"Azərenerji" götürdüyü kreditləri nə edib?

5-08-2015, 11:29           
"Azərenerji" götürdüyü kreditləri nə edib?
Azərbaycan Respublikasının ərazisində "Azərenerji" ASC tərəfindən istehlakçıların elektrik enerjisi ilə təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi və "Azərenerji"nin balansındakı elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və digər avadanlıqların "Azərişıq"ın balansına verilməsi ilə bağlı prezident sərəncamından sonra "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev əsas qazanc mənbələrindən birindən məhrum edildi.

Gündəlik Bakı-nın yazdığına görə, dövlət başçısının bu qərarı əslində Etibar Pirverdiyevin imicini ciddi zərbə altına qoyub. Səlahiyyətlərinin bir hissəsini itirənə kimi ölkənin baş elektriki statusuna sahib olmuş "Azərenerji" rəhbəri şəbəkələşmiş biznesi sayəsində öz "kiçik imperiyasını" yaxın çevrəsinin əli ilə rahat idarə edə bilirdi. Lakin sonradan məlum oldu ki, şəxsi biznesinə aludəçiliyi Etibar Pirverdiyevin dövlət maraqlarına işləməsinə br növ maneə rolunu oynayır. Bunun ölkədə enerji təminatı və elektrik enerjisi ilə təchizatının başlı-başına buraxılması da sübut edirdi. Təbii ki, ölkə başçısı "Azərenerji" rəhbərinin vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirə bilməməsinin müqabilində müəyyən addımlar atmalıydı. Məlumata görə, gündəmdə Etibar Pirverdiyevin vəzifədən götürülməsi məsələsi durub. Lakin son məqamda ona özünü doğrultmaq üçün vaxt verilməsi qərara alınıb. Artıq "Azərenerji" prezidentinə verilən 6 aylıq vaxtın bu yaxınlarda başa çatacağı gözlənilir. Görəsən bu müddət ərzində Etibar Pirverdiyev fəaliyyətində hansısa bir dönüş yarada bilibmi? Uzun illər idi ki, "Azərenerji" elektrik enerjisini maya dəyərindən xeyli baha qiymətə satırdı. Ölkə rəhbərliyinin gözləntilərinə görə bu hal "Azərenerji"nin balansındakı vəsaitlərin artmasına və nəhayət, ölkənin enerji təchizatını yaxşılaşdırılmasına yönəldilməliydi. Nəticədə hökumət bu sahəyə xarici kreditlərin cəlb edilməsini dayandırmalıydı.Lakin "Azərenerji"nin gəlirlə işləyən müəssisəyə çevrilməsinə göstərilən bütün iqtisadi şərtlər işlənib hazırlansa da müəssisə borcla işləməkdə davam etdi. Cəlb edilən vəsaitlər isə Etibar Pirverdiyevin şəxsi kurasiyasında yer alan şirkətlərin hesablarına axdı. Fikir verin, 2005-2014-cü illər ərzində dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. Bundan əlavə səhmdar cəmiyyətə 2014-cü ilə qədər 2 milyard dollardan artıq xarici kreditlər cəlb edilib. Bu qədər vəsaitin müqabilində "Azərenerjinin" gəlirlərinin xeyli aşağı düşməsi narahatlıq yaratmaya bilməzdi. Dövlət başçısının yuxarıda sözügedən sərəncamı da məhz vaxtında görülmüş tədbir kimi Etibar Pirverdiyevin büdcə israfçılıqlarının tam olmasa da, kəskin şəkildə azalda bildi. "Azərenerji"nin halal vəsaitinin azalmasına hansı amillər səbəb olub? Məlumata görə bu sualın cavabını axtaran müvafiq yoxlama qurumları Etibar Pirverdiyevin qeyri-rəsmi sahiblik etdiyi obyektlərdə maliyyə monitorinqi keçirdikdən sonra bəlli olub ki, baş energetikin şəxsi nəzarətindəki özəl şirkətlər əslində onun rəhbərliyindəki Səhmdar Cəmiyyətin ən yaxın tərəfdaşı rolunu oynayıb. Bu "işbirliyi" sayəsində isə milyonlarla manat büdcə vəsaiti həmin şirkətlərə qanunsuz transfer edilib. Qeyd olunur ki, bunun nəticəsində "Azərenerji"nin strukturuna daxil olan bir sıra istehsal müəssisələri acınacaqlı duruma düşüb. Etibar Pirverdiyevin çəxsi biznes nəzarətində olan bir sıra özəl şirkətlərin bank hesablarına külli miqdarda büdcə vəsaitlərinin köçürülməsi və nağdlaşdırılması əməliyyatlarına şəxsən rəhbərlik etməsi onun "kiçik imperiyasını" xeyli çiçəkləndirsə də, bu israfçılıqda adları hallanan şəxslər yoxlamalardan sonra çox çətin duruma düşüb. Hazırda həmin şəxslərin ciddi sorğu-suala çəkildiyi deyilir. Məlumata görə, Səhmdar Cəmiyyətdə son illərdə gerçəkləşdirilən hər bir enerji layihəsi üzrə məbləğin bir hissəsi ümumiyyətlə enerji sahəsinə aid olmayan ayrı-ayrı şirkətlərin hesablarına qabaqcadan ötürülməklə ciddi saxtakarlıqlara əl atılıb. Həmin şirkətlərin siyahısı artıq "Azərenerji"də audit yoxlamaları aparmış qurumlara bəllidir. Bu məsələ ilk növbədə Etibar Pirverdiyevi ölkənin enerji sistemində istifadə olunan elektrotexniki avadanlıqların, kabel və digər mal-məhsulların alınmasında israfçılığa yol vermiş səlahiyyət sahibi kimi məsuliyyət altında qoyur.Qeyd edək ki, hazırda ölkədə Etibar Pirverdiyevin çətiri altında fəaliyyət göstərən və müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş biznes, istehsal və xidmət sahələrinin siyahısı tərtib edilərək aidiyyəti orqanlara təqdim olunub. Bu şirkətlərin hazırda xaricə kapital transferində iştirakı araşdırılır. Ciddi yetinti faktlarının ortaya çıxacağı təqdirdə Etibar Pirverdiyevin nəzarətə götürülməsi qaçılmaz olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.