Sürix protokolları Azərbaycanı təhdid edirmi...

7-12-2017, 09:47           
Sürix protokolları Azərbaycanı təhdid edirmi...
Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan sərhədi ilə bağlı nöqtəni qoydu, bəs Sürix protokolları yenidən gündəmə gələ bilərmi? Zahid Oruc: “Sürix protokollarının birdəfəlik tarixə qovuşduğunu tam əminliklə söyləmək olar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanı izolyasiyanı gücləndirməklə hədələməsi Ankaranın Azərbaycana birmənalı dəstəyinin növbəti nümayişi oldu.

Türkiyə prezidenti hakim partiyanın toplantısında Ermənistanın bundan sonra da regional iqtisadi layihələrdən kənarda qoyulacağını açıq şəkildə bəyan edib. “Nəticədə Ermənistan bölgədəki nəqliyyat, ticarət və energetik layihələrdən kənarda qalıb. Üstəlik, o, izolyasiya şəraitində olmaqda davam edir. Bunun qarşılığında Gürcüstan bir yandan Türkiyə və Qərb arasında, digər yandan isə Qafqaz regionu ilə Orta Asiya arasında körpüyə çevrilib. Yəni kim ki bizimlə dostluq edir, o qazanır, kim ki kin saxlayır - itirir” - cənab Ərdoğan bildirib. Bu, xüsusilə də İrəvanın Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmaq istəklərinə cavab da sayıla bilər. Gürcülərlə dil tapıb Avropa və Asiyanı birləşdirən layihəyə qoşulmaq istəyən işğalçı ölkənin sonuncu ümidlərini də Türkiyə prezidenti açıq mövqeyi ilə kəsmiş oldu.

Qardaş Türkiyənin və onun rəhbərliyinin Qarabağ probleminin ədalətli həlli istiqamətində gərəkəni etməyə çalışması sözsüz ki, hər birimizi məmnun edir. Xüsusilə də R.T.Ərdoğan və V.Putin arasındakı son görüşlərdə Qarabağ məsələsindən danışılması, ardınca həmsədrlərin Ankaraya gedərək Türkiyə rəhbərliyi ilə bu məsələni müzakirə etməsi erməniləri səksəkədə saxlayan amillərdir. İşğalçı ölkə Türkiyənin prosesdə aktiv rol almasını özü üçün intihara bərabər hadisə sayır. Ancaq narahatlıq doğuran bəzi məqamlar da var. Söhbət 10 oktyabr 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə Sürix şəhərində Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbəndyan və Əhməd Davudoğlu tərəfindən imzalanan protokollardan gedir.

Qeyd edək ki, Azərbaycanın xəbəri olmadan imzalanan həmin protokollar Türkiyə-Ermənistan sərhədlərinin açılmasını özündə ehtiva edirdi. Lakin sonradan Azərbaycan xalqı və hakimiyyətinin olduqca kəskin etirazları, həmçinin qardaş ölkədəki narazılıqlar Ankaranı işğalçı ölkə ilə anlaşmaya getməkdən vaz keçməyə vadar etdi. Həmin sənədlər ölkə parlamentlərində ratifikasiya olunmasa da, “Domokl qılıncı” kimi başımızın üstündən asılıb. Bu mənada hesab olunur ki, 2009-cu ildə Türkiyə hakimiyyətini hansısa vədlər, yaxud təzyiqlər yolu ilə Azərbaycanı incidən sənədləri imzalamağa vadar edən güclər nə vaxtsa yenidən ermənilərin maraqlarına hesablanmış bu prosesi başa çatdırmaq üçün hansısa yollara əl ata bilərlər. Xüsusilə də Avropa Birliyi ilə əməkdaşlıq sazişini imzaladıqdan sonra şübhə yoxdur ki, İrəvanın izolyasiyadan çıxarılması üçün yeni cəhdlər olacaq. Qərb bu yolla Ermənistanı həm də Rusiyanın təsirindən xilas edəcəyini zənn edir. Kəlbəcərin işğalına cavab olaraq Türkiyənin işğalçı ölkənin üzünə qapatdığı sərhədlərin açılması isə Ermənistan üçün xilas yolu ola bilər.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, “Sürix protokolları” xanım Klintonun strategiyası idi və sabiq dövlət katibinin məqsədi bir planla Avrasiya məkanında liderlik mövqelərini möhkəmlədəcəyini zənn edirdi: “Obama administrasiyasının dəqiq hesablanmış Cənubi Qafqaz siyasəti olmadığından xaotik şəkildə irəli sürülən müxtəlif təşəbbüslərin aqibəti dumanlıydı və əslində Türkiyəni Ermənistanla barışdırmaq siqnallarını verərkən Vaşinqtonun necə təhlükəli ssenarilər hazırladığını çoxları başa düşmürdü. 2009-cu ildə Ağ Evin yönləndiriciləri inqilabi dəyişiklikləri ərəb yarımadasında deyil, Asiyadan başlamağı düşünürdü və Rusiya ilə soyuqlaşan münasibətlər onları təxirəsalınmaz tədbirlərə vadar edirdi. Xanım Klintonun komandası Türkiyənin Qafqazdakı fəallığına qarşı olsa da, Ermənistanın Konqres tərəfindən maliyyələşməsinə geniş dəstək verdi, AKP hökuməti içərisində yerləşdirilmiş böyük casus şəbəkəsi hesabına İrəvanla diplomatik münasibətlərin başlanmasına dair açıq-gizli fəaliyyətə keçdi. Əgər Birləşmiş Ştatların yardımlar siyahısına baxsaq, görərik ki, Obamanın ikinci hakimiyyət dövründə keçmiş postsovet ölkələri sırasında hansı dövlətə daha çox üstünlük verilib”. Deputat qeyd etdi ki, hər halda, Ermənistanı Rusiyanın əlindən almaq çox böyük iqtisadi-siyasi resurslar tələb edirdi: “Yəni söhbət bahalı layihədən gedirdi. Ona görə də Türkiyə prezidenti Abdulla Gülü ”futbol" diplomatiyasına vadar etdilər, Sürixdə Rusiyan xarici işlər nazirinin də qoşulduğu razılaşma sənədinin təntənəli imzalanmasını keçirdilər və planın gerçəklənməsinə mane olan qüvvələrə qarşı bütün mexanizmlərlə təzyiq göstərməyə çalışdılar. Əslində Birləşmiş Ştatlar Ermənistanla sərhədləri açaraq iqtisadi əlaqələri bərpa etməklə daha da uzağa getməyin, Azərbaycan və Orta Asiyanı da qazanmağın qayğısını çəkirdi. Ona görə də prezident İlham Əliyevin sərt iradəsi ilə üz-üzə qalan məlum strategiya ABŞ-ın təkcə iki dövlətin yaxınlaşmasını əngəlləmirdi, həmçinin Yaxın Şərq, Qafqaz və Orta Asiya hövzəsindəki nüfuzunu sınağa çəkirdi. Lakin plan rəsmi Bakının sərt dirənişi nəticəsində Qarabağın işğalından vaz keçərək, bölgədə post konflikt geopolitikası qurmaq istəyənlərin arzusunun üzərindən xətt çəkdi".

