Ağalar Vəliyev deyir ki, onu rayona YAP yollayıb... - Açıqlama
3-10-2015, 10:24
11 saylı Qaradağ seçki dairəsinin hazırki deputatı Ağalar Vəliyev yeni dairədən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyini verib. O, Modern.az saytına açıqlamasında başqa dairədən deputatlığa namizədliyini irəli sürməsini belə izah edib:
“Yeni Azərbaycan Partiyası bu dairəni məsləhət bilib, mən də bu dairədən namizədliyimi irəli sürmüşəm. Orada partiyanın namizədiyəm. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var. Hesab edirəm ki, partiyanın bütün üzvləri dəstək verəcək və inşallah nəticəni də seçkidən sonra görəcəyik”.
A.Vəliyev seçkilərə başqa dairədən getməsinin ona heç bir problem yaratmayacağını vurğulayıb.
“Mənim üçün həmin rayon tanış rayondur. Qonşu rayonda uzun illər yaşamışam, işləmişəm. Ona görə də orada kifayət qədər tanıdığım insanlar var. Yəqin ki, dəstək olacaqlar və nəticəni də seçkidən sonra görəcəyik”.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən daha 9 nəfər - Ədalət Əliyev, Süleyman Əliyev, Tahir Əliyev, Dəyanət Həsənəliyev, Sahib Kərimov, İlham Mahmudov, Namiq Məmmədov, Yaqub Məmmədov, Fuad Vəliyev də deputatlığa namizədliklərini irəli sürüblər.