Fizuli rayonunda mütləq hakim icra başçısı yox Rəşad Hacıyevdir - Belə deyirlər

7-08-2015, 21:32           
Fizuli rayonunda mütləq hakim icra başçısı yox Rəşad Hacıyevdir - Belə deyirlər
Rəşid Hacıyevi himayə edən nüfuzlu şəxs kimdir?

Rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri onunla "hesablaşmaq" məcburiyyətindədir
Ötən saylarımızın birində Füzuli rayon Vergilər Şöbəsinin rəisi Rəşad Hacıyevin nöqsanlı fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, həmçinin onun asan yolla daha çox gəlir əldə etmək məqsədi ilə doğma qardaşı Tarix Hacıyevə "torba" tikməsi, onun adına bir neçə şirkət yaradıb müxtəlif tender layihələri reallaşdırması və sonda qardaşını ciddi problemlə üz-üzə qoyması ilə əlaqədar əldə etdiyimiz bilgiləri sizinlə paylaşmışdıq. Belə ki, Füzuli rayon Vergilər Şöbəsinin rəisinin yol verdiyi neqativ hallar, qanundankənar əməlləri ilə bağlı kütləvi informasiya vasitələrini məlumatlandıran Tarix Hacıyevin sözlərinə görə, qardaşı tərəfindən onun adına təsis edilmiş "Elmar -Tikinti" MMC, "Texniki Təchizat-N", "Araz" MMC, "BS Kontinental" MMC, "A+R" MMC, "İnşaat Tikinti Kompanii" MMC və "Kross-LTD-KO" MMC ona məxsus deyil.

Tarix Hacıyev iddia edir ki, adıçəkilən şirkətlərin hamısı Rəşad Hacıyevə aiddir. Lakin Füzuli rayon Vergilər Şöbəsinin rəisi bir sıra yollara baş vuraraq müvafiq sənədlərdə təsisçi kimi qardaşını göstərib. Bu isə qarşı tərəfin ciddi problemlərlə üzləşməsinə səbəb olub. Belə ki, məhz həmin şirkətlərlə bağlı o, bir neçə dəfə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb və orada sorğu-sual edilib. Bu zaman qeyd olunan müəssisələrin dövlətə külli miqdarda vergi borcunun olduğu bəlli olub. Onu da nəzərinizə çatdıraq ki, Tarix Hacıyev həmin şirkətlərin iştirak etdiyi və sonda qazandığı tenderlərdən xəbərdar olmadığını bildirib: "Qardaşım məni salıb quyunun dibinə, müəssisəni yaradıb adıma, onun adına, o xalaoğlunun adına, o əmioğlunun adına, hamısını aparıb satıb". Məhz elə bu səbəbdən də Tarix Hacıyev Füzuli rayon Vergilər Şöbəsinin rəisi tərəfindən adına rəsmiləşdirilmiş həmin 7 şirkətin təsisçiliyindən çıxmaq istəyir.

Onun bu barədə müraciətinə cavab olaraq Vergilər Nazirliyi məsləhət görüb ki, məhkəməyə müraciət etsin. Tarix Hacıyevin isə vəkilə verməyə pulu yoxdur. Onun qazancı əlilliyinə görə verilən müavinət və məcburi köçkün olduğu üçün aldığı 90 manat çörəkpulundan ibarətdir: "90 manat çörəkpulu alıram. 90 manatla qalıram yollarda. Bir aydır bizim evdə un yoxdur. Əmioğludan, xalaoğludan, burada mağazası var, düşən kimi ondan borc alıram, gedirəm Bakıya, gəlirəm".

Onun iddiasına görə, Füzuli rayonundakı əksər müəssisələr qardaşına məxsusdur. O, Rəşid Hacıyevin bir neçə qohumunun adına da şirkət açdığını vurğulayıb: "Həmin şəxslərin heç biri ummur ki, Rəşid Hacıyev onlara bir qəpik versin. Deyirlər ki, təki adımızı harasa qeyd edib müstəntiqlərin yanına göndərməsin. Ümumiyyətlə, Füzuli rayon Vergilər Şöbəsinin rəisi o qədər zəngin adamdır ki, ona heç kim bata bilməz. Çünki dayaqları olduqca möhkəmdir. O, nazirlik səviyyəsində nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunur".

Bu arada, qeyd edək ki, Tarix Hacıyevin təsisçi kimi göstərildiyi "Kross-LTD-KO" MMC və "İnşaat Tikinti Kompani" MMC-də Şamil Əliyev adlı şəxs qanuni təmsilçi kimi qeyd olunub. O, hazırda külli miqdarda vergi ödəməkdən yayınmada təqsirli bilinərək həbs həyatı yaşayır. Əldə etdiyimiz bilgilərə görə, Füzuli rayon Vergilər Şöbəsinin rəisi Rəşad Hacıyevin əməllərinin qurbanı olan Şamil Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə danışan Şamil Əliyevin qardaşı Samir Əliyev qeyd edir ki, "Təchizat" MMC-ni qardaşının adına açıblar: "Bunun üçün qardaşıma 300 manat maaş söz verdilər. Bankdan pul çəkəndə 20 manat, 10 manat, 15 manat da pul verirdilər. Bir ildən sonra qardaşımı tutdular. İki qardaş yetimliklə böyümüşük, anamız 1993-cü ildə rəhmətə gedib. Görüblər ki, yaxşı qohumumuz yox, yaxşı adamımız yox, özümüz də savadsızıq. Bizdən qorxmurlar, mənə deyirlər ki, get nə istəyirsən elə. Çox uşaqlar bunların əlindən içəridə əziyyət çəkir. Qardaşım 5 il alıb. 3 il bir aydır yatır. 7 il alan da var, 3 il alan da.

Bu iş belədir. Biri hətta içəridə xəstəlikdən ölüb". Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə deyilir ki, Füzuli rayon Vergilər Şöbəsinin apardığı qanunsuz təkrar yoxlamalar yerli sahibkarları, idarə, müəssisə, təşkilat rəhbərlərini cana doydurub. Belə ki, mənbənin iddiasına görə, Vergilər Nazirliyinin illik qanuni yoxlamalarından sonra Füzuli rayon Vergilər Şöbəsi təkrar müəssisələrdə yoxlamalar həyata keçirir, külli miqdarda cərimələr tətbiq edir və bu zaman müəyyən "tələb"lər irəli sürülür: "Bu isə istər-istəməz sahibkarları, iş adamlarını ölkədə yeridilən iqtisadi siyasətdən, vergi sistemindən narazı salır. Deyilənlərə görə, Rəşad Hacıyevin "tələb"ləri olduqca ağırdır və bu, sonda yalnız ona xeyir gətirir. Yəni Füzuli rayon Vergilər Şöbəsinin rəisi Rəşad Hacıyev rəhbərlik etdiyi qurumu sanki şəxsi obyektinə çevirib. Məhz elə bu səbəbdən də rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, idarə, təşkilat, müəssisə rəhbərləri onunla "hesablaşmaq" məcburiyyətindədirlər. Əks halda Rəşad Hacıyevin qəzəbinə tuş gələ bilərlər…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.