MAQATE-dən İranın nüvə proqramı ilə bağlı sərt addım: 20 ilin ilk rəsmi ittihamı
Dünən, 15:24

"Tehran nüvə öhdəliklərini pozmaqda ittiham olunur..."
İyunun 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) idarə heyətinin iclasında Fransa, Almaniya və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" ilə yanaşı ABŞ da rəsmi şəkildə İrana qarşı sərt ifadəli qətnamə layihəsi təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "mignews.com" nəşri məlumat yayıb.
Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanır. Bu, son 20 il ərzində ilk dəfədir ki, MAQATE səviyyəsində rəsmi şəkildə belə bir pozuntu rəsmiləşdirilir. Qətnamənin səsverməsi iyunun 11-i axşam keçiriləcək.
Qətnamə layihəsində deyilir: "İran 2019-cu ildən bəri MAQATE ilə bəyannamə verilməmiş nüvə materialları və aşkarlanmış obyektlərlə bağlı tam və vaxtında əməkdaşlıq öhdəliklərini yerinə yetirməyib. Bu isə onun təminat sazişi çərçivəsindəki öhdəliklərinin pozulması deməkdir".
Sənəddə Tehrana dərhal bu pozuntuların aradan qaldırılmasına çağırış edilir və "dərin təəssüf" ifadə olunur ki, İran MAQATE rəhbərliyinin dəfələrlə etdiyi çağırışlara və ona təqdim edilən imkanlara baxmayaraq, qurumla tam əməkdaşlıq etməyə razı olmayıb.
Qətnamədə həmçinin qeyd olunur ki, MAQATE İranın nüvə proqramının yalnız dinc məqsəd daşıdığını təsdiqləyə bilmədiyi üçün bu məsələ artıq BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıla bilər. Bu isə gələcəkdə yeni sanksiyaların tətbiqinə zəmin yarada bilər.
Sənəddə MAQATE-nin baş direktoru Rafael Qrossiyə çağırış edilir ki, həm bu, həm də əvvəlki qətnamələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirsin və vəziyyətlə bağlı yenilənmiş məlumatlar təqdim etsin. Layihə mətninə dair düzəlişlərin səsverməyə qədər edilməsi mümkündür - idarə heyəti üzvləri dəyişikliklər təklif edə bilər.
Qrossidən kritik xəbərdarlıq
MAQATE rəhbəri Rafael Qrossi iyunun 9-da bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib.
İyunun 10-da İsrail mediasına verdiyi müsahibədə Qrossi bildirib ki, hazırda İran "bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana" malikdir. Onun sözlərinə görə, İran rəsmiləri İsrailin onların nüvə obyektlərinə hücum etməsi halında bunun "ağır nəticələrə" səbəb olacağını deyib.
Qrossi əlavə edib: "Bu nəticələr fərqli ola bilər - İranın nüvə silahı əldə etmək qərarı verməsi və ya Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxması ehtimalı var". Bu qətnamə layihəsi Qərblə İran arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə və beynəlxalq nüvə diplomatiyasında yeni mərhələnin başlanğıcı ola bilər.