Xətaidə yaşıllıqlar hasara alındı: “Ağac qətliamı” davam edir - FOTOLAR

30-09-2015, 19:17           
Xətaidə yaşıllıqlar hasara alındı: “Ağac qətliamı” davam edir - FOTOLAR
Xətai rayonunda ağaclar kütləvi şəkildə məhv edilir. Artıq xeyli sayda ağac kəsilib, onlarla ağacın olduğu ərazilər isə hasara alınıb. Belə “ağac qəliamı” Xətai rayonu ərazisində ilk dəfə deyil ki, müşahidə olunur. Artıq dəfələrlə rayonun müxtəlif ərazilərində ağaclar gecə ilə kəsilərək, yerində ticarət obyektləri tikilib.

Xatırlayırsınızsa, Bakıdakı ən səs-küylü “ağac qətliamı”nın qarşısı sakinlərin gecə saatlarında etiraza qalxması ilə alınmışdı. Xətai rayonundan deputat olan İqbal Ağazadə və sakinlər yaşadıqları ərazidə ağacların gecə saatlarında gizlicə kəsilməsinin qarşısını birlikdə keçirdikləri aksiya ilə almışdılar. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov əraziyə baş çəkərək, ağacların kəsilməsinin qanunsuz olduğunu demişdi və ərazinin yaşıllaşdırılacağına söz vermişdi.

İndi isə fərqli bir ünvanda - Xətai rayonunda yerləşən Heydər Əliyev parkının ətrafında olan yaşıllıq ərazi hədəf alınıb.

Artıq rayonun Vunq-Tau küçəsində, yol kənarında olan yaşıllıq ərazilər hissə-hissə hasara alınıb. Bu küçənin bir tərəfi ancaq ticarət obyektləri ilə əhatə olunub. Üzbəüz ərazidə isə yüzlərlə küknar ağacı var. Görünür, ağacları hədəf alanlar burada da ticarət obyektləri tikmək istəyirlər. Artıq yaşıllığın Heydər Əliyev parkına yaxın olan ərazisində tikinti işləri başlayıb. Burada xeyli sayda ağac kəsilib.

Qeyd etdiyimiz ünvanda olarkən öyrəndik ki, ağacların kəsildiyi yerdə kafe və ya restoran kimi fəaliyyət göstərəcək yeni obyekt tikilir.

Yaşıllıqların hasara alındığı ərazidə olarkən maraqlı bir məlumat lövhəsi gördük. Lövhə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən asılıb.

İdarədən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova göndərilən məktubda ərazidə ağacların kəsilməsinə icazə verildiyi qeyd edilir.

Məktubda bildirilir ki, prezidentin sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar qeyd edilən ünvanda yolun genişləndirilməsinə mane olan ağacların kəsilməsinə icazə verilir. İcazə məktubunda 24 ədəd iynəyarpaqlı, 5 ədəd qovaq və 5 ədəd yulğan kolunun kəsildiyi göstərilir. Şərt olaraq isə ərazidə yeni ağacların əkilməsi göstərilir.

Lakin ərazidə olarkən müşahidə etdik ki, kəsilən ağacların əksəriyyəti yolun genişləndirilməsinə heç bir əngəl törətmir. Həmin ərazilərdə kəsilən ağacların yerində parkın yaxınlığında tikilən yeni obyektə doğru maşın yol çəkilir. Bu məktubla isə ağacların kəsilməsinə “rəsmi icazə” verilib.

Onu da qeyd edək ki, Vunq-Tau küçəsinə yeni asfalt çəkilərkən yolun genişləndirilməsi üçün heç bir iş görülməyib. Yəni yol genişləndirilmədiyi üçün yol kənarlarındakı ağacların kəsilməsinə də ehtiyac yox idi.

Qeyd edilən ərazidə hasara alınan yaşıllıqların taleyi isə sual altındadır. Bu ağacların taleyi ilə BŞİH, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi maraqlanmalıdır.

Xatırladaq ki, BŞİH bir neçə gün əvvəl Xətai rayonu ərazisində növbəti “ağac qətliamı”na reaksiya vermişdi. BŞİH ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı polisə müraciət edtmişdi.

Rayonun 34-cü polis bölməsinə edilən müraciətdə qeyd edilib ki, Babək prospekti 15-də yerləşən yaşıllıq zolağında qanunsuz olaraq, 6 şam ağacı kəsilib və yerində qazıntı işləri aparılıb.

Ümid edirik ki, bu dəfə də müvafiq qurumlar yaşıllıqların məhv edilməsinə laqeyd münasibət göstərməyəcəklər.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.