Laçın rayonunda yerli məmurlar özbaşına buraxılıb? - NARAZILIQ VAR...

6-08-2015, 21:33           
Laçın rayonunda yerli məmurlar özbaşına buraxılıb? - NARAZILIQ VAR...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerlərdəki qurumları özbaşınalıqlara yol verirlər. Keçmiş rəhbərin dövründə də aztəminatlı ailələrin ünvanlı sosial yardım almasında problemlər yaşanırdı. Vətəndaşları süründürməçiliyə məruz qoyurdular. Onlar qanuni yolla sosial müavinətlərlə təmin oluna bilmirdilər. Hətta mərkəz rəhbərləri vətəndaşların yardımının yarısına göz dikirdilər.

Lakin Səlim Müslümov nazir təyin edildikdən sonra nazirliyin yerlərdəki bəzi qurumlarının özlərini yığışdıracaqlarına ümid yaranmışdı. Yeni nazirin bu sahədə baş verən neqativ olaylarla bağlı ölçü götürəcəyi gözlənilirdi. Düzdür, Müslümov bu sahədə bir sıra islahatlar həyata keçirdi. Xeyli vəzifəli şəxsləri qanunsuzluqlarına görə işdən azad etdi. Lakin bütün bunlara baxmayaraq, bu sahədə baş verən mənfi hallar onu deməyə əsas verir ki, bu sahədə görüləcək hələ çox iş var. Redaksiyamıza daxil olan məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı sosial yardımların verilməsində problemlər yaşanır. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb.

Bütün sənədləri qaydasında olan kasıb insanlar süründürməçiliyə məruz qalır. Belə insanlardan biri də Laçın rayon Oğuldərə kəndindən məcburi köçkün Mahmudov Nüşravan Yusif oğludur. Bu şəxs tərəfindən redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, o 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşüb: "Hal-hazırda beş nəfər ailə üzvlərimlə birlikdə Ağcabədi rayonunda məskunlaşmışam. Üç azyaşlı uşağım var. Ali təhsilliyəm, heç bir yerdə işləmirəm. Bildirirəm ki, beş ilə yaxın Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində işləmişəm, 2009-cu ilin sentyabr ayında işdən azad olmuşam. İşdən azad olunandan sonra Laçın rayon Məşğulluq Mərkəzinə işsiz və iş axtaran vətəndaş kimi müraciət etmişəm. Orada mənə heç bir iş təklif olunmayıb. İşsizlik statusu verilib və müavinət təyin olunub. Bir müddət işsizlik pulu almışam. Sonra Laçın rayon ƏƏSMM-nə müraciət etmişəm, orada mənə ünvanlı sosial yardım təyin olunub. Bir neçə ildir ki, ünvanlı sosial yardım alırdım. Onunla da ailəmi birtəhər dolandırırdım. İldə bir dəfə müddəti qurtaranda müraciət edirdim, yenidən mənə sosial yardım təyin olunurdu. Növbəti dəfə 01.06.2015-ci il tarxdən sosial yardım dayandırılıb. İndiyə qədər düzəltdirib ala bilmirəm. Bir neçə dəfə Laçın rayon ƏƏSMM-nə müraciət etmişəm. Mənə bildiriblər ki, guya sənəd qəbulu yoxdur. Elektron sistemə keçəcək, onda müraciət edərsən. Mən də iki aydır gözləyirəm. Bir neçə dəfə nazirliyin 142 çağrı mərkəzinə müraciət etmişəm. Mənə bildiriblər ki, ünvanlı sosial yardım təyin olunması üçün sənin əmlak pay torpağı və ya iş yerin olmalıdır ki, sənə sosial yardım təyin olunsun. Mənim də nə torpağım var, nə də iş yerim. Torpağımı ermənilər 23 il bundan əvvəl işğal edib, iş yerimi də 6 ildir itirmişəm. Heç bir yerdə iş tapa bilmirəm. Məgər işsiz statusu olan, ailənin heç bir yerdə iş tapmayan əmək qabiliyyətli üzvləri sosial yardım ala bilməz?

Ailəsi acından ölməlidir , yoxsa məcbur olub uşaqlarını uşaq evlərinə verməlidir ki, orada saxlasınlar. İnkişaf etmiş bir dövlətdə uşağa uşaq pulu da vermirlər ki, uşağı saxlayasan. Aclıq səfalət içində yaşayan mənfur qonşumuz Ermənistanda hər uşağa 90 dollar pul verilir. Azərbaycanda isə uşağa heç nə verilmir, belə getsə daha heç uşaq da olmayacaq. Uşaq saxlamaq üçün işləməlisən, pul qazanmalısan ki, ailəni-uşağı da saxlayasan. Bəs iş tapa bilməyəndən, işləməyəndən sonra neyləyəsən ki, acından ölməyəsən, bunu bilən yoxdur". Şikayətçi qeyd etdi ki, üç uşağını yalnız məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti ilə çox çətinliklə dolandırır: "Hətta iki aydır ki, onları Bakıda, Şəkidə yaşayan baba-nənələri saxlayır. Onlar üçü də Ağcabədi şəhərində məktəbə gedir. Növbəti dərs ili başlayana kimi mənim işsizlik ve sosial yardım almaq problemlərim həll olunmasa, onlar daha məktəbə gedə bilməyəcəklər. Onların təhsil alması sual altında qalıb. Dərs ili başlamazdan əvvəl onlara məktəbli paltarı, dərs ləvazimatları dəftər-qələm, çanta və.s almaq üçün məndən 200-300 manat pul tələb olunur. Buna da mənim heç cür imkanım yoxdur. Uşağıma çörəyi də güclə alıram. Hətta az qalır ki, uşaqlarım acından ölsünlər". Sonda məcburi köçkün bildirdi ki, problemlərinin həll olunması üçün müvafiq qurumlardan kömək istəyir. \\gundelik-baku.com\\

Odur ki, ƏƏSMN rəsmiləri Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yoxlamalara başlamalı və rəhbərliyin barəsində lazımi tədbirlər görülməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.