Dövlət Dəmir Yolu Liseyində acınacaqlı vəziyyət hökm sürür Mikayıl Cabbarovun diqqətinə

30-09-2015, 15:32           
Dövlət Dəmir Yolu Liseyində acınacaqlı vəziyyət hökm sürür Mikayıl Cabbarovun diqqətinə
Aidiyyəti dövlət qurumları tezliklə liseyə şagird qəbulu ilə bağlı məsələləri dərindən araşdırmalıdır

Direktor Həsən Bayramov təhsil ocağında tədrisin keyfiyyətini yüksəldə bilmir

Dövlət Dəmir Yolu Liseyinin fəaliyyətindəki neqativ məqamlarla bağlı məsələlər mətbuatın gündəminə tez-tez gəlir. Yadınızdadırsa, qəzetimizin ötən saylarından bir neçəsində liseydə baş alıb gedən özbaşınalıq haqda ətraflı məlumat vermiş və dəqiq faktları üzə çıxarmışdıq. Nazir Mikayıl Cabbarov yazdığımız məsələlərə reaksiya verərək işinin öhdəsindən layiqincə gələ bilməyən kadrları cəzalandırdı. Onun əmri ilə təxminən bir il öncə liseyə Həsən Bayramov direktor təyin edildi.

Bizə çatan məlumatlar isə direktorun ötən müddət ərzində nazirin etimadını doğrulda bilmədiyini deməyə əsas verir. Mətləbə keçməmişdən öncə vurğulamaq istəyirik ki, Dövlət Dəmir Yolu Liseyi 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. Tədris ocağı 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən Dövlət Dəmir Yolu Liseyində şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi, metropoliten elektrik qatarlarının maşinist köməkçisi ixtisasları üzrə minlərlə ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib.

Təhsil müəssisəsi dəmir yolları və Bakı Metropoliteni üçün kadrlar hazırlayır. Redaksiyamıza daxil olan məlumatlara görə, Həsən Bayramov direktor təyin olunandan sonra liseydə mövcud olan köhnə problemləri həll etmək əvəzinə, daha ciddi qanun pozuntularına imza atıb. Mənbəmiz deyir ki, yeni tədris ili başlamamışdan əvvəl Dövlət Dəmir Yolu Liseyinə testdənkənar tələbə qəbulu aparılıb: "Dövlət tərəfindən hər il ali, orta ixtisas və peşə təhsili müəssisələri üçün müəyyən plan yeri ayrılır. Təəssüf ki, Dövlət Dəmir Yolu Liseyində dövlətin ayırdığı plan yeri ilə liseyə qəbul olan şagirdlərin sayı uyğun gəlmir. Sonuncu qəbul imtahanları başa çatandan dərhal sonra mümkün keçid balını yığa bilməyən şəxslər direktorun yardımı sayəsində bura qəbul ediliblər. Təhsil ocağında elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi ixtisasları üzrə təhsil aparılır. Testdənkənar qəbul edilən uşaqları məhz bu ixtisaslara yerləşdiriblər. Müvafiq araşdırmalar aparıb bu məqamlara aydınlıq gətirmək olar. Dəmir Yolu Liseyində təhsil alan şagirdlərin ümumi sayı 500 nəfərdən çoxdur. Hər il 100-dən çox şagird məzun olur. Buranı kim bitirirsə, Allaha dua edir, nəzir verir, qurban kəsir. Çünki liseydə tədris mühiti çox bərbad vəziyyətdədir. Hər şeyə görə şagirdlərdən nəysə tələb olunur. Dərs ili təzə başlayıb, amma lisey rəhbərliyi indidən öz "şərt"lərini irəli sürür.

Dövlət Dəmir Yolu Liseyində biliyə qətiyyən qiymət verilmir. Heç olmasa, əvvəllər şagirdlərin bir hissəsi oxuyub imtahandan keçirdi. Həsən müəllimin gəlişindən sonra heç bir şagirdə güzəşt olunmur. Hamı bir nəfər kimi lisey rəhbərliyinin istədiyini verməlidir". Məlumatlı mənbənin bildirdiyinə əsasən H.Bayramov direktor keçəndən bəri liseydə nizam-intizamın səviyyəsi daha da aşağı düşüb: "Müəllim-şagird münasibətləri normal müstəvidə qurulmayıb. Bəzi şagirdlər müəllimlərə cavab qaytarır, eyni zamanda bəzi müəllimlər də şagirdlərlə qeyri-normal rəftar edirlər. Bir sözlə, Dövlət Dəmir Yolu Liseyində acınacaqlı vəziyyət hökm sürür". Fikrimizcə, nazir Mikayıl Cabbarov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov liseydə baş verənləri diqqətdə saxlamalı və direktorun törətdiyi əməllərə tezliklə hüquqi qiymət verilməlidir.

Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.