Bakıda oğurlanan gəmi ilə bağlı yeni ŞOK İDDİA - Bəylər Əyyubovun adamları oğurlayıb?

6-08-2015, 12:00           
Bakıda oğurlanan gəmi ilə bağlı yeni ŞOK İDDİA - Bəylər Əyyubovun adamları oğurlayıb?
"Aydın Bəşirovun oğluna məxsus olduğu bildirilən oğurlanan yaxta tapılsa da, mənim oğurlanmış gəmimi tapmaqda "çətinlik" çəkirlər". Bu sözləri İstiqlal.az saytına Bakı sakini Qəmbər Səfərov deyib.

Onun sözlərinə görə, 2003-cü il fevralın 20-də Rusiyanın Həştərxan şəhərində alğı-satqı müqaviləsi əsasında “Yunıy maryak” adlı yük gəmisi alıb. 8 gündən sonra, fevralın 28-də təhvil-təslim haqqında akt tərtib olunandan sonra gəmiyə mülkiyyət hüququ təsdiqlənən Q.Səfərov ucuz aldığı nasaz gəminin təmirinə başlayır. Üç ay davam edən təmirdən sonra iyulun 19-da kiçik heyətlə Həştərxandan yola düşür və 24 iyul tarixində Bakıya çatır.

Gəmi Hövsan qəsəbəsində yerləşən kiçik limanda lövbər salır və Q.Səfərov sənədləşmə işlərinə başlayır: gəminin qeydiyyata alınması üçün Dövlət Dəniz Administrasiyasına müraciət edir və hər şey də elə burdan başlanır.

Dövlət Dəniz Administrasiyasından bildirilir ki, bu tipli yük gəmisinin inhisarçılığı “Mərdəkan-Broyler” ASC-nin rəhbəri Aydın Əhmədovdadır və əvvəlcə ona müraciət edilməlidir. Q.Səfərov münasibətdə olduğu, vaxtilə gəmi almasına yardım etdiyi A.Əhmədovla bir neçə dəfə görüşməyə cəhd göstərsə də, görüş baş tutmur. Get-gəllər uzandığı üçün Q.Səfərov öz işləri ilə bağlı Rusiyaya yollanır və aradan bir müddət keçəndən sonra öyrənir ki, artıq “Yunıy moryak” adlı gəmi yoxdur.
“Mərdəkan-Broyler” ASC-nin rəhbəri A.Əhmədov Q.Səfərovla “qanuni” alğı-satqı müqaviləsi əsasında gəmini alıb, Dövlət Dəniz Administrasiyasında öz adına qeydiyyatdan keçirib, hətta 25 iyul 2003-cü il tarixdə gəminin adını dəyişərək “Ramin” qoymağa da fürsət tapıb. Q.Səfərov məhkəməyə müraciət edir. Səbail rayon məhkəməsi isə dəhşətli saxtakarlıqları üzə çıxarır. Məhkəmə zamanı bəlli olur ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən “Mərdəkan-Broyler” ASC saxta alğı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.

Məsələn, Q.Səfərovla “Mərdəkan-Broyler” ASC arasında bağlanan saxta alğı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib. 2003-cü ilin 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı “Yük gömrük bəyannaməsi” olan “Yunıy maryak”ı Q.Səfərov yanvarın 9-da “Mərdəkan Broyler”ə necə sata bilərdi? Belə çıxır ki, Q.Səfərov gəminin sənədlərini əldə etdiyi tarixdən (28 fevral) ay yarım əvvəl “həmin sənədlər əsasında” “Yunıy maryak”ı A.Əhmədova satıb?

Ikincisi, Q.Səfərovla A.Əhmədov arasındakı “alğı-satqı” müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız “Mərdəkan-broyler”in möhürü ilə təsdiqlənir. Iki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?

Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı - fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alğı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?

Dördüncü, həmin alğı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, “tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq” Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Azərbaycan vətəndaşları arasında alğı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir? “Mərdəkan-Broyler”in məhkəməyə təqdim etdiyi saxta “alqı-satqı” müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Q.Səfərovla “Yunıy moryak” gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. “Mərdəkan-Broyler” yeni müqavilə yazmaq iqtidarından olmadığından və Q.Səfərovun imzasını “daha səliqəli” saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb.

Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib. Səbayel rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının “Yunıy moryak” (“Ramin”) gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.

Bir müddətdən sonra növbəti məhkəmə ilə qərar icraya yönəldilsə də, icra məmurları gəmini geri almaq imkanına malik olmadıqlarını, bu işin arxasında “naməlum gücün” dayandığını etiraf ediblər. Artıq Ali Məhkəmənin də bu işlə bağlı qərarı var. Lakin qərar icra olunmur.

Hazırda “Yunıy moryak” (“Ramin”) adlı gəmi Xəzər sularında üzməkdədir: onun heç bir sənədi yoxdur, şəhadətnaməsi məhkəmə tərəfindən ləğv edilib, ancaq bu sənədsiz-sübutsuz, bayraqsız gəmini saxlayan, onunla maraqlanan yoxdur. Çünki gəmiyə iddia edən “yüksək çinli məmurdan” hamı qorxur... Məmur isə özbaşnalığını davam etdirməkdədir.

Bütün sənədləri, məhkəmə qərarlarını təqdim edən Qəmbər Səfərov artıq illərdir halal malına sahiblənə bilmədiyindən şikayətçidir: “Bu özbaşınalıq və qanunsuzluqdan Azərbaycan Prezidenti Ilham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, bütün hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm və edirəm. Ancaq heç bir nəticəsi yoxdur. Milyardların sahibi olan hansısa məmur mənim o qədər də baha sayılmayan gəmimi mənimsəyib, halallığımı belə vermir”.

Q.Səfərov məhkəmə qərarına əhəmiyyət verilməməsini, bundan sonra artıq heç bir hüquqi addımın qalmamasını da diqqətə çatdırdı: “Mən bütün hüquqi müstəvidə haqqımı müdafiə etmişəm və məhkəmə də ədaləti bərpa edib. Ancaq məhkəmənin qərarından sonra da qanuni hüququm təmin olunmursa, mən nə etməliyəm? Özümü yandırmalıyam?”

Q.Səfərovun sözlərinə görə, Q.Qurbanov bu məsələdə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubovun adını hallandırır: "Qüdrət Qurbanov deyir ki, gəmi Bəylər Əyyubovdadır. Lakin mən buna inanmıram. Hesab edirəm ki, Qüdrət Qurbanov onun adından istifadə edir. Ona görə də, mətbuat vasitəsilə Bəylər müəllimə də müraciət edirəm ki, bu çirkin işdə adının hallandırılmasına imkan verməsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.