon və Lahıc Tarix Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Son illər ərzində Mərkəzləşmiş Kitabxana Sisteminin inzibati binasında, Uşaq İncəsənət Məktəbində, Mollaisaqlı kənd Mədəniyyət evinin kitabxanasında, Qubaxəlilli kənd mədəniyyət evində, Diyallı kənd mədəniyyət evi və kitabxanasında, Quşencə kənd kitabxanasında əsaslı təmir işlərinin aparılması məqsədilə dövlət tərəfindən külli-miqdarda vəsaitlər ayrılıb. Lakin mənbələr iddia edirlər ki, bu vəsaitlərin əksər hissəsi heç də təyinatı üzrə xərclənməyib. Rayondakı tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası ilə bağlı demək olar ki, heç bir iş görülməyib. Aparılan təmir işləri isə yalnız səthi, kosmetik xarakter daşıyıb. Mədəniyyət evlərinin isə, texniki avadanlıqlarla təminatı həyata keçirilməyib. Daha sonra məlumatlarda bildirilir ki, son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilmiş, yeni turizm marşrutları müəyyənləşdirilmişdir. Azər Abbasov isə, həmin bu turizm obyektlərini, hətta turist-gəzinti marşrutlarını belə şəxsi gəlir mənbəyinə çevirmişdir. Rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və turizm müəssisələrinin istisnasız olaraq, hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməli olduqları barədə biz artıq ötən materiallarda yazmışdıq. Bundan başqa isə, mənbələr iddia edirlər ki, şöbə müdiri turist-gəzinti marşrutları boyunca da özünə əsil ticarət şəbəkəsi yaratmışdır. Belə ki, marşrut üzərində yerləşən xırda ticarət obyektlərində turistlərə yerli suvenirlər, xatirə hədiyyələri və sairənin satışı həyata keçirilir. Əldə olunan gəlirlərin isə, böyük bir hissəsini bu ticarətlə məşğul olanlar yenə də Azər Abbasova verməli olurlar. Redaksiyamıza təqdim olunan bütün bu və digər məlumatları ümumiləşdirərək, biz artıq ötən materiallarda da qeyd etmişdik ki, Azər Abbasov İsmayıllının turizm və mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Lakin təəssüflər olsun ki, nə rayon rəhbərliyi, nə də ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılması istiqamətində hələ də konkret addımlar atılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.