Rauf Nağıyev ölkənin təcili yardım sistemini bərbad hala salıb
4-09-2015, 12:43
7 saylı Təcili Tibbi Yardım Stansiyasının binası qəzalı vəziyyətdədir
Bildiyiniz kimi, bu ilin mart ayının sonlarında Rauf Nağıyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə təyin olunub. Buna qədər isə o, adıçəkilən stansiyada baş həkimin müavini, 2011-ci ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb. Məhz Rauf Nağıyevin nöqsanlı fəaliyyəti nəticəsində ölkənin səhiyyə sisteminin bir qədər gerilədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, sabiq səhiyyə naziri Əli İnsanovun yaxın adamı, onun yetişdirdiyi kadr kimi tanınır.
Rauf Nağıyevin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə təyinat aldıqdan sonra ətrafına özünə yaxın olan şəxsləri topladığını qeyd edən mənbə iddia edir ki, o, işində ciddi nöqsanlara yol vermiş və bu səbəbdən də səhiyyə nazirinin əmri ilə işdən azad olunmuş şəxsləri bir müddət sonra vəzifəyə təyin edib: "Deyilənlərə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardımın 19 saylı stansiyasının müdiri olan Arzu Qurbanova 2005-ci ildə 4 saylı köməkçi stansiyadan "saxta sənəd düzəltmə" ittihamı ilə işdən azad olunub. Təxminən bir ilə yaxın işsiz qaldıqdan sonra Arzu Qurbanova Rauf Nağıyevin köməkliyi ilə 19 saylı Təcili Tibbi Yardım Stansiyasına müdir vəzifəsinə təyin olunub. Hələ bu, harasıdır. Rauf Nağıyev əlində olan imkanlardan istifadə edərək bacısı İradə Musayevanın 1 saylı Respublika Uşaq Psixonevroloji Mərkəzinin baş həkimi vəzifəsinə gətirilməsinə nail olub. Qeyd edim ki, hazırda o, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında öz qanunlarını diqtə etməyə başlayıb. Rauf Nağıyevin daha çox hədə-qorxu, təhdid dili ilə danışmasını tabeliyində olanlar çox gözəl bilirlər. İradlarını bildirənlərə "hara istəyirsən, kimə istəyirsən şikayət edə bilərsən" deməsi isə baş həkimin ölkə qanunlarına məhəl qoymaması anlamına gəlir. Odur ki, onun Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkim vəzifəsinə gəldiyi gündən burada hansısa uğurdan danışmaq bulanıq suda balıq axtarmağa bərabərdir.
Çünki Rauf Nağıyev ölkənin təcili yardım sistemini bərbad hala salıb". Hazırda paytaxtın ayrı-ayrı səhiyyə ocaqlarında Rauf Nağıyevin himayə etdiyi imtiyazlı kadrlar ordusunun fəaliyyət göstərdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, bu cür kadrlar üçün heç bir qanun, göstəriş mövcud deyil: "Onlar yalnız Rauf Nağıyevin əmrlərinə tabedirlər. Deyilənlərə görə, vəzifə pillələrində sürətlə irəliləyən Rauf Nağıyevin ambisiyaları hələ də bitmək bilmir. Belə ki, daha yüksək postları hədəfləyən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi məclislərin birində Səhiyyə Nazirliyində mühüm vəzifəyə iddialı olduğunu bəyan edib. Bu arada, onu da nəzərinizə çatdırım ki, bir müddət öncə 103 xidməti məhz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası adı ilə mərkəzləşdirildi. Hər zaman olduğu kimi vətəndaşlar bu dəyişikliyin də xidmətin keyfiyyətinə müəyyən müsbət təsirinin olacağını gözləyirdilər. Lakin reallıqda bunun baş verdiyini söyləmək olmur. Eyni zamanda, stansiyanın baş həkimi vəzifəsinə Rauf Nağıyevin təyin olunması da mövcud problemlərin həllinə səbəb olmadı. Bir çox ekspertlər isə haqlı olaraq bu təyinatdan problemlərin həllini yox, əksinə onların bir qədər də dərinləşəcəyini gözləyirdilər. Budur, artıq deyilənlər öz təsdiqini tapmaq üzrədir. Belə ki, fəaliyyəti dayandırılmış və verdiyi diplomlar dövlət qurumları tərəfindən tanınmayan Azərbaycan Beynəlxalq Universitetinin bir neçə məzunu Rauf Nağıyevin təyinatından sonra hansısa yollarla Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işə düzəlməyə müvəffəq olublar. Halbuki həm Səhiyyə Nazirliyi, həm də Bakı Şəhər Baş Səhiyyə İdarəsi Elşad Abdullayevin rektoru olduğu universitetin diplomlarını tanımır. Buna baxmayaraq, Rauf Nağıyev müfaviq qurumların əmr və göstərişlərini heçə sayaraq Azərbaycan Beynəlxalq Universitetinin məzunu olan şəxslərin rəhbərlik etdiyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işlə təmin olunmalarına rəvac verib. Maraqlıdır, görəsən niyə?.."
