Vergilər naziri Fazil Məmmədovun adı "obnoliçka əməliyyatları" qalmaqalında
4-08-2015, 11:13
Baş nazir postu uğrunda mübarizəyə qoşulan vergilər naziri Fazil Məmmədov çətin vəziyyətlə üzləşib. Azadlıq prospektində yanan bina ilə bağlı yaxın qohumu, Binəqədinin icra başçısı Xaləddin İsgəndərova görə hədəfə gələn nazirin adı indi də "obnoliçka əməliyyatları"nda hallanır.
Məlumat üçün deyək ki, "obnoliçka əməliyyatları" imkansız, savadı olmayan vətəndaşların adına şirkətlər yaradılmaqla həyata keçirilir. Həmin şirkətlər vasitəsilə iri məbləğli maliyyə əməliyyatları aparılır, lakin vergi ödənilmir. Şirkətin vergi borcu 1 milyon manata çatanda "sahibi" həbs olunur. Bu işin əsas fiqurantları isə məsuliyyətdən kənarda qalaraq yeni qurbanlar tapır. Hazırda "obnoliçka əməliyyatları"na görə həbsxanalarda yüzlərlə şəxs cəza çəkir. Onlarda biri də Sumqayıt şəhər sakini Şamil Əliyevdir.
Şamil Əliyev 2012-ci ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun adına bir neçə şirkət açılıb. Məhz Şamil Əliyevi bu işə cəlb edən mütəşəkkil dəstə özlərinin himayədarı kimi Fazil Məmmədovun adını çəkiblər. Şamil Əliyev bu barədə cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib. O, həmin müraciətin bir surətini də İstiqlal.az-ın redaksiyasına yollayıb.
Şamil Əliyev yazır ki, onu bu işə Sumqayıt sakinləri olan Əmrah və Cəbrayıl adlı şəxslər cəlb edib: "İşin mahiyyəti mənə aydın deyildi. Mənə demişdilər ki,şirkət açmışıq səni ora müdir təyin edəcəyik. Mən onlara ali təhsilli olmadığımı, savadsız olduğumu bildirdikdə dedilər ki, bunun üçün savad lazım deyil. Sənin işin yalnız müəyyən sənədlərə imza atmaq olacaq. Sonradan öyrəndim ki, onların da rəhbəri Bakıda yaşayan Şahoğlan adlı şəxsdir. Amma hamı ona Şahin deyirdi. Bildirirdilər ki, bizim arxamızda vergilər naziri dayanır. Məni əmin etdilər ki, bu işdə heç bir qanunsuzluq yoxdur. Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2012-ci ildə həbs olunarkən məlum oldum ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı dedim ki, axı mən 10-20 manat maaş almışam bunun vergi borcu necə 1 milyondan artıq ola bilər? Mənə izah etdilər ki, səni aldadıblar, adına şirkətlər açaraq maxinasiyalar ediblər,bütün məsuliyyət də sənin ayağına yazılıb. Məndən bu işləri kimin gördüyünü soruşdular. Mən də Əmrah, Cəbrayıl və Şahoğlan haqqımda bildiklərimi dedim. Lakin nədənsə onlar barəsində heç bir tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də onları yüksək səviyyədə himayə edənlər var".
Şamil Əliyev əlavə edib ki, həbs olunandan sonra qardaşı Samir Əliyev həmin mütəşəkkil dəstə tərəfindən təzyiq və təhdidlərə məruz qalıb: "Qardaşım baş verənlərlə bağlı müvafiq qurumlara müraciətlər yazmışdı. Bundan xəbər tutan həmin dəstə qardaşımı təhdid etmişdi. Ona da demişdilər ki, bizim arxamızda Fazil Məmmədov dayanır. Heç kim bizə heç nə edə bilməz.
Cənab prezident, 1milyon vergi borcu olan şəxs milyonlarla manat pula sahib olmalı, maliyyə əməliyyatları aparılmalıdı. Amma mənim heç çörək almağa pulum olmayan vaxtlarım olub. Vergilər Nazirliyi məni sahibkar kimi təqdim edir. Amma buyurub araşdırsınlar, yaşadığım evə baxış keçirsinlər. O zaman görəcəklər ki, bu adam 10 manat tapıb evin işiqlarını düzəltdirə bilmir. Məni həbsə atdıran Şahoğlan isə villada yaşayır. Mən artıq 3 ildir ki, həbsdəyəm. Səhhətimdə ciddi problemlər yaranıb. Bu adamlar isə azadlıqda gəzərək mənim kimi neçə-neçə adamları bədbəxt edirlər.
Cənab prezident, ümid edirəm ki,bu müraciətimi diqqətə alaraq insanların bədbəxtliyi üzərində xoşbəxt olanların cəzalandırılmasına göstəriş verəcəksiniz. "Obnoliçka əməliyyatları" araşdırılarsa ortaya dəhşətli faktlar çıxar".
Şamil Əliyev bildiyi faktların bir hissəsini növbəti müraciətlərində açıqlayacağını deyib. O həmçinin sözügedən dəstə tərəfindən həyatına qəsd oluna biləcəyini istisna etməyib.