Beynəlxalq Bank Rusiyanın şübhələndiyi ən böyük filiallarını bağladı

7-03-2018, 10:32           
Beynəlxalq Bank Rusiyanın şübhələndiyi ən böyük filiallarını bağladı
Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

“Trend” in məlumatına görə, söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.

Bankdan verilən məlumata görə, həmin filialların bağlanması barədə qərar diqqəti “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə ayırmaq məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci il aprelin 27-dək bağlanması planlaşdırılır.

“Yeni Müsavat” xəbər verir ki, Beynəlxalq Bankın Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edib. 2015-cı ilin sonunda Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını çirkli pulların yuyulması haqqında qanunu pozmaqda ittiham etmişdi. Məlumatda bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub".

Beynəlxalq Bankın Sankt-Peterburq şəhərində yerləşən filialının da fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-qərb baş idarəsinin rəhbərliyinə müraciət etmişdi. Məktubda deyilirdi ki, hüquq-mühafizə orqanları “İnTransServis” ASC ətrafında araşdırma apararkən bankın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar üzə çıxarıblar.

Məktubda yazılırdı ki, araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin - çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.

Araşdırmaların nəticəsinə istinadən qeyd edilir ki, eyni adamların yaratdığı “bir günlük” şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin şübhəli pul köçürmələrini də “Azərbaycan Beynəlxalq Bankı-Moskva” həyata keçirib.

Məktubda xahiş olunurdu ki, “Azərbaycan Beynəlxalq Bankı-Moskva”ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasının qarşısını alan qanunlara əməl olunmasının zəruriliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Bankın Yekaterinburq filialı 2005-ci ilin sentyabrında açılıb. Həmçinin “ABB-Moskva”nın Yekaterinburqda “Taqanskiy” əlavə ofisi fəaliyyət göstərib. Bu filial “Western Union”, “Zolotaya korona”, “İBA-express” və “SWİFT” sistemləri ilə yaxın və uzaq xaricə pul köçürmələri xidmətinin həyata keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.