Təcili tibbi yardım sisteminin sağlamlıqlarında müxtəlif problemlər meydana gələn insanların ilk ümid yeri olduğunu vurğulayan mənbə qeyd edir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 314 ünvanında yerləşən 7 saylı Təcili Tibbi Yardım Stansiyasının fəaliyyəti qənaətbəxş deyil: "Deyilənlərə görə, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağırılan məkana vaxtlı-vaxtında yetişə bilmirlər. Göstərilən xidmət isə çox keyfiyyətsizdir. Belə ki, bəzi hallarda təcili tibbi yardımın işçiləri iş-işdən keçəndən sonra, yəni xəstə canını təslim etdikdən sonra çağırılan yerə çatırlar. Çünki dövlət tərəfindən 7 saylı Təcili Tibbi Yardım Stansiyasına verilən yanacaq avtomobillərin yanacaq çəninə tam şəkildə vurulmur. Deyilənlərə görə, stansiyanın avtomobil bazasına rəhbərlik edən məsul şəxslər sürücülərlə qabaqcadan razılığa gələrək yanacağın bir hissəsini kənar şəxslərə satırlar. Buna görə də təcili tibbi yardım maşınları çağırışa gedərkən benzin qurtardığı üçün bir neçə dəfə yolda qalıb. Həmçinin o da bildirilir ki, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının avtomobillərinə verilən təzə təkərlər avtomobil ehtiyat hissələrinin satıldığı mərkəzlərə pul qarşılığında satılır. Əvəzində isə təcili yardım maşınlarına istifadəyə yararsız olan təkərlər vurulur. Belə olan təqdirdə təkərlər tez-tez partlayır və həkimlər xəstənin ünvanına çatmaqda çətinlik çəkirlər". Məlumatlı şəxs onu da bildirir ki, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının binası bərbad, daha dəqiq desək, qəzalı vəziyyətdədir: "Bu bina hər an uça bilər. Az qala binanın tavanı orada çalışanların və stansiyaya müraciət edənlərin başına düşsün. Binanın divarları çat-çatdır. Hələ bu, harasıdır. Stansiyanın kommunal xidmət sahəsindən də bəxti gətirməyib. Belə ki, tibb müəssisəsində adi su belə tapılmır. Buna görə də stansiyanın personalı qablarda su qoyub ondan istifadə etmək məcburiyyətində qalırlar. Suyun olmaması isə natəmizlik, antisanitariya yaradır. Bundan başqa, təcili yardım stansiyasının həkimləri xəstəyə səhv diaqnoz qoyurlar. Səhv diaqnoz isə bir çox hallarda xəstənin vəziyyətinin ağırlaşmasına, xəstəliyin daha da fəsadlaşmasına, xəstədə fiziki və psixoloji sarsıntılara səbəb olur. Bəzən səhv diaqnoz xəstənin tək sağlamlığını deyil, həyatını da təhlükə altına salır. Lakin nədənsə həm 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, həm də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimləri olub-bitənə seyrçi mövqe sərgiləyirlər…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./Gundelik Bakı/
(Ardı var)