Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Dünən, 16:21

“Ədalət Bağırov” adı ictimaiyyətə həm də hazırda həbs həyatı yaşayan, sabiq deputat Nazim Bəydəmirliyə qarşı olan ittihamlardan tanışdır.
Belə ki, məhkəmə prosesində Ədalət Bağırovun verdiyi ifadəyə görə, Nazim Bəydəmirli ondan rüsvayedici məlumatları yaymaqla pul tələb edib.
Nazim Bəydəmirli sözügedən ittihamları qəbul etməsə də o, buna görə həbs olunub.
Ancaq Ədalət Bağırov adı indi başqa bir məsələdə hallanır.
Qardaşı Bağırov Fazil Əziz oğlunun Gununsesi.info-ya verdiyi məlumata görə, Bağırov Ədalət ondan qaçır, çünki aralarında mülk məsələsi var.
Maraqlısı odur ki, həmin mülkün 30 faiz səhmi Nazim Bəydəmirliyə aiddir.
Ədalət Bağırovun qardaşı Bağırov Fazil deyir ki, 1992-ci ildən Türkmənistanda yaşayır, mübahisəsi gedən mülkü də oradan pul göndərərək alıb:
“Mən Bağırov Fazil Əziz oğlu 1992-ci ildən buyana Türkmənistanda sahibkarlıq fəaliyyəti ilə məşğulam, orada yaşayıram və işləyirəm. 2003-cü ildə isə Azərbaycanda da sahibkarlıq məşğul olmaq istədim, bu münasibətlə kiçik qardaşım Bağırov Ədalətə pul göndərdim və biz hazırda mübahisəsi gedən “Avtoqarant”-ı aldıq. Özümün gəlib-getməyim o qədər asan və tez olan məsələ deyildi, ona görə də pul göndərərək qardaşımın adına rəsmiləşdirdim. Ancaq bundan sonra problemlərimiz yarandı. Düz 10 il məhkəmə prosesləri oldu, məhkəmələrin pullarına qədər özüm ödəmişəm, nəhayət, 2013-cü ildə “Avtoqarant” bizim adımıza təsdiq olundu.
Bağırov Fazil 2013-cü ildən sonra qardaşının ondan qaçdığını, mülkü əlindən almağa çalışdığını bildirir:
“Qardaşım ondan sonra məndən qaçmağa başladı. Bu məsələ ilə bağlı Banditizm idarəsinə müraciət etmişəm. Orada dedilər, mülkü işdir, üstündən 10 ildən çox vaxt keçib. Qardaşım konkret olaraq mülkümü alıb və vermir.
Bağırov Fazil həmçinin niyə belə olduğunun da səbəbini dəqiq bilmir:
“Əvvəllər hər şey normal idi. Məsələn, qardaşım hər yerdə deyərdi ki, bu mülk mənim yox, böyük qardaşımındır, mən burada müdir yox, əsgərəm, böyük qardaşım nə deyəcəksə, o da olacaq. 50 yaşım tamam olanda qardaşım yubileydə də hamının qarşısında çıxış eləmişdi ki, “Fazil mənə atadan artıq olub, bunları edib, onları edib. Bütün ətrafımız bilir ki, məsələ nədir, buranı kim alıb. Rəhmətlik anam da sağ olanda video çəkdirmişdi, qardaşım, mənim, bu mülk haqqında danışmışdı. Hər şey var əlimizdə. İndi isə hamının bildiyi, gördüyü bir şeyi əlimdən alırlar”.
Şikayətçi sözügedən mülkü satmaq istədiyi desə də, buna nail ola bilmədiyini vurğulayır və kömək istəyir:
“İndi oranı satmaq istəsəm də, mümkün olmur. Mən buradan da müraciət edirəm, xahiş edirəm, kim bu işdə mənə kömək edə bilərsə, əlaqə saxlasın. Mənim halal mülkümün əlimdən alınmasına imkan verilməsin. Əlaqəm nömrəm budur: “050 994 00 21”.
Bağırov Fazil mülkün 30 faizinin Nazim Bəydəmirliyə aid olmasını da qeyd edir:
” “Avtoqarant”ın 30 faizi hazırda həbsdə olan eks-deputat Nazim Bəydəmirli alıb. Birlikdə almamışdıq, biz şirkəti alandan bir il sonra aldı. Qardaşım isə indi nə Nazim Bəydəmirlinin 30 faiz haqqını verir, nə də 62 faiz mənim olan payı. Bütün sənədlər də qaydasındadır. O, ümumən problemli adamdır. İllər əvvəl də işlərimdə çətinliklər yaradıb. Bütün problemlərdə yanında mən olmuşam. Adicə bir söz deyim, 1997-ci ilin fevralında atamız rəhmətə getdi. Mən və ortancıl qardaşım Türkmənistandan gələ bilmədik, dedik, kiçik qardaşımız getsin, dəfndə iştirak etsin. Onun isə getməyə bir manat pulu da yox idi. Oradan yanıma gətizdirib, hər şeyi həll edərək yola saldım. Bir dəfə də Türkmənistanda həm qeydiyyat məsələləri, həm də elə bir polisin yoldaşına sataşdığına görə Azərbaycana qaçmışdı, bütün işlərimi batırmışdı. Böyük qardaş kimi hər dadına çatmışam, indi də başıma belə oyun gətirir. Mən belə olacağını haradan bilərdim? Qardaşıma güvənmişəm, o da belə olub”.