“Bakcell”in xəyanəti
31-07-2015, 21:10
Yaxud mobil operator sadiq müştərilərinə niyə qiymət vermir?
Texnologiya, internet əsrində yaşadığımız üçün müasir sistemlərlə təchiz edilmiş mobil telefonlar günümüzün ayrılmaz hissəsinə çevrilib. Mətbuat sahəsində fəaliyyət göstərən insanlar üçün bu cür vasitələrdən istifadə daha önəmlidir. İşdən kənarda olanda üzləşdiyimiz hansısa hadisəni çəkib operativ şəkildə redaksiyaya ötürmək imkanımız olur. Amma bəzi hallarda mobil operatorlarda üzə çıxan problemlər bizim də işimizə mənfi təsir göstərir. Neçə illərdir ki, “Bakcell” şirkətinin müştərisiyəm. Təxminən 10 ildən çox olar ki, cin nömrə işlədirəm. İndiyə qədər “Bakcell”ə xəyanət etməmişəm, yəni başqa mobil operatorlara keçməmişəm. Son vaxtlar isə şirkətin göstərdiyi xidmətlərin keyfiyyəti məni qane etmir. Bir neçə ay əvvəl şəbəkə problemi ilə bağlı “Bakcell” rəsmilərinə öz etirazımı bildirmişdim. Qısaca deyim ki, telefonla danışdığım yerdə gah şəbəkə itirdi, gah da kiməsə zəng vurmaq istəyəndə bir neçə cəhddən sonra düşə bilirdim. Dərdimi mobil operatorun işçilərinə dedim. Şirkətdən bildirdilər ki, problem guya mənim işlədiyim ərazidədir. Yəni ərazidə şəbəkə zəif olduğu üçün danışmaq mümkün olmur. Halbuki, yaşadığım qəsəbədə də eyni problemlə üzləşirdim. Dəfələrlə şikayət edəndən sonra vəziyyət nisbətən normallaşdı. Elə yenicə sevinməyə başlamışdım ki, “Bakcell” sevincimi gözümdə qoydu. Çünki son iki həftədir ki, yenidən həmin problemlə üz-üzə qalmışam. Nə nömrəmin internet paketi normal işləyir, nə də şəbəkə düz əməlli tutur. Şirkətin nümayəndələri isə bütün günü özlərini reklam edirlər. Guya 4 G internet xidmətini tətbiq edirlər. Mənim kimi abunəçilər isə heç 2 G-nin xidmətlərindən yararlana bilmir. Bundan başqa, bir neçə gün əvvəl “Bakcell”dən götürdüyüm XL paketinin vaxtı bitmişdi. Tarifi yeniləmək üçün paketin müəyyən olunmuş kodunu yığdım. Buna görə balansımdan 10 manat xidmət haqqı çıxılmalı idi. Ancaq 20 manatımı çıxdılar. Dərhal 555 nömrəsinə yığıb iradımı bildirdim. Şirkətdən etirazımın qəbul edildiyini və texniki şöbəyə məlumat verildiyini dedilər. İki gün heç bir səs-soraq çıxmadı. Yenidən şirkətlə əlaqə saxladım. Həmin gün ərzində problemin yoluna qoyulacağını söylədilər. Bu dəfə də sözlərinə əməl etmədilər. Nəhayət 10 gündən sonra şikayətim araşdırıldı. Heç bir xəbərdarlıq mesajı filan göndərmədən balansımdan oğurladıqları 10 manatı yerinə qaytardılar. Bunu da balansımı yoxlayandan sonra bildim. Mobil operator məndən, eləcə də digər müştərilərindən bu qədər balans oğurlasa, ayda milyonlarla pul edir. Biz isə sadəlövh şəkildə “Bakcell”dən keyfiyyətli xidmət gözləyirik. Dost-tanışların, qohumların çoxu cin nömrəmi bildiyi üçün dəyişmək istəmirəm. Nə qədər pis xidmət göstərsələr də, “Bakcell”ə xəyanət etmək niyyətində deyiləm. Kaş ki, şirkət rəhbərliyi də bunu başa düşəydi və mobil operatora sadiq olan abunəçilərinə keyfiyyətli xidmət göstərəydi. Lazım gələrsə, nömrəmi şirkətin rəsmilərinə deyərəm və sadaladığım problemləri araşdıra bilərlər.
Pərvin Mahmud
gundelik-baku.com