Zahid Oruc bildirdi ki, gerçəkdən də Azərbaycan rəhbərinə qarşı qəzəb doğuran və ona qarşı çirkli beynəlxalq kampaniyaya rəvac verən çox məsuliyyətli və riskli oyunlardan söhbət gedirdi: “İndi BMT tribunasından Türkiyəyə şərt qoyan Ermənistan rəhbəri faktiki olaraq, Azərbaycanla qardaş ölkənin münasibətlərini yenidən sınağa çəkəcəyinə inanır. Halbuki Trampın hər hansı regional inteqrasiya planından danışmaq mümkün deyil. Digər tərəfdən, Avropa Birliyi rəsmi Ankaraya Ermənistana görə hər hansı yardım, siyasi-iqtisadi stimul və ya təzyiq edəsi deyil. Belə olan şəraitdə gələn ilin aprelində İrəvanın həmin sənədlərdən imzasını geri çəkməsi ətrafında böyük kampaniyaya şahidlik edəcəyik. Halbuki həqiqətən bölgədə işğal reallığının ortadan qalxması ilk növbədə, İrəvanı Moskvanın güclü iqtisadi və hərbi asılılığından çıxarar, onun suveren hüquqlar qazandırar və yüksək inkişaf perspektivləri vəd edərdi. Hər halda, Türkiyə sərhədləri birtərəfli qaydada açardısa, Azərbaycanla sərhədi bağlayar, nəticədə İrəvanın türklər əleyhinə tarixi iddialarını və Qarabağdakı işğal siyasətini daha da möhkəmləndirmiş olardı. Ona görə də hazırda ”Şərq Tərəfdaşlığı" sammitinin yekunları içərisində tarixi uğur qazanaraq, nəhayət, Rusiyadan kənar alternativ xarici siyasət vektorları qurduğunu bəyan edən Ermənistan prezident Ərdoğanın dediyi kimi, Ankaradan heç bir müsbət siqnalları almır və nəticədə Sürix protokollarının birdəfəlik tarixə qovuşduğunu tam əminliklə söyləmək olar. Çox təəssüflər olsun ki, bölgəyə sülh və əməkdaşlıq vəd edən onlarla inteqrasiya planı bax beləcə iflasa uğrayır. Məgər “Qərbi Ermənistana qayıtmaq” kimi absurdla yaşayaraq, “soyqırım”ı dövlət quruculuğu ideologiyasına çevirərək və Qarabağda ikinci dövlət yaratdığını elan edərək, erməni liderləri hələ, üstəlik, Ankaraya, İstanbula da rahat gedib-gəlmək istəyirlər?"musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.