Zaqatala xəstəxanasındakı dəhşətlərin davamı

3-08-2015, 21:33           
Zaqatala xəstəxanasındakı dəhşətlərin davamı
“Zaqatala xəstəxanasında dəhşətlər” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə Zaqatala sakini Rövşən Mehdiyevin müraciətindən bəhs edirdi: “ 1 iyulda mənim 11 yaşlı oğlum avtoqəzaya düşüb. Bizim müraciətimizə baxmayaraq təcili yardım hadisə yerinə gəlib çıxmadı. Biz özümüz uşağı xəstəxanaya apardıq . Mən həkimlərə yalvardım ki, uşağa kömək etsinlər. Ancaq mənə dedilər ki, növbətçi həkim iş yerində yoxdur. O hətta iş yerində olsa da heç bir yardım edə bilməzdi, çünki xəstəxanada zəruri dərmanlar və qan ehtiyatı, rentgen aparatı yoxdur. Zəruri yardım ala bilmədiyi üçün mənim oğlum xəstəxanada öldü”.
Məqalə dərc olunadan sonra redaksiyamıza Zaqatala Mərkəzi xəstəxanasının kollektivinin müraciəti daxil oldu. Onlar Rövşən Mehdiyevin ittihamlarını inkar edirdilər. Məktubun müəlliflərinin fikrincə xəstəxananın həkimləri Rövşən Mehdiyevin oğlunun xilası üçün mümkün olan hər şeyi ediblər. Onu müayinə etmək üçün rəqəmli rentgen aparatından istifadə olunub. Təcili yardımla əlaqə saxlayaraq neyrocərrah və neyroreanimatoloq dəvət olunub. Təəssüf ki, xəstəni xilas etmək mümkün olmayıb”.
Məktub bizə daxil olandan sonra xəstəxana ilə əlaqə saxladıq. Baş həkimin müavini Vasif İsrafilzadə Rövşən Mehdiyevin dediklərini inkar etdi: “ Bizdə 4 UZİ aparatı var. Bizim xəstəxanada dəyəri 110 min manat olan rentgen aparatı var, fülyüoqrafiya aparatı var, hamısı işlək vəziyyətdədir”.
Müavinin sözlərinə görə, uşağı xilas etmək üçün hər şey ediblər: “ Bakıdan neyrocərrah dəvət elədik”.
Müxbirimizin “ O, uşağa baxdımı?” sualına baş həkimin müavini belə cavab verdi: “ Bakıdan neyrocərrah dəvət etməzdən öncə xəstənin hematoma vəziyyəti müəyyən olunmalıdır. Sonra 103 xidmətinə zəng edib cərrah dəvət edirik. Biz cərrah dəvət elədik, ancaq o yolda ikən xəstə dünyasını dəyişdi. Sovet vaxtı sanitar aviasiya var idi. Həkimlər vertolyotla xəstəyə köməyə gedirdilər. İndi vertolyotlar ancaq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə dövlət əhəmiyyətli şəxslərə kömək üçün uçurlar”.
Müxbirimizin “ Deməli, adi adamlara kömək üçün vertolyotlar uçmur?” sualına baş həkimin müavininin cavabı belə oldu: “ Rövşən Mehdiyevin oğlu maşın qəzasına düşüb. Belə hallar hər gün olur. Hər qəza vaxtı həkimlər vertolyotla köməyə uçmalıdır?”.
1 avqustda Qafqaz Xəbər Agentliyinə Zaqatalanın Yuxarı Tala kəndindən müraciət daxil olub. Kənd sakini Fazil Rəcəbov yazır ki, onun anası Sevil Rəcəbova Zaqatala Mərkəzi Xəstəxanasının həkimlərinin laqeydliyindən ölüb: “ Mənim anam şəkər xəstəsi idi. Ayyarım əvvəl özünü çox pis hiss edirdi. Biz təcili yardım çağırdıq. Xəstəxana ilə evimizin arası 1 kilometrdir. Ancaq təcili yardım 40 dəqiqədən sonra gəldi. Həkimlər anamın vəziyyətinin çox ağır olduğunu deyərək xəstəni Mərkəzi Xəstəxanaya apardılar. Həkimlər müalicə üçün 300 manat tələb elədilər. Biz kasıb adamlarıq, tələb olunan pulu çox çətinliklə topladıq. Ancaq anam 2 gündən sonra vəfat etdi”.
Rəcəbov yazır ki, anamın yatdığı palataya dəhşətli qəza keçirmiş ,üzü-gözü qan içində olan oğlan yerləşdirdilər. Anam yalvardı ki, onu başqa palataya keçirin, bu dəhşətə dözə bilmirəm. Ancaq həkimlər anamın xahişini yerinə yetirmədilər. Bütün bunlar azmış kimi baş həkimin müavini Rövşən Əhmədov anamın ölümü ilə bağlı akt vermək üçün rüşvət tələb etdi”.
Zaqatala Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Vasif İsrafilzadə Rəcəbovun dediklərini yalan adlandırdı: “ Heç kim Sevil Rəcəbovanın qohumlarından pul tələb etməyib. Bizim xəstəxanada ümumiyyətlə pul almırlar.
Müxbirimizin “ Qəzaya düşən uşaq doğrudanmı, ağır xəstə qadının palatasına yerləşdirlib?” sualına baş həkimin müavini belə cavab verdi: “ Bəs hara yerləşdirməli idik? Bizdə 2 reanimasiya palatası var”.
Baş həkimin müavini ölüm aktı ilə də bağlı da fikrini bildirdi: “ Ölünün sahibindən necə pul tələb etmək olar..?”.
Biz Rövşən Əhmədovun özü ilə də əlaqə saxladıq: “ Mövcud qanunvericiliyə görə, ölüm aktı pulsuz verilir. Bu akt 3 nüsxə hazırlanır. Biri xəstəxanada qalır, biri xəstənin sahibinə verilir, digəri isə VVAQ-a göndərilir”.
Əhmədov onu da qeyd elədi ki, mən baş həkimin təşkilati işlər üzrə müaviniyəm: “ Mən ölüm aktı vermirəm. Mənim işim statistik hesabatlar və işin təşkilidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.