Suraxanı rayonunda nələr baş vcerir -ŞOK İDDİA

2-10-2015, 19:37           
Suraxanı rayonunda nələr baş vcerir -ŞOK İDDİA
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla bağlı narazılıqlar səngimir; rayonda rüşvət və korrupsiya tüğyan edir; məmur özbaşınalığı isə insanları etiraza sürükləyir...

Rayondan Arqument.Az-a daxil olan məlumata görə, icra başçısının başı torpaq alverinə qarışıb. Belə ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır. Yerli icra strukturları və bələdiyyələr isə əhalini talamaqla məşğuldur.

Sakinlər Prezident Adminstrasiyasına şikayət edəcəklərini deyirlər. Onlar hesab edirlər ki, icra başçısı ilə PA-ya edilən şikayətlərdən sonra Abbasov mütləq problemlərlə maraqlanmaq məcburiyyətində qalacaq.

Rayonda qanunsuzluğun və özbaşınalığın həddinin olmaması iddia olunur. Buna əyani sübut olaraq, məlumatda bildirilir ki, rayonun Hövsan qəsəbəsində iki həftədir 28 lift oğurlanıb. Buna görə sakinlərdən pul yığılır. 103 və 104 saylı Mənzil Kommunal İstismar Sahələri də vətəndaşların şikayətinə məhəl qoymur. Heç indiyə qədər məlumatlı olsalar da, problemlə maraqlanmayıblar. Şikayətə gedən sakinlərə isə bildiriblər ki, liftlərin "əyləc dolağı" baş idarədə pulla satılır. 70 manat verilməsə, liftlər işləməyəcək.

Müraciətdə icra başçısının rayonda anarxiya yaratmasına dair xeyli iddialar var.

İcra hakimiyyətinin küçə ticarəti "biznesi"...

Suraxanı sakinləri iddia edirlər ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbəsində qeyri-qanuni küçə ticarətinin inkşafının bir başa günahkarı rayon icra hakimyyətidir.

Belə ki, icra başçısı İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə "yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Surxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcuddur.

İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq "haqq” alır. O da qeyd olunur ki, Suraxanı rayon polis idarəsinin keçmiş rəisi Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: "Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”.

İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur.

Lakin icra başçısının aylıq "gəlir”i bununla məhdudlaşmır: "İlqar Abbasovun qazanclı qəsəbələrindən biri də Qaraçuxur qəsəbəsidir. Bu qəsəbədə bələdiyyə sədri İxtiyar Nəcəfov torpağın 1 sotunu 10 və 12 min manat arasında satır. Son 2 ildə qəsəbənin mərkəzi parklarının ətrafında 50 dən çox sahibkar obyektləri tikilib. Bu obyektlərin tikliməsi üçün verilən torpağın 1 kvadratmetri isə 2000 manatdan aşağı olmayıb. Bundan başqa Hövsan qəsəbəsində "koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək hazırda 2500-3000 manata satılır. Amma Hövsanda icra başçısının əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30 yaxın villa tipli evlərin tikilərək satılmasıdır. Bu biznesə icra başçısının ən yaxın adamı nəzarət edir. Son 5 ildə Hövsan qəsəbəsində dənizə yaxın ərazidə 80-dən çox ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir”.

Bundan başqa, Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov, Əmircan bələdiyyəsinin sədri Rəfael Cəfərov, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev və Zığ bələdiyyəsinin sədri Kənan Nəsrullayevin də adı torpaq alverində və müxtəlif qanunsuzluqlarda hallanır. Sakinlər onlarla bağlı da maraqlı faktlar təqdim edib. Həmin faktlar üzrə reportajlarımızı yaxın günlərdə təqdim edəcəyik. Mövzunu diqqətdə saxlayacağıq.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.