İcra nümayəndəsinin təsərrüfat biznesi - Tağıyev qəsəbəsi
4-09-2015, 20:34
H.Z.Tağıyev qəsəbəsi sakinləri icra nümayəndəsi Nasir Rzayevin yarıtmaz fəaliyyətinə qarşı ciddi etirazları öz əksini tapmaqdadır.
TİA.AZ xəbər verir ki, icra nümayəndəsi davamlı olaraq sakinlərin hüquqlarının pozulması hallarına yol verir.
Vurğulanır ki, Nasir Rzayevin rəhbərlik etdiyi qurum qəsəbədə mövcud problemlərin həllinə yalnız rüşvət yığımı müstəvisində yanaşır. Nasir Rzayevin qəsəbədə və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs edilir.
Tağıyev qəsəbəsi bir tərəfdən dənizlə, digər tərəfdən sənaye müəssisələriylə əhatələnib. Dəniz sahilinə paralel, qəsəbədən hər iki istiqamətə isə geniş torpaq sahələri uzanıb gedir. İcra nümayəndəsi həmin o geniş ərazilərdən 100 hektardan artıq torpaq sahələrini uzun müddətə istifadəyə götürüb.
Faktiki olaraq zəbt etdiyi həmin torpaqların bir hissəsində Nasir Rzayev mövsümdən asılı olaraq, bostan və tərəvəz bitkiləri, göyərti əkdirir, bir hissəsində balıqçılıq təsərrüfatı yaradıb, qalanını da icarəyə verib. Bütün bu fəaliyyətindən gələn gəlirdən isə təbii ki, nə dövlət büdcəsinə vergi ödənilir, nə də qəsəbənin ehtiyaclarına bir qara qəpik olsun xərclənir.
Şəhidlər Xiyabanı isə baxımsızlıqdan viran qalıb. Mənbələr bildirirlər ki, müqəddəs ziyarətgah kimi inşa olunmuş kompleks hazırda gölməçələrin və alaq otlarının əhatəsində qalıb. Daha sonra daxil olan məlumatlarda iddia olunur ki, bu gün qəsəbə torpaqlarının kənar şəxslərə qanunsuz satışı və burada eynilə qanunsuz evlərin tikintisi geniş vüsət alıb.
Halbuki, yerli sakinlər ailə-məişət şəraitlərini yaxşılaşdırmaq üçün özlərinə məxsus torpaq sahəsində ev tikmək istədikdə, onlardan 5-8 min manat civarında rüşvət tələb olunur.