Qobustanda qarət olunan dövlət büdcəsi... - Hüseynovlar belə talayır
6-08-2015, 18:45
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda yerli fermerlərin “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun fəaliyyətindən doğan ciddi narazılıqları öz əksini tapmışdır. Məlum olduğu kimi Qobustan rayonunda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir. Rayonun kifayət qədər isti iqlim şəraiti burada ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını müəyyən qədər məhdudlaşdırır və çətinləşdirir. Digər tərəfdən isə, bu sahədə çalışan vətəndaşlara maksimum köməklik göstərməli olan “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin yarıtmaz fəaliyyəti mövcud problemləri bir qədər də dərinləşdirir. Məlumdur ki, “Aqrolizinq” ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Təbii ki, bütün bu vəzifələrin effektiv şəkildə həyata keçirilməsi üçün ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin Qobustan regional nümayəndəliyinin yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlarda nümayəndəliyin rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Bildirilir ki, Həsənağa Hüseynov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır.Qeyd olunur ki, nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təchizat xüsusundadır. Qeyd edək ki, Həsənağa müəllimin doğma qardaşı, Hüseynağa Hüseynov Qobustan RİH-də sektor müdiri-baş mühasib vəzifəsində çalışır. Təqdim olunan açıqlamalarda diqqəti cəlb edən daha bir məqam isə budur ki, mənbələr “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktorunun həyata keçirdiyi bütün maxinasiyalarda onun ən yaxın köməkçisinin də məhz Hüseynağa Hüseynovun olduğunu iddia edirlər...