Saatlı rayonunda aqronom orta məktəb direktorudur - Dünyanın heç bir təhsil sistemində belə “yenilik” yoxdu
30-09-2015, 13:34
Saatlı rayonunun təhsil sistemindəki özbaşınalıq, ildən-ilə geriləmə, yüksək balla ali məktəblərə qəbul olanların sayının heçə enməsi, qeyr-pedaqoji ixtisas sahiblərinin müəllim təyin olunması, hətta orta məktəbə direktorluq etməsi barədə neçə illərdir ki, müxtəlif dövlət orqanlarına müraciətlər olunurdu. Ancaq bu barədə heç bir tədbir görülmürdü. Sanki Saatlıda yetişən gənc nəslin taleyi təhsil şöbəsinin sabiq müdiri Şamil Nurəliyevin dövlət büdcəsini talamasından vacib deyilmiş. Nəhayət, Saatlı təhsili də Şamil Nurəliyevin üfunətindən xilas oldu.
DİA.AZ xəbər verir ki, Saatlı təhsilində baş verən “yeniliklər” dünyanın heç bir təhsil sistemində baş verməyib. Hansı ölkədə aqronom orta məktəb direktorudur? Əlbəttə, heç bir ölkədə, əyalətdə, rayonda belə bir biabırçılıq ola bilməz. Amma Saatlı rayonunda var. Elə günü bu gün də.
Rayonun Mircəlalkənd orta məktəbinin direktoru Vüqar Qəmbərov ixtisasca aqronomdur. Kolxozlar dağılmayana qədər Vüqarın atası ferma müdiri, sonra isə kolxoz sədri olub. Bu hesaba atası oğlunukənd təsərüfatı sahəsində oxutdurub və ali təhsilli aqronom ixtisası alıb. V.Qəmbərov bir müddət atasının sədr olduğu kolxozda müxtəlif vəzifələrdə çalışıb. Kolxoz sistemi ləğv olunduqdan sonra Vüqar işsiz qalıb və müəllim olmaq eşqinə düşüb. Bu məqəsədlə də atası ilə birlikdə sabiq müdir Şamil müəllimin yanına gedib. Ona deyiblər ki, nə qədər istəyirsən pul verək, ancaq Vüqar direktor olsun. Bir müddət sonra Vüqar Qəmbərov Gəncə Müəllimlər İnstitutnda, sonra isə Qazax Müəllimlər İnstitutunda Yenidənhazırlanma və İxtisasartırma adı ilə kimya müəllimi diplomu ilə peyda olur. Halbuki, pedaqoji təhsili və pedaqoji stajı olmayanlar bu sahə üzrə Yenidənhazırlanma və İxtisasartırma kurslarına göndərilə bilməzlər. Ancaq nədəbnsə bu qanun Vüqar Qəmbərova şamil olunmayıb. Bundan sonra aqronom dönüb olub kimya müəllimi. Bu gün kimya fənninin nə olduğunu bilməyən, pedaqogikadan tamamilə bixəbər olan aqronom hazırda Saatlı rayonunun Mircəlalkənd orta məktəbinə direktorluq edir. Deyilənlərə görə Təhsil Nazirliyinin aqronomun orta məktəbə direktorluq etməsindən bixəbərdir.
Bu gün ölkədə təhsilin inkişafı üçün bütün imkanlardan istifadə olunur, dövlət hər cür şərait yaradır. İxtisasca aqronom olanın orta məktəbdə direktorluq etməsi hansı keyfiyyət göstəricisinin meyarı ola bilər? Güman edirik ki, Saatlı təhsilindəki üfunətin təmizlənməsi Mircəlalkənd orta məktəbinə də gedib çatacaq və bu məktəbdə aqronomun direktorluğu kimi biabırçılıq aradan qaldırılacaq.