Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI

Dünən, 16:52           
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu günlərdə sabiq deputat Etibar Əliyev AMEA prezidenti, akademik İsa Həbibbəylinin aylıq maaşı haqqında sosial şəbəkədə sensasion paylaşım edib.

O, bildirib ki, İsa Həbibbəyli Milli Məclisin III çağırış deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır:

“Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır, üstəlik, akademik adına görə 2000 manat əlavə pul alır. O, həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. “Karvan” şadlıq sarayı da İsa Həbibbəyliyə məxsusdur və yaxşı gəlir gətirir”.

Xatırladaq ki, sabiq deputat bundan əvvəl də akademik Abel Məhərrəmovun da aldığı maaş və topladığı sərvətlə bağlı açıqlama verib.

Maraqlıdır, sabiq deputatın ziyalıların sərvətini açıqlamasında əsas məqsədi nədir?

Elə bu sualla Etibar Əliyevin özünə müraciət etdik. Bizim.Media-ya açıqlamasında heç kəslə prinsipi olmadığını deyən müsahibimiz bu məsələdə maraqların toqquşduğunu bildirib:

“Onlar bir vəzifədən əməkhaqqı almalıdırlar, 4-5 vəzifədən yox… Əgər akademiyanın prezidentidirsə, o Ədəbiyyat İnsitutunun direktoru olmamalıdır. Orda maraqların toqquşması var.

Abel Məhərrəmov da eyniylə 15 minə yaxın pul alırsa, BDU – da 30 il bir vəzifəni tutmağına nə ehtiyac var?”, - deyə sabiq deputat bildirib.

Etibar Əliyev sözügedən şəxslərin, ümumiyyətlə bir neçə vəzifədə oturanların gənclərin elmə gəlməsinə mane olduğunu deyib:

“Yaxşı bəs biz gənclərin nə üçün elmə gəlməməsindən müzakirələr açırıq, danışanda gənclərin prespektivini önə çəkirik? Bəs onlar bir savadlı yetişdirə bilməyib ki, onları əvəz eləsin? Bu nə vaxta qədər belə davam edəcək?”

Sabiq deputat Etibar Əliyev növbəti hədəfinin kim olduğunu da açıqlayıb:

“Başqaları da var əlbəttə, araşdırmaq lazımdır. Qeyd edim ki, parlamentin vitse-spikeri Rafael Hüseynov da Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin direktorudur. Yəni, ordan əməkhaqqı, burdan əməkhaqqı…Bilirsiz söhbət ondan gedir ki, bu akademiklər gənc istedadların qarşısını alır. Əgər sən o kafedraya ayda bir dəfə gedirsənsə, niyə oranı zəbt etmisən? Yaşları da 70-i ötüb artıq. Yoxsa mənim onlarla nə işim, nə prinsipim var?”, - deyə Etibar Əliyev qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.